Azərbaycan öz gücü, qüdrəti ilə ərazilərin yenidənqurulmasını həyata keçirir - DEPUTAT AÇIQLADI

Azərbaycan öz gücü, qüdrəti ilə ərazilərin yenidənqurulmasını həyata keçirir - DEPUTAT AÇIQLADI

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 12-də 2022-ci ilin birinci rübündə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə təkcə 2022-ci ilin birinci rübünə dair yox, böyük bir dövrü əhatə edən görülmüş işlərlə bağlı fikirlər səsləndirildi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, eyni zamanda müşavirədə qarşıda duran vəzifələr müəyyənləşdirildi: "44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə, postmünaqişə dövrü, Ermənistan-Azərbaycan münasibətlərinin sonrakı mərhələsi, beynəlxalq aləmdə Azərbaycan dövlətinin yaratdığı yeni reallığın qəbul edilməsi və bir çox sahələrlə bağlı müşavirədə müzakirələr aparıldı və ölkə Prezidenti tərəfindən yeni hədəflər müəyyənləşdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəmizdən dərhal sonra həmin ərazilərdə böyük yenidənqurma və bərpa işlərinin aparılması üçün fərmanlar imzalanmış, dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrılmışdır.

Bildiyimiz kimi 2021-ci il və 2022-ci illərdə işğaldan azad edilmiş torpaqlara 2.2 milyard manat vəsait ayrılmışdır. Həqiqətən də geriyə baxdıqda görürük ki, tarixdə görülməmiş işlərə imza atmışıq və bu işlərin görülməsini Azərbaycan öz gücü ilə həyata keçirmişdir. Burada qısa müddətdə Füzuli Beynəlxalq hava limanının tikintisi başa çatdı, avtomobil yollarının çəkilməsi, dəmiryol xətlərinin çəkilməsi, yüksək gərginlikli elektrik enerjisi təminatı, içməli su, qaz təminatı, infrastrukturlarının həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir, o cümlədən erməni vandalları tərəfindən darmadağın edilmiş tarixi, dini mədəni abidələrimiz bərpa olunur. Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük layihələr həyata keçirir, turizm potensialının artırılması üçün müasir mehmanxanaların tikintisi davam etdirilir. O cümlədən iki beynəlxalq hava limanının tikintisinin davam etdirilməsi, Ağdam və Şuşa şəhərinin baş planlarının təsdiq olunması və buna uyğun işlərin həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar əlbəttə ki, böyük işlərdir. Bunlardan əlavə Ermənistanın bu gün də Azərbaycana qarşı davam etdirdiyi mina terrorunun aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. Çox təəssüf ki, bu sahədə Azərbaycana heç bir yardım göstərilmir. Azərbaycan öz gücü ilə ən müasir texnoloji avadanlıqları gətirərək minaları təmizləyir. Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi çox təəssüf ki, 25 faizdən azdır. Eyni zamanda bütün ərazilərin yenidənqurulması və bərpası ilə yanaşı Şuşanın da yenidənqurulması və bərpası çox böyük önəm daşıyır. Burada artıq bir çox işlər həyata keçirilib. Nəzərə alsaq ki, bu il Şuşanın 270 illiyidir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Eyni zamanda TÜRKSOY tərəfindən Şuşa 2023-ci ildə türk dünyasının paytaxtı elan edilmişdir. Bütün bunlar həyata keçirilən böyük işlərin, tədbirlərin nəticəsidir.

Dünyada münaqişələr bitdikdən sonra müxtəlif donor təşkilatları birləşib həmin ərazilərin bərpası üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı qərarlar qəbul edir. Bu günə kimi çox təəssüf ki, Azərbaycanla bağlı belə qərarlar qəbul olunmayıb. Bu sahədə də təssüf ki, Azərbaycana qarşı ikili standartlar mövcuddur. Amma ölkəmiz öz gücü, qüdrəti ilə bu ərazilərin yenidənqurulmasını və bərpasını həyata keçirir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə