Radikal müxalifət başqasını aşağılayaraq üzdə qalmaq taktikasından əl çəkməyib – POLİTOLOQUN AÇIQLADI

Radikal müxalifət başqasını aşağılayaraq üzdə qalmaq taktikasından əl çəkməyib – POLİTOLOQUN AÇIQLADI

“İndi baş verənlər onu sübut edir ki, digər müxalif qüvvələrlə yola getməyən radikal müxalifət təmsilçilərinin özləri arasında da qarşıdurma var”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə Tofiq Yaqublunun səs yazısında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, baş verənlər radikal müxalifətin illərdir sağalmayan xəstəliklərindən biridir.

“Daxili çəkişmələr və xəyanətlər, üzdə dost olub əslində isə hər an bir-birinə badalaq gəlməyə hazır olan müxalifət funksionerləri növbəti dəfə cəmiyyətə əsl simalarını nümayiş etdiriblər. Baş verənlər heç şübhəsiz ki, Azərbaycanda radikal müxalifətin acınacaqlı imici və vəziyyətini ortaya qoyur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, radikal müxalifət rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiyindən, ancaq korporativ maraqlar ətrafında birləşmiş marginal qruplar və ya siyasi dərnəklər təsirini bağışlayır. Onların müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməməsi və bütün fəaliyyətinin əsasında milli maraqların deyil, qrup mənafeyinin durması radikal müxalifətin konseptual olaraq, demokratik dəyərlərin və ideyaların daşayıcısı olmadığını isbatlayır. Əlbəttə ki, müxalifət institutunun əsas fəlsəfəsi dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi olsa da, təəssüflər olsun ki, Azərbaycanda bəzi müxalifət təşkilatları üçün bu prinsiplər yaddır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun səs yazısından bəlli olur ki, onun Əli Kərimli və Gültəkin Haclbəyli ilə bağlı dedikləri bir növ Musavat partiyası haqqında deyilmiş fikirlərə cavab xarakterli olub. Başqa sözlə, bu onu sübut edir ki, radikal müxalifət hələ də başqasını aşağılayaraq özünün üzdə qalmaq taktikasından əl çəkməyib. Digər bir tərəfdən də görüntü ondan ibarətdir ki, konstruktiv müxalifəti hədəfə alan bəyanatlardan yorulan bu müxalif kəsim artıq hədəf olaraq bir-birini seçib. Başqalarını aşağılamaq Azərbaycanın radikal müxalifətini dünya müxalifətçilik institutlarından fərqləndirən ən mühüm cəhətdir desəm yəqin ki, səhv etmərəm. Fərqli mövqe nümayiş etdirənləri, siyasi münasibətlərə konstruktiv yanaşma sərgiləyənləri satqın adlandıranlar indi faktiki olaraq bir-birini hədəfə alan bəyanatlar səsləndirilər.

Əslinə baxsaq, radikal müxalifət daxilindən AXCP sədrinin ünvanına bu və ya digər fikirlərin səsləndirilməsi artıq cəmiyyətdə adi hal kimi qəbul edilir. Çünki onların bir-birilərinin arxasınca danışmalarına alışmışıq. Bu düşərgədə o qədər köhnə problemlər, keçmişdə bir-birlərinə qazdıqları quyular var ki, bundan sonra nə qədər çalışsalar da öz xislətlərindən yaxa qurtara bilməyəcəklər. Onlar üçün nə sadəqət, nə də ümumi dəyərlər anlayışı yoxdur. Əgər olsaydı bir müddət bundan əvvəl Elçibəyin oğlunun onları öz toy mərasiminə dəvət etməməsinə görə sosial şəbəkələrdə lider dedikləri insanı, Əbülfəz Elçibəyi təhqir edən kampaniyaya rəvac verməzdilər. Ən təəccüblüsü də odur ki, həmin vaxt aparılan kampaniyanın dayandırılması üçün radikal müxalifət liderlərindən hər hansı biri çağırış etmədi. Halbuki ən azından öz partiyalarının ilk qurucusunun ruhunun şad olması naminə belə bir müraciət edə bilərdilər. Lakin belə bir müraciət edilmədi və faktiki olaraq iyrənc söyüşlərin davam etdirilməsinə rəvac verildi.

Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşər ki, radikal müxalifət daxilindəki bu oxşar problemləri elə səs yazısında Kərimli ilə bərabər adı hallanan Gültəkin Hacıbəyli də dəfələrlə üzə çıxarıb. Milli Şuranın təxminən bir il əvvəl videokonfrans formatında keçirilən iclasında Gültəkin Hacıbəyli REAL partiyasının sədri İlqar Məmmədovu lağlağı obyektinə çevirmişdi. Bununla da kifayətlənməyərək, Müsavat Partiyasını da REAL kimi rüsvayçı aqibətin gözlədiyini bildirmişdi.

İndi baş verənlər isə bir daha onu sübut edir ki, artıq digər müxalif qüvvələrlə yola getməyən radikal müxalifət təmsilçilərinin özləri arasında da qarşıdurma var və onlar hər fürsətdə bir-birinə qarşı kampaniya aparmaqdan çəkinmirlər. Bu qarşıdurma isə sıravi üzvlərin də sosial şəbəkələrdə bir-birlərini təhqir etməsinə rəvac verir.

Bütün sadlananlar hazırkı vəziyyətdə radikal müxalifətin sivil müxalifət institutu kimi vəzifəsini yerinə yetirə bilmədiyini göstərir və cəmiyyətə parlaq ideya təqdim etməyi bacarmayan radikal müxalifətin Azərbaycana uğur gətirmək iqtidarında olmadığını sübut edir”, deyə politoloq Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə