"Dünən sabiqlər” bizi amansızcasına döyürdülər, bu gün isə onlar döyülür" ANALİTİK
Tevos Arşakyan: “Koçaryan, Saqrsyan və Vanetsyan çoxdan hüquq aliliyinə və demokratiyaya tüpürüblər”
“Dünən bizi, öz xalqını az qala zirehli texnikalarla əzənlər indi “hakimiyyətin və polisin özbaşınalığı” haqqında dəm vururlar”. Bu barədə Ermənistanın armenianreport saytının redaktoru, siyasi analitik Tevos Arşakyan eyniadlı media qurumunun səhifəsindəki analitik yazısında yazır. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, ölkə qaynayan qazan mənzərəsini canlandırır. Analitik hesab edir ki, barışmaz müxalifət küçə marşlarına və aksiyalarına özlərinin azsaylı tərəfdarlarını çıxarır ki, onlar da özlərini qeyri-adekvat və aqressiv aparırlar. SİTAT: “Özü də yalnız polislərə qarşı deyil, onların siyasi oriyentasiyası ilə razı olmayan adi yoldan keçənlərə qarşı da. Hakimiyyət isə demokratiya oyunu oynamağa çalışır və ən ağır ölçülərə getmir, yalnız İrəvanın canlanmış küçələrini və prospektlərini aksiya iştirakçılarının blokadalarından təmizləyir”.
Arşakyana xatırladıb ki, bir müddət əvvəl ABŞ-ın dövlət departamentinin rəsmi nümayəndəsi Ned Praysın keçirdiyi brifinqi zamanı Ermənistan hökumətini mitinq iştirakçılarına qarşı səbr və dözüm nümayiş etdirməyə çağırıb, eləcə də aksiyaçılara müraciət edərək onlara öz tələblərini sülh yolu ilə irəli sürməyə və güc tətbiqi etməməyə dəvət edib. “Lakin sonuncular, xüsusilə bu aksiyaların arxasında dayananlar – Koçaryan, Saqrsyan və Vanetsyan çoxdan hüquq aliliyinə və demokratiyaya tüpürüblər”, deyə erməni analitki yazır.
“Keçmişlər” tərəfindən yedizdirilən KİV-lərin və teleqram kanallarının yazıları isə sadəcə ət tökür”
O əlavə edib ki, bununla yanaşı, belə prinsiplər onlar üçün heç vaxt mövcud olmayıb, nə hakimiyyətdə olarkən, nə də indi – tərəfdarlarını polislə qarşıdurmaya təhrik edərkən . SİTAT: “Keçmişlər” tərəfindən yedizdirilən KİV-lərin və teleqram kanallarının yazıları isə sadəcə ət tökür. Aksiyaların təşkilatçıları bilərəkdən polislə qarşıdurmalar yaradırlar ki, sonra da bütün dünyaya güc strukturlarının vəhşiliyi, hətta nümayiş iştirakçılarının üzlərinə tüpürdükləri barədə car çəksinlər – necə ki, qara beretli xüsusi polis təyinatlısının müqaviləli hərbçisi aksiyaçılardan birinin üzünə tüpürmüşdü. “Qaraul! Polislər nümayişçilərə qarşı aşırı güc tətbiq edirlər! Polislər saxlanılanların qollarını bururlar” – koçaryançı və sarqsyançı KİV-lər bağırırlar”.
Tevos Arşakyan polisin bir sıra hallarda həqiqətən də aksiya iştirakçılarına qarşı aşırı güc tətbiq etməsi ilə mübahisə aparmadığını deyir, lakin onu da qeyd edir ki, həmin güc məhz qayda-qanunları pozan ən aktiv iştirakçılara qarşı işlədilir və Nikol Paşinyanın güc strukturlarına vətəndaşlara qarşı aşırı güc işlətmək əmrini verməsi də inandırıcı görünmür.
“Bəs 2008-ci ilin martındakı hadisələri unutmamısınız ki, Robert Sedrakoviç və Serj Azatoviç?”
Beləliklə, bu gün hakimiyyətə qarşı radikal aksiyalara start verənlərin və polisin aşırı güc tətbiq etməsi ilə şikayətlənənlərin əslində keçmiş zamanlardakı əməllərini xatırladan erməni analitiki məhz “sabiqlərin” iqtidarda olduqları zaman xalqa qarşı zirehli texnika sürüldüyünü yazır. SİTAT: “2004-cü ildə polis və ordu İrəvanda aksiya keçirən müxalifətçiləri sərt şəkildə dağıtmışdı. İnsanlar həmin vaxt artan işsizlik və sosial vəziyyətin pisləşməsi ilə əlaqədar Robert Koçaryana etimadla bağlı referendum keçirməyi tələb edirdilər. İnsanları rezin dəyənəklərlə döyür, sümüklərini və çənələrini sındırır, dişlərini tökürdülər.
Bəs 2008-ci ilin martındakı hadisələri unutmamısınız ki, Robert Sedrakoviç və Serj Azatoviç? Axı onda məhz sizin əmrinizlə etiraz aksiyaları vəhşiliklə dağıdıldı, nəticədə 220 nəfər yaralandı və 10 nəfər də öldü.
Bəs elektromaydan? 2015-ci ilin 23 iyununda Sarqsyan İrəvanın mərkəzi meydanını təmilzəmək əmrini verdi. Onda 237 nəfər insan saxlanıldı və 8 nəfər mülki vətəndaş yaralandı”.
Armenianreport-un analitiki davam edir: “Elektrik enerjisinin qiymətinin artımına qarşı etiraz edənlərin qovulmalarını xatırladımmı?
Bir il keçdi və “Sasna Srer” polis alayını tutdu. 30 iyul 2016-cı ildə xalq qiyamçılara dəstək üçün kütləvi mitinqlər keçirirdi. Sari Taq kvartalında polis xüsusi təyinatlıları müxalifətyönlü vətəndaşları möhkəm döydülər. Polis evlərə daxil olub heç bir günahları olmayan vətəndaşlara qarşı güc tətbiq edirdi, hətta mitinqlərdə iştirak etməyən və təsadüfən hadisələrin mərkəzində olan bir gəncin gözünü çıxardılar.
Əgər indi hakimiyyətdə Koçaryan yaxud Sarqsyan olsaydı əminəm ki, onlar aksiyaların ilk günündəcə vəyəndaş müqavimətinə qarşı zorakılıq göstərmək və nümayiş iştirakçılarına gözyaşardıcı qazdan, eləcə də xüsusi öyrədilmiş itlərdən istifadə etməyi əmr edəcəkdilər”.
“Düz deyirlər ki, su quyusuna tüpürmə, oradan sən də su içəcəksən, indi isə buyurun, həmin suyu sonuna qədər için”
Erməni siyasi yazarı sonda bildirir ki, Koçaryan və Sarqsyan qəddarlığı və onların hakimiyyətdən yapışmaq üçün öz həmvətənlərinin meyitləri üzərindən keçməyə hazır olmaları Ermənistanda kimsə üçün sirr deyil. SİTAT: “Və bu müqavimət aksiyalarının dağıdılması zamanı heç kimin ölməməsi sizin deyil, məhz Paşinyanın xidmətidir. O nə qədər “kapitulyant” olsa da belə, erməni xalqının qanını boş yerə axıtmağa dəqiq hazır deyil. Ona görə də bizi marazmatik hesab etməsinlər və öz haray-şivənləri ilə başımızı dəng etməsinlər ki, polis aksiya təşkilatçılarını qəddarlıqla dağıdır, axı siz daha betər davranırdınız. Düz deyirlər ki, su quyusuna tüpürmə, oradan sən də su içəcəksən, indi isə buyurun, həmin suyu sonuna qədər için”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB