Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək ŞƏRH

Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək ŞƏRH

Müstəqil Azərbaycanın istər regionda, istərsə də beynəlxalq miqyasda mövcud olan əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr ölkəmizin nüfuzunun artmasına səbəb olub. Son 19 ildə müstəqil Azərbaycanda güclü dövlət idarəçiliyinin mövcudluğu dövlətimizin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir dünyanın çağırışlarına cavab olaraq yeni dövrünü yaşayır. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb. Ölkədə həyata keçirilmiş iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət, dövlət və ordu quruculuğu və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan Azərbaycan bu gün 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə də abadlıq-quruculuq işlərinə başlayıb, infrastruktur layihələr uğurla icra olunur. Günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasının reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbulunda çıxışı zamanı qarşıda duran digər vəzifələr sırasında ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlı olduğunu bildirib: "Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq."

Cənab Prezident Zəngilan rayonunun da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qaldığını diqqətə çatdırıb. "Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər", - deyən dövlət başçısı Zəngilan şəhərində cəmi 1-2 salamat binanın qaldığını və o binalardan da Ermənistan işğalçıları - hərbçilərin istifadə etdiklərini vurğulayıb. Əlbəttə ki, ermənilər 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizi xarabazarlığa çeviriblər. Bu erməni vandallığının bariz nümunəsidir. Bu mənzərəni dünya gördü və erməni kimliyini bütün dünya ictimaiyyətinə çatdırmış olduq. Ermənilərin faşist ideologiyası açıq-aydın bir daha 44 günlük müharibədə də özünü göstərmiş oldu. Artıq işğaldan azad olunan ərazilərimizdə irimiqyaslı layihələr icra olunur. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində əzəli torpaqlarımız- Qarabağ yenidən qurulur. Böyük Qayıdış Azərbaycanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində daha qüdrətli, güclü dövlətə çevirəcək. "Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar", - deyən Cənab İlham Əliyev birinci pilot layihənin Zəngilanın Ağalı kəndində həyata keçirildiyini qeyd edib: "Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf".

Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurmuşdur. Bütün bunlara baxmayaraq, bu gün ermənilərin dağıtdığı, viran qoyduğu ərazilərimiz yenidən qurulur, abadlaşır. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılır.

Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu da xüsusi əhəmiyyət kəsb edir. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işləri davam etdirilir. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Cənab Prezident çıxışında bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəyini diqqətə çəkib: "Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır". Dövlət başçısı onu da bildirib ki, Zəngəzur dəhlizi artıq reallıqdır və Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq.

Zəngilanda görülən və yaxın gələcəkdə reallaşacaq layihələr kifayət qədərdir. Hazırda Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dövlət başçısı abadlıq-quruculuq işləri ilə bağlı bir çox mesajları vermiş oldu. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və bu da gələn il tam istismara veriləcəkdir. Əlbəttə ki, əhalinin də məşğulluğu əsas məsələlərdəndir. Bunun üçün Ağalı kəndində yeni müəssisələrin yaradılması da nəzərdə tutulur. Cənab Prezidentin göstərişinə əsasən, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman onlar işlə təmin olunmalıdırlar. Görülən işlər planlı şəkildə reallaşır. "Zəngilan şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva edəcək", - deyən Cənab Prezident bildirib ki, həm xarici görünüşü çox gözəl olmalıdır, rahatlıq olmalıdır, həm də bütün ekoloji standartlar burada təmin edilməlidir və tətbiq olunmalıdır: "Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir".

Əvəz Qocayev

AAYDA İdarə Heyətinin sədr müavini

Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi ilk partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə