İKİNCİ DÜNYA MÜHARİBƏSİ İŞTİRAKÇILARI DAİM DİQQƏT VƏ QAYĞI İLƏ ƏHATƏ OLUNUBLAR TƏHLİL
Prezident İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncama əsasən, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb.
AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ: FAKTLAR, RƏQƏMLƏR VƏ REALLIQLAR
Qeyd edək ki, müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi iştirakçılarına biganə münasibət yaransa da, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışından – 1993-cü ildən sonra bu biganəlik aradan qaldırılıb. 9 May - Qələbə günü yenidən dövlət bayramı kimi qeyd olunmağa başlayıb, İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasəti formalaşıb. 77 ildir ki, döyüş meydanlarında həlak olan həmvətənlərimizin xatirələrini əziz tutaraq, bu gün yaşı 90-ı ötmüş, 100-ü haqlamış veteranlarımıza cansağlığı arzulayaraq Qələbəni bayram edirik.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: “İKİNCİ DÜNYA MÜHARİBƏ VETERANLARI XALQIMIZIN QIZIL FONDUDUR”
1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May Qələbə Gününə və İkinci Dünya müharibəsi veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi ögey münasibəti də birdəfəlik aradan qaldırdı. Ulu Öndər Heydər Əliyev deyirdi: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən 1991-ci, 1992-ci, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də oradan-buradan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”. Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra, 1994-cü ildən başlayaraq 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, problemlərinin yoluna qoyulmasına nail olundu. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.
PREZİDENT İLHAM ƏLİYEV: “BİZ VETERANLARIMIZLA YALNIZ FƏXR EDƏ BİLƏRİK”
Ulu Öndərin bu sahədəki siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin xalqımızın tarixindəki rolunu daim yüksək qiymətləndirir. May ayında Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalına müsahibə verən Prezident İlham Əliyev bu barədə deyib: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.
Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Çünki böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzularını və məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən bir amal idi. Bu qələbə irqindən, dinindən, rəngindən, asılı olmayaraq neçə-neçə millət övladının babalarının bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi. Bu qələbə Azərbaycanlıların şücaəti əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmış və Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirdilər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur.
Və bu gün də Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Həmçinin, dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.
Bir sözlə, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olmaqla, İkinci Dünya müharibəsində həlak olan 300 mindən çox soydaşımızın alman faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik. Bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB