Azərbaycan bütün bölgə üçün yeni və real hədəfləri müəyyən edir ŞƏRH+ANALİTİK
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müxtəlif istiqamətləri əhatə etsə də, əsasən vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi nəzərləri cəlb etdi
Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq forum son illərin mühüm xarakter daşıyan siyasi əhəmiyyətli hadisəsidir. Forum hələ uzun müddət dünyanın aparıcı beyin mərkəzlərinin, analitik resursların araşdırma faktoru olacaq.
Dövlət başçımız dünyanın aparıcı beyin mərkəzlərinin rəhbər və təmsilçilərinin suallarına cavabları dərin və hərtərəflidir. Belə ki, cənab İlham Əliyevin səsləndirdiyi fikirlər müxtəlif istiqamətləri əhatə etsə də, əsasən vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi nəzərləri cəlb etdi. Eyni zamanda, bu fikirlər ən müxtəlif siyasi nəzəriyyələrin, mövcud geosiyasi reallıqların ciddi və hərtərfli təhlili nəticəsində ortaya çıxan baxış bucağını əks etdirirdi. Qısa sözlə desək, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin, analitiklərinin suallarını regional və qlobal prosesləri çoxsaylı “institutların” süzgəcindən keçirən vahid beyin mərkəzi cavablandırırdı və o beyin mərkəzi məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev idi.
Burada önəmli olan məqam, ayrı-ayrılıqda həm Azərbaycan, həm Ermənistan, həm Cənubi Qafqaz, həm də, bütövlükdə dünyadakı reallıqlara ayrı-ayrılıqda və vahid bir prosesin tərkib hissəsi kimi yanaşılması, müharibə gündəliyinin həmişəlik olaraq sülh gündəliyi ilə əvəzlənməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlərin ardıcılıqla sıralanmasıdır. Bu xüsusda ölkəmiz öz qarşısına həlli mümkün olmayan hədəflər qoymur, fantastik ideyalarla çıxış etmir, real və mümkün olanı təşviq edir. Dövlətimizin başçısı bildirdi ki, indi ən müxtəlif ideyalarla çıxış etmək olar, amma bu ideyaların həyata keçirilməsi üçün ilk növbədə siyasi çərçivə və bu çərçivə daxilində əməkdaşlığın perspektivlərini irəliyə doğru apara bilən potensial imkanlar olmalıdır. Rəsmi İrəvanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təklifləri qəbul etdiyini açıqlamasına baxmayaraq, hələ də bir çox sualların cavabı tapılmayıb. Bu sualların cavabı da Ermənistan tərəfindən verilməlidir. Əks təqdirdə dayanıqlı sülhə nail olmaq mümkün deyil və siyasi çərçivə, iradə və sülhə, təhlükəsizliyə təminat olmadan yaradılan istənilən təsisatın fəaliyyəti forma xarakter daşıyacaq.
Ermənistan cəmiyyətinin uzun illər boyu Azərbaycan torpaqlarının işğalı və onun legitimləşdirilməsi üzərində qurulan ideoloji təməlləri sıradan çıxıb və tarixi yalanların, miflərin, fantastik ideyaların yerində kütləvi depressiyanı, xaotik çırpıntıları stimullaşdıran nəhəng bir boşluq yaranıb. Yeni və real hədəflər yoxdur. Yeni və real hədəflərin meydana gəlməsi üçün isə əsasız iddialardan əl çəkib gələcəyə hədəflənmək lazımdır.
Azərbaycan bütün bölgə üçün yeni və real hədəflərin nədən ibarət ola biləcəyini öz təcrübəsi ilə uzun illərdir ki, nişan verməkdədir. Bütün problemlərin həlli yolu güclü iqtisadi, siyasi təmələ, xalqın iradəsinə söykənən real müstəqillikdən keçir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionun inkişafı, xalqların sülh və təhlükəsizlik şəraitində yaşaması, qarşılıqlı faydalı əməkdaşlığın dövlətlərarası münasibətlərin ali məqsədinə çevrilməsi üçün təqdim etdiyi “Yol xəritəsi”nin alternativi isə yoxdur. Bunu geridə qalan 30 illik zaman kəsiyi də təsdiq edir.
Dövlət başçımızın konfransdakı çıxışı və suallara cavabları ilə bugünümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlara yenidən və ətraflı şəkildə aydınlıq gətirildi.
Beləliklə, Prezident İlham Əliyev 10 ildən sonra da Azərbaycanı güclü görür, amma indikindən daha güclü. Bu isə həm də o deməkdir ki, Azərbaycan geosiyasi şəraitdən, regional dəyişikliklərdən, sülh və müharibə gündəliklərindən asılı olmayaraq, yaxud bütün bu ssenarilər nəzərə alınmaqla öz hədəflərini müəyyənləşdirib və bu hədəflərə doğru addımlamaq üçün bütün potensialını səfərbər etməyi bacarıb. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşməklə qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq.

Muxtar NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB