“Status” istəyənlər “QURBANLIQ STATUSUNDA” - TƏHLİL

“Status” istəyənlər “QURBANLIQ STATUSUNDA” - TƏHLİL

Yenə də Ermənistanın baş naziri erməni cəmiyyətində müəyyən qüvvələr tərəfindən hədəfə alınıb. Səbəb də onun Brüsseldə verdiyi vədləri və bu vədlərinə görə səy göstərdiyi kimi görünməsidir. Xüsusən bu dəfə Nikol Paşinyan öz xalqına açıq-aşkar bəyan edir ki, niyyətində israrlıdır və sülh sazişindən başqa ermənilərin çıxış yolu yoxdur. Görünür Nikol yaxşı başa düşür ki, çabalarının faydası yoxdur və bu dəfə uçurumun lap kənarındadır.

Bilirik ki, bir müddətdi Ermənistanda revanşistlər deyilən qüvvə peyda olub və sərsəm fikirləri ilə erməni cəmiyyətini yenə də qaranlığa sürükləyir. Yəni, bütün gücü və qüvvəsi ilə Azərbaycanın qarşısında müharibə zamanı cəmi 44 gün dayana bilməyənlərin indi yox dərəcəsində olan resurslarla revanş iddialarının nə dərəcədə gülünc olduğu bəlli məsələdir və bu fikirlərin erməni cəmiyyəti sözün əsl mənasında qaranlıq olduğu da günün reallığıdır. Əbəs yerə deyil ki, Nikol Paşinyan so çıxışlarının birində “qurbanlıq” olmaq istəmədiyini bəyan edib, çünki yaxşı başa düşür ki, bu dəfə nəticə ermənilər üçün daha dəhşətli ola bilər.

Nikolun tərəfdarlarının, ən yaxın adamlarının bir müddətdir ki, erməni cəmiyyətində təbliğat apardıqları, sülh yolundan başqa ermənilərin çıxış yolunun olmaması barədə onları inandırmaları üçün çalışmaları da sirr deyil. Bunu ermənilər özləri də bilirlər, hətta bu barədə Ermənistana məxsus mətbuat səhifələri də fasiləsiz olaraq açıq-aşkar yazırlar. Məsələ burasındadır ki, son zamanlar erməni baş nazirinin sülh sazişi ilə bağlı niyyətini ən azından tam aydın şəkildə bildirməsi sərsəm “miatsum” tərəfdarları ilə onun tərəfdarları arasındakı qarşıdurma yaradıb. Ümumiyyətlə, hər zaman xaos, qarışıqlıq, qarşıdurmalarla yadda qalan bu işğalçı ölkədə yenə də ara qızışıb, məzhəb itib.

Ermənilərin Nikol Paşinyanı “xain”, “satqın”, hətta “türklərə satılan” adlandırdıqlarının dəfələrlə şahidi olmuşuq və indi bu barədə fikirlər yenə də İrəvan meydanlarında səsləndirilir. Doğrudur, nəinki başqaları, hətta ermənilər özləri də bilirlər ki, Paşinyan sülh dediyi məsələdə hələ də tərəddüd edir və kim bilir hələ hansı hiylələr, hansı oyunlar haqqında düşünür. Bu zamana qədər şeytanın belə ağlına gəlməyən uydurmalara, bəhanələrə, cürbəcür yollara əl atan bu erməni baş nazirinin sülh danışıqları barədə dediklərinə özünün şübhə etdiyi göz önündədir, çünki bu manipulyator sülh danışıqları, Azərbaycanla dialoq barədə danışanda sözlərinin arasında bir qondarma, dırnaqarası “arsax” sözünü də əlavə edir. Bu isə onun hələ də ikibaşlı oyunlar barədə ümid etməsə də, xəyal etdiyini göstərir. Hər bir halda erməni baş nazir sülh danışıqlarının yeganə yol olduğunu təmsil etdiyi cəmiyyətə başa salmağa çalışır. Amma bu, erməni cəmiyyətində birmənalı qarşılanmır və radikal revanşistlər ona, onun fikirlərinə qarşı olduqlarını bildirirlər. Bu narazılıqlar daha çox küçə nümayişləri şəklində özünü biruzə verir və Ermənistanda bu dalğanı izləyənlər bilirlər ki, həmin radikallar heç də bir qüvvə hesab olunmurlar və bunu bilən Nikol onları heç hesaba da almır. Paşinyan bilir ki, aksiyalara gələn insanlar erməni cəmiyyətindən azlıq təşkil edir və onun fikrini döndərmək üçün onların aksiyasının mənası belə yoxdur. Hətta bu şəraitdə Nikol öz qərarı ilə belə erməni cəmiyyətində səs çoxluğuna sahibdir, bunu aprelin əvvəlində “Gallup”-un keçirdiyi rəy sorğusu da təsdiqləyir və belə olan halda revanşistlərin belə səs-küy salmaları bütövlükdə Ermənistanın özünün əməlli-başlı baş ağrısına çevrilə bilər.

Reallıqları ən yaxşı, ən yaxından görən indi Nikol Paşinyan özüdür və Brüsseldə o bir daha əmin oldu ki, Azərbaycanın yaratdığı reallıqlar nəinki Avropada, bütün dünyada qəbul olunub. Ermənistanın XİN rəhbəri Mirzoyan Moskvaya yollandıqdan və orada həmkarı Lavrovun İrəvana ünvanladığı mesajlarından sonra Paşinyan ona da əmin oldu ki, Rusiya belə bu reallıqları qəbul edir. İndi böyük rus qardaşlarından kömək ummağı belə mənasız hesab edən erməni baş nazir öz xalqına onların acı gerçəklik hesab etdikləri həqiqətləri birmənalı şəkildə bəyan etməsi anlaşılandır. Anlaşılan odur ki, Nikol ən azından sülh sazişini ən tez zamanda imzalamaq istəyən kimi görünür. Çox güman ki, Rusiyanın Ukraynada məğlubiyyətinin fonunda, eləcə də bütün dünyada Ermənistanın artıq olmayan nüfuzunun tamamilə sıfıra enməsi fonunda Paşinyan sülh sazişini uzatmağı ölkəsi üçün fəlakət hesab edir və yalnız bunda haqlı ola bilər. O, yaxşı başa düşür ki, bu məsələni uzatmaq ən azından Ermənistana baha başa gələ bilər. Bu barədə erməni baş nazir parlamentdə çıxışı zamanı da açıq-aşkar bəyan edib və yeni müharibə qorxusu barədə xəbərdarlıq edib, hansıki bu, bütövlükdə Ermənistan üçün nə demək olduğunu ermənilər özləri hər kəsdən yaxşı bilirlər. Bilirlər ki, növbəti qarşıdurma Ermənistan üçün ümumiyyətlə son deməkdir və bu ölkə öz mövcudluğunu beləliklə şübhə altına ala bilər. “Biz qurbanlıq statusundan qurtulmalıyıq“, deyən Nikol Paşinyan onu da etiraf edib ki, belə getsə gələcək nəsillər də bu “status”-da qala bilərlər.

Bəli, bir zamanlar Qarabağ barədə xüsusi dırnaqarası “status” tələb edənlər indi “qurbanlıq quzu statusunda” olduqlarını etiraf edirlər. Bir zamanlar özləri üçün xüsusi imtiyazları istəyənlər indi etiraf edirlər ki, çıxış yolları yoxdur. Fərrux əməliyyatlarından sonra ermənilər yaxşıca anladılar ki, revanşist fikirləri ortaya atmaqla özlərini aldadırlar. Bunu Nikol Paşinyan parlamentdəki çıxışı zamanı da deyib, etiraf və xəbərdarlıq edib. “Bu zamana qədərki yolla getsək, hər şeyi hissə-hissə təhvil verməyə başlayacağıq və artıq bəsdir bir-birimizi aldatdıq”, deyən erməni baş nazir məhz ermənilərin düşdüyü vəziyyəti, reallıqları göz önündə canlandırıb və dırnaqarası “status” istəyənlərin “qurbanlıq quzu statusunda” olduğunu xatırladıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə