Məşhur tarzən Sadıqcanın evində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək
Şuşa – tarixi, qədim şəhərimiz. Hər daşından süzülüb gələn tarix onun zəngin və qüdrətli bir şəhər olduğuna ehtiva edir. Şəhərin tarixi dövrünə nəzər saldıqda burada salınan memarlıq abidələrinin, böyük simaların şəhərin tarixində izi olduğunu görürük. Əlbəttə ki, Şərqin Konservatoriyası olan Şuşa böyük musiqiçilər nəsli də yetişdirmişdir. Azərbaycanın mədəniyyət paytaxtının zamanın dönəmində yetişdirdiyi musiqiçilər böyük məktəb yaratmış və onun bulağından içilən su neçə-neçə insanın səsinə xoş avaz, rəng və çalar barmaqlarına şirinlik vermişdir. Burada səslənən musiqilərin sədası - səs, avaz və zəngulələr qədim şəhərin divarlarına hopmuş, daş yaddaşlarda əbədiləşmişdir. Bildiyimiz kimi, XIX əsrin əvvəllərində Şuşa mədəniyyət mərkəzlərindən biri kimi tanınırdı. Şəhərdə Qafqazdan gələn şairlər, dramaturqlar, məşhur musiqiçilər və rəssamlar yaradıcılıq məclislərində iştirak edirdilər, teatr nümayişləri və musiqi görüşləri keçirilirdi. Mir Möhsün Nəvvabın "Məclisi-fəramuşan" və "Məclisi-xanəndə", Xurşidbanu Natəvanın təşkil etdiyi məclislərdə müğənnilər və musiqiçilər öz sənətlərini nümayiş etdirir, musiqi nəzəriyyə problemləri ilə əlaqədar müzakirələr aparır, şairlərin əsərləri səslənir və müsabiqələr təşkil olunurdu. Belə bir məktəb olan Şuşa zaman-zaman inkişaf dövrünü yaşamışdır. Azərbaycanın tanınmış tarzənlərindən sayılan məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıq Mirzə Əsəd oğlu da bu şəhərdə Şuşa şəhərində anadan olub, boya-başa çatmışdır. Zəngin Şuşa mühiti onu böyük və təkrarsız sənətkar kimi yetişdirmişdir. Şuşa kimi bir mühitdə böyüyən Sadığın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə sonsuz həvəs göstərib. Atası oğlundakı gözəl səsi duyaraq, onu Xarrat Qulunun məktəbinə aparıb. Onun tərcümeyi-halından oxuyuruq ki, Şuşanın bu məşhur xanəndəsi yeniyetmənin səsini yoxlayaraq, məlahətli avazından xoşu gəlib və məktəbinə qəbul edib. Xalq mahnılarını özünəməxsus şəkildə oxuyan Sadığın 18 yaşında səsi qəflətən batır. Amma musiqiyə, sənətə bağlılığı onu ruhdan salmır. Bu, bəlkə də taleyin bir hökmü imiş. O, bir müddət tütək, ney, sonra da kamança çalır. Bu alətləri gözəl dinləndirsə də, özünü ancaq tarda tapır. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq qısa müddət ərzində istedad və qabiliyyətinin sayəsində və şirmayi barmaqları ilə bu sənətin sirlərinə yiyələnərək hətta müəllimindən da yaxşı tar çalır.
