Onlar sadəcə Ermənistanın bir dövlət kimi məhv olmasına yol aça bilər - MÜSAHİBƏ

"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Bildiyimiz kimi artıq üçüncü dəfə Brüsseldə görüş baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında bu görüş reallaşdı. Bu görüş bizim üçün hansı məqamlarla yadda qaldı?

- Əldə olunmuş müsbət razılaşmalar əvvəlki görüşlərdə də var idi. Amma çox təəssüflər olsun ki, Ermənistan tərəfindən bu razılaşmalarla bağlı hər hansı bir addım reallaşmayıb. Brüsseldə keçirilən üçüncü görüş Azərbaycanın mənafelərinə uyğundur. Görüşdə əhəmiyyətli razılaşmalar əldə olunub. Bütün bunlarla bağlı məsələni ilk dəfə Azərbaycan gündəmə gətirib. Ermənistan tərəfindən bu razılaşmalarla bağlı hər hansı bir addım atılmayıb. Qeyd etdiyim kimi əldə olunmuş razılaşmalar əhəmiyyətli və müsbət olsa da, bunların həyata keçirilməsi barəsində cəmiyyətdə şübhə var. Ona görə də, Avropa İttifaqı və Şarl Mişel şəxsən bu məsələdə maraqlı olmalıdır ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı hər hansı bir addım atılsın. Ermənistan müstəqil bir dövlət deyil və bunu hər kəs çox yaxşı bilir. Ermənistan müstəqil bir dövlət olmayacaqsa, həm bölgənin təhlükəsizliyi baxımından da məsələlərə diqqətlə yanaşmayacaqsa, əldə olunmuş razılaşmaların o qədər də böyük əhəmiyyəti olmayacaq.

- Avropa İttifaqı Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması üçün bir növ fəallıq nümayiş etdirir. Avropanın bu fəallığını Rusiyanı sıxışdırmaq, Rusiyanı meydanda çıxartmaq niyyətində olduğunu demək olarmı?

- Təbii ki, Avropa İttifaqı ilə Rusiya arasında müharibədən sonra yaranmış problemlərin aradan qaldırılmasında sanki bir rəqabət var. ATƏT-in Minsk Qrupu buraxılandan sonra həm Avropa İttifaqı, həm də Rusiya Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üçün vasitəçiliyi öz üzərinə götürməyə çalışırlar. Bir tərəfdən ABŞ da bu məsələdə vasitəçi olmağa çalışır. Bu rəqabət hələlik müyyən qədər dağıdıcı rol oynayır. Aydın məsələdir ki, Rusiya da, Avropa İttifaqı da çalışır ki, bu məsələdə bir-birilrinin vasitəçiliyinə kölgə salmağa çalışırlar.

- Bu yaxınlarda Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova açıqlama verib. Açıqlamasında bildirib ki, kommunikasiyaların açılmasının mühüm olduğunu bildirib. Amma o, bir dəfə də olsun qanunsuz erməni silahlı dəstələrinin dərhal çıxarılmasını, sərhədlərin açılmasını dilə gətirməyib. Mariya Zaxarovanın bu kimi çıxışları sizcə, nəyə yönəlikdir?

- Əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesində nə Rusiya, nə də Avropa İttifaqı səy göstərir. Bu gün Rusiyanın əldə olunmuş razılaşmalara axıra qədər əməl edəcəyini söyləmək çətindir. Çünki burada Rusiyanın özünün də maraqları var. Sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatdıqdan və Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Rusiyanın hərbi mövcudiyyətinə nə ehtiyac var? Buna görə də Rusiya bu prosesdə maraq göstərir ki, hərbi vəziyyət bir qədər davam etsin.

- Ermənistanın hərbi qüvvələri son günlərdə tez-tez Kəlbəcər istiqamətində atəşkəsi pozur. Bəs bu nədən xəbər verir? Onların bu kimi təxribatçı əməlləri nəyə yönəlikdir?

- Qarabağdakı qanunsuz silahlı dəstələrin və Ermənistandakı revanşist qüvvələrin dəstəyi eyni yerdən gəlir. Çünki hər iki qüvvə bölgəyə qısa müddətdə sülhün gəlməsinə imkan vermir və bunda maraqlı deyillər. Qarabağdakı qanunsuz silahlı dəstələrin təxribat törədənlərin də, Ermənistanda revanşist qüvvələrinin baş qaldırmasının da eyni səbəbi var.

- Yaxın zamanlarda Köçəryan-Sarkisyan cütlüyü açıqlama verib ki, biz heç bir zaman Qarabağın 100% göstəricisi həcmində Azərbaycanın tərkibində qalmasına icazə verməyəcəyik. Gərginliyin yeni fazaya keməsi gözlənilirmi?

- Yeni faza dedikdə burada revanşistqüvvələrin hakimiyyətə gəlməsini nəzərdə tutursunuzsa, bu çox ayrı bir yanaşmadır. Bugünkü reallıqlar baxımından revanşistlərin hakimiyyətə gəlməsi gözlənilən deyil. Çünki bu Rusiyaya və müəyyən beynəlxalq qüvvələrə lazım deyil. Amma onların müəyyəndə həddə güclü qalmasında, Ermənistanda müəyyən gərginliyin yaradılmasında maraqlı dairələr var. Onların hakimiyyətə gəlməsi belə Azərbaycan, Türkiyə və bölgə üçün o qədər də böyük təhlükə vəd etmir. Onlar sadəcə Ermənistanın bir dövlət kimi məhv olmasına yol aça bilər.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə