Fəlakətli sonluğa, məhvə apara bilən BÖYÜK SƏHV - TƏHLİL

Fəlakətli sonluğa, məhvə apara bilən BÖYÜK SƏHV - TƏHLİL

Bir qədər əvvəl “qızıl dağlar” vəd edən Nikol Paşinyana erməni xalqı inandı, meydanlara toplaşdı və bununla da hakimiyyət dəyişikliyi nəticəsində o baş nazir kürsüsünə oturdu. Bu hadisələrdən sonra erməni baş nazirinin üzərinə düşən verdiyi vədlərə əməl etmək idi və o məhz beləliklə xalqın etibarını doğrulda bilərdi. İndi Ermənistana məxsus mətbuat səhifələri bar-bar bağırır ki, ermənilər Paşinyanın vədinə əməl etdiyini görmədi və bu ölkə çətin vəziyyətə düşüb, hansıki yenə də bu ölkənin baş naziri bir çarə tapa bilmir. Hətta qeyd olunur ki, İrəvanda cərəyan edən hadisələr, ələlxüsus erməni xalqının hakimiyyət əleyhinə narazılıqları, keçirdikləri mitinqlər də bu səbəbdəndir.

Həqiqətən də işğalçı ölkədə ara qarışıb. Bir-birini günahkar bilənlər meydana toplaşaraq narazılıqlarını ifadə edirlər və bunların əksəriyyəti Paşinyanın əleyhinədirlər. Elə Paşinyanın yaxın ətrafı da həmin o əksəriyyətini günahkar hesab edir. Məsələn, hakim “Mülki Müqavilə” partiyasından olan parlament üzvü, keçmiş səhiyyə naziri Arsen Torosyan öz “Facebook” səhifəsində bu barədə yazır və iddia edir ki, insanların küçə və meydanlara yığılması müharibəyə çağırış və təbliğatdan başqa bir şey deyil. Onun sözlərinə görə bu, artıq hansısa tamamilə transsendental təkəbbür səviyyəsidir. Deputatın fikrincə, bu hadisələrdə, narazılıqların ifadə edilməsində, qarışıqlıq yaradılmasında məqsəd hakimiyyəti ələ keçirmək cəhdidir. Deməli, ermənilər özləri də başa düşürlər, qəbul və etiraf edirlər ki, bu işğalçı ölkədə yalnız çirkin niyyət meydan sulayır və sülh danışıqlarına mane olmaq cəhdi həmin o çirkin niyyətin təzahürüdür. Etiraf olunur və bəyan edilir ki, Ermənistan və ermənilər yalnız sülh şəraitində mövcud olaraq qala bilərlər və növbəti dəfə müharibə bu ölkə üçün daha dəhşətli fəlakət, son deməkdir.

Məsələ burasındadır ki, çirkin niyyətlilər bu etiraz aksiyalarına o qədər də çox insan cəlb edə bilməyiblər. Bu da təsadüfi deyil. Deməli, pafoslu yalançı çıxışlara, avantürist nitqlərə bu xalqın özü də artıq qulaq asmaq istəmir. Üstəlik, 44 günlük müharibədə aldanıldığını görən erməni xalqı çox nəticələr çıxarmalıdır axı. Nəticə çıxarmalıdır ki, onların qulaqları boş sözlərlə doldurulub, yalandan dırnaqarası “erməni əsgəri”, “Ermənistan silahlı qüvvələri” barədə mif yaradılıb və bu mif cəmi 44 gün ərzində dağıldı, rəşadətli Azərbaycan Ordusu tərəfindən, Azərbaycanın Ali Baş Komanının rəhbərliyi ilə, Azərbaycan xalqının həmrəyliyi, birliyi ilə ən qısa zamanda dağıdıldı. Anlaşılmalıdır ki, erməni xalqı sadəcə alət olaraq çirkin oyunlarda istifadə edilir, hansıki hər zaman onun bədbəxtliyi ilə, məğlubiyyəti, rüsvayçılığı ilə nəticələnib, necə ki, sonuncu dəfə də belə oldu. Qarabağa, Azərbaycan torpaqlarına göz dikən çirkin niyyətlilər sıravi erməni xalqının balalarını döyüşə göndərdilər, özləri isə ortada görünmədilər və bu əsasən diqqətdən yayınmamalıdır. Birdəfəlik bilinməlidir ki, onlar marianet kimi oyuna salınır və qulaqları gəlişigözəl sözlərlə doldurularaq fəlakətə sürüklənirlər. Yəni, nə qədər davam edə bilər bu və hansı həddə qədər oyuncaq olmaq olar kimlərinsə əlində?

Əslində, görünən mənzərə də təsdiq edir ki, heç də avantüristlər əvvəlki kimi meydan sulaya bilmirlər və onların sağırışlarına qoşulanların sayı günü-gündən azalır. Bu toplumu tərif, yaxud müdafiə etmək kimi bir niyyətimiz yoxdur, səhvləri kifayət qədərdir, özü də məhz bizə, xalqımıza qarşı yanlışlıqları çox olub, amma məsələ burasındadır ki, indi bəzi hiyləgərlərin olmayan üzlərinin dərisi cırılıb və hər şey göz önündədir deyə arzuları ürəklərində qalır, nəticə əldə edə bilmirlər. Üstəlik, Ermənistanda aparılan rəy sorğuları da göstərir ki, əhalinin əksəriyyəti bu etirazların effektli olacağına, onlara verilən vədlərə inanmır. Müxalifət liderləri çoxdan məlum olan və nüfuzdan düşmüş personajlardır ki, onlara ümid edən, inanan çox az sayda erməni qalıb.

Digər məsələni də diqqətə çatdırmaq yerinə düşərdi ki, erməni xalqı inqilabi yolla hakimiyyət dəyişikliyinin özünün belə yaxşı heç nəyə səbəb olmadığının artıq şahidi olub. Şahidi olub ki, verilən vədlər elə vəd olaraq, söz olaraq qalıb və onların güzəranında, yaşayışında yaxşıya doğru heç bir dəyişiklik yoxdur, əksinə pisə doğru kifayət qədər dəyişiklik var. İşğalçılığı dövlət siyasəti kimi qəbul edən ölkənin, iqtisadi, demoqrafik, daxili siyasi problemlər olmala bir sıra çətinliklərlə qarşılaşdığı göz önündədir. Heç kim üçün sirr deyil ki, Nikol Paşinyanın “qızıl dağlar” vəd etdiyi ölkə problemlər içində boğulur. Ermənistan artıq dünyada yalnız məğlub ölkə olaraq tanınıb, fərarilik, döyüş meydanında silahları belə qoyub qaçmaq, qorxaqlıq kimi rüsvayçılıqları da sadalamaqla bitən deyil, hansıki onları hər zaman xəcalət çəkməyə vadar edəcək.

Maraqlıdır, indi özlərini revanşist adlandıran qüvvələr, ünsürlər hansı ağılla ortaya, meydana atılıblar? Yəni, doğrudanmı elə hesab edirlər ki, onlara inanan kütlə olacaq? Çox az sayda insanın meydanlara toplaşmasına bel bağlamağın nə qədər ağılsızlıq olduğunun belə fərqində deyillərmi? Sual oluna bilər ki, sonuncu müharibədən əvvəlki arsenalı, hərbi kantingenti ilə savaşa qatılanlar cəmi 44 gün ərzində Azərbaycanın qarşısında diz çokdülərsə, bütün xarici ölkələrə, xarici ölkə rəhbərlərinə yalvararaq vasitəçilik missiyasından istifadə edib kapitulyasiya sənədini, məğlubiyyətlərini təsdiqlədilərsə, indiki rəzil durumda bunlar nəyə nail ilacaqlarına ümid edə bilərlər? Ümumiyyətlə, nəyə isə ümid etmək belə mümkündürmü? Əlbəttə ki, mümkün deyil və bu işğalçı ölkənin öz daxili dərdi, fəlakəti özünə bəsdir və başqa nə isə düşünməyə taqəti belə yoxdur.

Tutaq ki, hakimiyyəti ələ keçirmək üçün hiyləyə əl atılır və məqsəd yalnız kaimiyyət kürsüsüdür. Onu da zənn edək ki, bunlar Ermənistanda hakimiyyəti ələ keçirməyə ümid edirlər. Yenə də sual oluna bilər ki, belə bir ölkənin hakimiyyətini ələ keçirmək kimin nəyinə lazımdır? Ermənistan üçün, erməni xalqı üçün də fəri nədir axı? Paşinyan yox, onun kimi başqa bir şeylər vəd edənin birinin gəlməsi nəyi dəyişəcək, əgər doğru, düzgün siyasət aparılmasa, sülhə imza atılmasa, normal qonşuluq siyasəti yürüdülməsə və bunun nəticəsi olaraq iqtisadi layihələrdə bu ölkə iştirak edib öz durumunu yaxşılaşdırmasa? Hakimiyyətə gəlməsini arzu edən kimsənin sehrli çubuğu yoxdur ki, bununla dərhal ölkəsini çətin durumdan çıxara bilə. Həm də axı hakimiyyət iddiasında və arzusunda olanın nəyinə lazımdır belə bir rəzil durumda olan ölkənin hakimiyyətini ələ keçirmək? Bu onun özü üçün də baş ağrısı olmazmı, əgər normal siyasət yürütmək deyil, revanşist ideyaları ortaya atacaqsa? Xatırlatmaq yerinə düşərdi ki, belə bir ssenari Ermənistan üçün fəlakətli sonluq deməkdir. Bu böyük səhv olar.

Kimliyindən, kim olmasından asılı olmayaraq ölkəsini vəziyyətdən çıxarmaq istəyən qonşu ölkələrlə normal qonşluq, sülh şəraitində yaşamaq yolunu seçməlidir ki, inkişafa, dirçəlişə zəmin yaratsın. Bəzən müəyyən sərsəm bəyanatlarla çıxış etsə belə, bunu Paşinyan yaxşı başa düşüb və ağlı başına gələndə hərdən sülh danışılarının qaçılmaz olduğunu etiraf və bəyan edir. Çünki, geç də olsa dərk edib ki, əks halda atılan bütün addımlar Ermənistanı fəlakətə aparan, məhvə sürükləyən səhv ola bilər. Yada salmaq yerinə düşərdi ki, Ermənistanın küçələrində belində çanta mitinq təşkil edib iddialı danışanın birincisi elə Paşinyan özü idi və Qarabağda sərxoş vəziyyətdə atılıb düşməsinin ardınca kapitulyasiyaya tələsik imza atmaq məcburiyyətində qaldı. İndi də çox atılıb düşənlər üçün bu bir dərs olmalıdır və bilməlidirlər ki, sülh sazişinə imza atmaqdan, sərhədlərimizi rəsmi şəkildə tanımaqdan, normal qonşluq siyasəti yürütməkdən, işğalçılıqdan əl çəkməkdən başqa atacaqları bütün addımlar onlar üçün fəlakətli sonluğa gətirə bilən böyük səhv olar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə