Azərbaycan Cənubi Qafqazda növbəti ciddi addımlar atır - DEPUTAT AÇIQLADI

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün növbəti ciddi addımlar atır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, bu baxımdan mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü xüsusi əhəmiyyət daşıyır: "Bu görüşdə də növbəti dəfə Azərbaycanın prinsipial mövqeyi əks olundu. 5 saat çəkən görüşdə bir çox məsələlər müzakirə edildi. Görüşdə Azərbaycan üçün uğurlu nəticələrin əldə olduğunu da əminliklə deyə bilərik. Əldə olunmuş əsas nəticələrdən biri isə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılmasıdır. Bu istiqamətdə işlərin aparılması olduqca önəmlidir. Görüş tam olaraq Azərbaycanın istədiyi formatda keçirilib. Heç təsadüfi deyil ki, görüşdə “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib və status məsələsi ümumiyyətlə müzakirə olunmayıb. Azərbaycan ərazisində yaşayan erməni əhalinin hüquqları məsələsi müzakirə olunub. Bunu da Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib, açıq mövqe bildirib".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan lider kimi qəbul olunur: "Brüssel görüşü də bu baxımdan səciyyəvi oldu. Şarl Mişelin açıqlamalarından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Görüşdə həmçinin qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulub. Bütövlükdə, Brüssel görüşü Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha təsdiqlədi. Artıq yaxın zamanlarda dövlətlərarası sərhəddə komissiyaların birinci birgə iclasının keçirilməsi məsələsi də görüşdə razılaşdırılıb. Zəngəzur dəhlizinin açılmasından da danışan S.Mikayılova qeyd edib ki, görüşdə bu məsələnin müzakirəsi də yer alıb. Tərəflər Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı razılığa gəliblər. Bu da artıq Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin tezliklə reallaşacağının sübutudur", - deyə S.Mikayılova fikrini tamamlayıb.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə