"Paşinyan sülh sazişi ilə razılaşsa da..." - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan ordusu son günlərdə yenə də ordumuzu müxtəlif atıcı silahlardan atəşə tutub. Qarşı tərəfə qarşı cavab tədbirləri görülüb və susdurulub. Bunlar daxildə çəkişmələr, müxalifətin orduda müəyyən rola sahib olması və Paşinyanın siyasətindən tam razı olmadıqlarının göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Ermənistanda revanşist və ultra millətçi qüvvələr Paşinyana təzyiq göstərirlər ki, sülh sazişi bağlanmasın: “Amma bildiyimiz kimi, aprelin 6-da Brüsseldə üçtərəfli görüş zamanı Paşinyan sülh sazişi ilə razılaşdı. Bizim təqdim etdiyimiz maddələr elə maddələr idi ki, bunu qəbul etməmək mümkün deyildi. Lakin bu görüşlərdən sonra Ermənistanda müxalifət mitinqlərə başladı. Aprelin 16-da Paşinyan Moskvada Putinlə görüşdükdən sonra bəyanat verildi.

Avropa İttifaqı və ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəyirlər. Deməli biz elə təkliflər irəli sürmüşük ki, buna həm Rusiya, həm də Avropa razıdır.

Paşinyan çıxışı zamanı Azərbaycanı humanist olmağa dəvət edərək, əsirlərinin qaytarılmaması ilə bağlı ittiham irəli sürərək gülünc bir çıxışa imza atıb. Çünki biz əsirlərin əksəriyyətini qaytarmışıq. Ancaq müharibə bitdikdən sonra silahlı dəstələr həbs olunub. Buna görə də hazırda onlar barəsində cinayət tədbirləri başladılıb. Lakin Ermənistan özlərinin mina xəritələrini verməməsi, hətta hazırda da silahlı hücumlar etmələri ilə bağlı heç bir fikir bildirməyib. Buna görə də sülh sazişinin imzalanması ilə bağlı tədbirləri görməyə davam etməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...