ŞƏRQ ALƏMİNDƏ YENİLİK
Etiraf edək ki, Sadıqcanın tarzən kimi tanınmasında, Şuşada keçirilən musiqi məclisləri böyük rol oynamışdır. Sadıqcan şənliklərdə və musiqi məclislərində iştirak etməkdən başqa, Şuşa və Tiflisdə tamaşaların fasilələri zamanı konsert vermişdi. Sadıqcan həm kamançada, həm də tarda o dövrün məşhur xanəndələrini müşayiət edərmiş. Onun sorağı Qarabağdan kənara çıxmışdı. Cənubi Qafqazda, Şərq dünyasında Sadıqcanı yaxşı tanıyırdılar. Bu o demək idi ki, Şuşa məşhur bir şəhər idi. Bu şəhərin yetirmələri olan məşhur musiqiçilər nəsli onun hüdudlarından kənarda sevilirdilər. Öz dövründə "Qafqazın birinci tarzəni" kimi tanınan Sadıqcan tarın simlərində dəyişiklik etmiş, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Mirzə Sadığın tardakı bu dəyişikliyi Şərq aləmində yenilik idi.
AZƏRBAYCAN MUSİQİ TARİXİNDƏ YENİ BİR SƏHİFƏ AÇMIŞ TARZƏN
Sadıqcanın rekonstruksiya etdiyi tarında isə artırılmış simlərin vasitəsilə muğam sənəti daha da rövnəqlənmiş, harmonik həmahənglik nizamlandırılmışdır. Beləliklə, Sadıqcan tarın simlərinin sayını artırması ilə tarın solo aləti kimi geniş istifadə edilməsini, xüsusilə muğamın solo instrumental imkanını əldə etmişdir. Sadıqcan bir neçə muğamın yaradıcısı kimi də tanınır. Azərbaycan muğamında "Mahur–Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Etim Segah", "Çoban Bayatı" yaranması Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyli yazırdı: "Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqi tarixində yeni bir səhifə açmışdır".
Məhz Sadıqcandan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onun ifadə vasitələri, təsir qüvvəsi, ifa üsulu yeni bir pilləyə qalxdı. Sadıqcanın Azərbaycan musiqisi tarixində açdığı yeni səhifə, əslində bir məktəb idi.
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRLƏ KÖKLƏNMİŞ İFAÇI
Qarabağ münaqişəsi başlanmasından əvvəl, Şuşada Sadıqcanın evinin divarında Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən qoyulmuş xatirə lövhəsi var idi. Bakının Xətai rayonunda küçə onun adını daşıyır. İlyas Əfəndiyevin "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povesti tarzənə həsr olunub. 1997-ci ildə tar üzrə Azərbaycan Respublika müsabiqələri onun adını daşıyıb. Dövlətimiz tərəfindən hər zaman yaradıcılığına böyük diqqət ayrılmışdır. 2006-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Sadıqcanın 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. 2007-ci ildə Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxivlər İdarəsi kollektivinin təşəbbüsü ilə Sadıqcan haqqında kitab nəşr olunub. 2008-ci ildə Bakının Beynəlxalq Muğam Mərkəzində Sadıqcanın 170 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
Şuşa həqiqətən də, böyük sənət və sənətkarlar mərkəzidir. Böyük sənətkarları ev muzeyləri yaşadıqları evlə bu gün xalqımızı ziyarətgah yerlərinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada olarkən Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar. Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.
Vurğulayaq ki, musiqiçinin doğulduğu ev vaxtilə bir mərtəbəli və iki otaqdan ibarət idi. Daha sonra, Mirzə Sadıq şöhrət qazanarkən, Şuşanın ən yaxşı küçələrindən birində üç mərtəbəli bir ev tikdirir və özü də bir neçə gün tikinti işində iştirak edir.
Azərbaycan mədəniyyətində, musiqi yaradıcılığında xüsusi yer tutan Sadıqcan milli-mənəvi dəyərlərlə köklənmiş, özünəməxsus xüsusiyyətləri, ənənələri, ifa gözəlliyi ilə fərqlənən Azərbaycan ifaçılıq sənətinin inkişafında öz sözünü deyən sənətkar olub. Tar ifaçılıq sənətinə yenilik gətirən sənətkarın yaratdığı məktəbdən yüzlərlə musiqiçilər nəsli bəhrələnmiş və onun sənət yolunun davamçıları böyük ustalıqla milli musiqimizə yeni rənglər və çalarlar gətirmişlər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB