BRÜSSELDƏ ÜÇÜNCÜ GÖRÜŞ ŞƏRH

BRÜSSELDƏ ÜÇÜNCÜ GÖRÜŞ ŞƏRH

22 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə rəsmi səfərdə olmuşdur. Səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirilib. Görüş artıq üçüncü dəfədir ki, Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə təşkil edilir. Cənab Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş keçirildi. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmışdır. Müqavilənin son abzasında qeyd olunan “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanmışdır.

6 aprel 2022-ci il tarixində Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında olan görüşün nəticələrinə əsasən aprel ayının sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün işçi qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirildiyini və bu xüsusda danışıqlara hazır olduğunu qeyd edilmişdir. İşğaldan azad edilən torpaqlar müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəd xəttinin müəyyən edilməsi məsələsini gündəliyə çıxardı. Delimitasiya prosesinin yekunlaşması və dövlət sərhədlərinin dəqiqləşdirilməsi hər iki tərəf üçün önəmli məsələlərdən biridir. Delimitasiya prosesi başa çatdıqdan sonra infrastrukturun, eləcə də nəqliyyat və tranzit yollarının açılması, müəyyən edilməsi prosesi də sürətlənəcək.Sərhədlərin delimitasiyası və demarkasiyası məqsədilə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı: Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası; Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarətdir.

22 may 2022-ci il tarixli görüş zamanı Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulamışdır. İşğaldan azad olunmuş torpaqlarımızda bu günə qədər mina təmizləmə işləri aparılır. Təkcə Ağdama 97 mindən çox mina basdırılıb. İkinci Qarabağ savaşından sonra Qarabağdakı minaların xəritələri ilə bağlı rəsmi İrəvanın mövqeyi bir neçə dəfə dəyişmişdir. Ermənistan tərəfindən verilən mina xəritələrinin cəmi çox az faizi dəqiqdir. Ərazilərin minalardan təmizlənməsi humanitar məsələ olduğundan beynəlxalq ictimaiyyətin də diqqətini çəkmək gərəkdir. Kapitulyasiya aktının şərtlərinə görə, Ermənistan dərhal mina xəritələrini təqdim etməli idi. Beynəlxalq konvensiyalar və beynəlxalq hüququn tələbləri bunu zəruri edir. Bu günə qədər 4 minə yaxın şəxsin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət olunsa da, qarşı tərəfdən müsbət cavab gəlməyib. 4 aprel 2022-ci il tarixində cənab Prezident İlham Əliyev Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bomberger ilə görüşündə də itkin düşmüş şəxslər məsələsinin daim dövlətimizin gündəliyində olduğunu, bunun Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla da müzakirə edildiyini nəzərə çatdırmışdır. Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən komissiyalar təsdiqlənərək artıq işlərə başlanıldı. 24 aprel tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Hər iki tərəf dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. İkinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Nigar İMAMƏLİYEVA,

YAP Yasamal rayon тəşkilatının AMEA Folklor İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə