Bu müharibə nə qədər tez bitsə... - POLİTOLOQ AÇIQLADI

"Rusiya-Ukrayna müharibəsi başlayanda belə bir proqnoz verildi ki, bu müharibə uzunmüddətli olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun szölərinə görə, ancaq döyüşlərin gedişatı, qüvvələrin nisbəti göstərir ki, bu prosesin əvvəli olduğu halda hələ sonu görünmür: "Belə olan halda demək olar ki, dünya birliyi bu vəziyyətə alüdə olur və bu hala dözümlü yanaşır. Düzdür, Rusiyaya qarşı təpkilər böyükdür. Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, siyasi səhnədə Rusiyanın bütün hərəkətləri tənqidlə qarşılanır. Amma bu, Rusiyanı heç də məyus etmir və istənilən tərəfə öz cavabını verir. Ancaq burada bir məsələ diqqəti cəlb edir. Ukraynaya xaricdən, xüsusilə də Qərbdən dəstək böyükdür. Bu dəstəklərin də çoxu sözdə ifadə olunan dəstəklərdir. Hərbi sursat verilir, humanitar yardım göstərilir".

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu məsələnin bu cür sonsuz görünməsi bir növ beynəlxalq qüvvələri daha ehtiyatlı tərpətməyə sövq edir: "Birmənalı olaraq deyə bilmərik ki, bu müharibə nə vaxt qutaracaq. Ümumiyyətlə bu müharibənin kökündə hərbi siyasi böhran dayanır. Bu böhran Rusiya ilə Ukrayna arasında duran böhran deyil, bu, Rusiya ilə Qərb arasında olan böhrandır. Ukraynanın siyasi qüvvələri özlərində qətiyyət və bacarıq tapa bilmədilər ki, müharibə mümkünsüz olsun. Buna görə də, faktiki olaraq Qərblə qarşıdurma gedir. Bu, həm soyuq müharibə, həm də qaynar müharibədir. Ən təəssüf doğuran, arzuolunmaz hal Ukrayna xalqının indiki şəraiti və vəziyyətidir. Bu müharibə nə qədər tez bitsə, insanlar üçün bir o qədər yüngül olar. Ancaq təəssüf ki, bu işarətlər hələ görünmür".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə