Xeyirxahlıq və həmrəylik ətrafında minlərlə insanı birləşdirən layihə ŞƏRH

Xeyirxahlıq və həmrəylik ətrafında minlərlə insanı birləşdirən layihə ŞƏRH

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu-2022" "Küləyə qalib gəl" şüarı ilə reallaşdı

Əhalinin sosial həyatının dəyişdirilməsi, onun rifahının təmin edilməsi, yoxsulluğun aradan qaldırılması ölkəmizdə dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərlə yanaşı, onların zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. Dövlətin maraqları nəzərə alınaraq görülən bu işlərdə əsas məqsəd insanların gələcəyini təmin etməkdir. Bütün bunlarla yanaşı, əhalinin sağlamlığının təmini də görülən işlərin davamı olaraq həyata keçirilir. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər ilə fəaliyyət göstərən, eləcə də, Heydər Əliyev ideyalarını yaşadan və Onun adını daşıyan Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti nəticəsində Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında reallaşan davamlı tədbirlər bəhrəsini verir. Heydər Əliyev Fondu xüsusilə humanitar missiyada fəaliyyət proqramının həyata keçirməklə bütün yaş həddində olan vətəndaşdların qayğı və problemlərin təminatçısına çevrilib.
Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva Azərbaycanda əhalisinin sağlamlığının qoruyucusuna çevrilib. Fondun əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, vətəndaşlarımızın ölkədə və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçirdiyi irimiqyaslı proqram layihələri nəticəsini göstərməkdədir.

İDMANIN İNKİŞAFINA DƏSTƏK VƏ SAĞLAM HƏYAT TƏRZİNİN TƏBLİĞİ

Heydər Əliyev Fondunun genişmiqyaslı layihələri sırasında Bakı marafonu da xüsus yer tutur. Vurğulayaq ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu-2022" də Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan, çalışan əcnəbilər, eləcə də bir sıra ölkələrdən nümayəndələr də iştirak ediblər. ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən olanlar iştirakçılar olublar.
"Bakı Marafonu-2022"də daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak ediblər. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün verilib. Üçüncü start isə ümumi iştirakçılar üçün olub.
Marafonun qalibləri iki kateqoriya üzrə seçilib. Kişilər arasında rusiyalı Rinas Axmadeyev birinci olub. Türkiyə təmsilçisi Ömər Alkan yarışı ikinci, çexiyalı Vladimir Marçik üçüncü pillədə başa vurublar.
Qadınların mübarizəsində Ukrayna atleti Valentina Veretskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dilek Öztürk və Valentina Poltavskaya (Ukrayna) ilk üçlükdə yer alıblar.
Marafonun qalibinə 3000, ikinci yeri tutan iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat məbləğində pul mükafatlar verilib. Mükafatçılar, həmçinin medal və sertifikatlarla təltif ediliblər. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə "Bakı Marafonu-2022"nin xüsusi medalları ilə təltif olunub.

BELƏ MARAFONLAR DÜNYANIN İNKİŞAF ETMİŞ ŞƏHƏRLƏRDƏ KEÇİRİLİB

Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Qeyd edək ki, layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.
Əlbəttə ki, bu cür layihələrin reallaşması idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etməkly yanaşı, insanları xeyirxah amallar üçün bir araya gətirmək məqsədi daşıyır. Minlərlə insan bir vaxtda eyni məqsəd uğrunda mübarizə aparır - "Küləyə qalib gəl". Heç şübhəsiz ki, belə məzmun və mahiyyət daşıyan tədbirlər insanların idmana marağını gücləndirir. Sağlam bədəndə sağlam ruh olar. İdman sağlamlığın bir növ qoruyucusudur.
Bakı marafonunun bu il fərqli marşrutda təşkil edilməsi şəhərimizin təqdimində də əhəmiyyətlidir. Belə ki, yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olub. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafonda iştirakçılar Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı marşrutu üzrə yürüş ediblər. Şəhərimizin ən gözəl, görməli və memarlıq baxımdan əhəmiyyətli yerləri diqqətdən kənarda qalmır. Bu da turizmin inkişafında rol oynayır.
Bu marafonun digər diqqəti cəlb edən tərəflərindən biri də birlik, xeyirxahlıq, həmrəylik məqsədləri ətrafında insanları birləşdirmək, gəncləri fiziki cəhətdən daha güclü olmağa həvəsləndirməkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə