“Prezidentin dediyi kimi "Qarabağ Azərbaycandır" məfkurəsi aparıcı ideya olacaq” AÇIQLAMA

“Prezidentin dediyi kimi "Qarabağ Azərbaycandır" məfkurəsi aparıcı ideya olacaq” AÇIQLAMA

“Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabrında Bakıda keçirilmiş ilk qurultayı Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin həmin ilin mayında imzalanmış Sərəncamına əsasən keçirilmişdir. Qurultay dünyada yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirmək və daha da möhkəmləndirmək məqsədi ilə keçirilmişdir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının həmrəylik münasibətlərinin müasir dövrün çağırışlarına nəzərən qurulması və inkişaf etdirilməsində bu və sonrakı illərdə Prezident İlham Əliyevin Sərəncamı əsasında keçirilmiş digər 3 qurultayın da müstəsna əhəmiyyət və rolu olmuşdur: “Bildiyimiz kimi, 2022-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şuşa ili elan edilmişdir. Şuşa Azərbaycanın milli mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də tariximizin ayrı-ayrı dönəmlərində milli müqavimət, əzəmət və əzmkarlıq, həmrəylik rəmzimiz də olmuşdur. Düşmən üzərində qələbəmizlə nəticələnmiş Qarabağ mücadiləmizin son və həlledici döyüşləri hər bir azərbaycanlı üçün müqəddəs dərgaha çevrilmiş bu şəhər uğrunda getmişdir. Dövlətimizin təhlükəsizliyinin qarantlarından olacaq və iki türk dövləti arasında münasibətlərin mahiyyət etibarı ilə yeni mərhələyə keçməsinin göstəricisi sayılacaq məşhur Şuşa bəyannaməsi də keçən il məhz bu şəhərdə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmışdır. Ermənistanın millətçi kəsiminin məhz bu şəhərə olan "xüsusi sevgisi" də nəzərə alınarsa, qurultayın Şuşada keçirilməsi Ermənistanda Mirzə Cəlilin məşhur ifadəsi ilə desək, hələ də "bəlkə də qaytardılar" sevdası ilə yaşayan millətçi və revanşist qüvvələrə bu qərar bir çağırış, mesaj kimi verilir dövlətimiz və onun başçısı tərəfindən. Bütün bu və digər amillər nəzərə alınmaqla qətiyyətlə deyə bilərik ki, Dünya Azərbaycanlıların Şuşada keçiriləcək növbəti qurultayı bizlərin azərbaycançılığın məfkurə dəyərləri ətrafında daha da sıx birləşməsinə öz töhfəsini verəcək, bu mübarizəmizdə möhtərəm Prezidentin dediyi kimi, "Qarabağ Azərbaycandır" məfkurəsi aparıcı ideya olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə