YAP Səbail rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev rayon partiya təşkilatının gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, YAP rayon təşkilatı fəaliyyəti dövründə xeyli işlər görüb, ötən dövrlərdə keçirilmiş seçkilərdə yüksək fəallıq nümayiş etdirib, partiyanın Mərkəzi Aparatının qarşıya qoyduğu tapşırıqların öhdəsindən gəlməyə çalışıb və bundan sonra da layiqli şəkildə fəaliyyətini davam etdirəcək.

M.Nağıyev bildirib ki, ötən gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Nikol Paşinyanla Belçikanın Brüssel şəhərində keçirilən görüş zamanı əldə olunan razılıq, o cümlədən tarixi Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflərin razılaşması Azərbaycanın istər döyüş meydanında, istərsə də siyasi arenada qələbəsini təcəssüm edir. İstər beynəlxalq arenada qazanılan uğurlar, istərsə də ölkə daxilində təhlükəsizlik, əmin-amanlıq şəraitinin formalaşması bir daha ölkə başçısının apardığı siyasətin düzgün və dəqiqliklə yerinə yetirildiyini sübut edir.
M.Nağıyev daha sonra partiya üzvləri və fəallarının bundan sonra da aktiv şəkildə aparılan fəaliyyətə dəstək olmaqlarını bildirib, müvafiq göstərişləri çatdırıb.
Görüşdə çıxış edən “İstiqlaliyyət 6” ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov, “İstiqlaliyyət 8“ ərazi partiya təşkilatının sədri Orxan Ağayev bildiriblər ki, Ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar, o cümlədən onun həm Şuşada, həm də Füzulidə bərpa-quruculuq prosesinin gedişatı ilə şəxsən tanış olması, müvafiq göstərişlər verməsi, əslində, Azərbaycanın iradəsinin ifadəsidir. Bu gün ölkəmizin inkişafında ən sas amillərdən biri də dövlət başçısının gənclərə güvənməsi, uğurlu gənclər siyasətinin formalaşdırılmasıdır.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...