“Bizi qarşıda daha böyük perspektivlər, uğurlu imkanlar və inkişaf mühiti gözləyir” Anar Nəbiyev
“Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixdə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə irəli sürdüyü fikirləri bir çox mühüm məsələlərlə əhatə olundu və eyni zamanda, 2021-ci ili qiymətləndirərkən dövlət başçımız bəyan etdi ki, bu il ölkəmizin həyatında çox əlamətdar il kimi də tarixə düşüb. Belə ki, ötən il qarşıya qoyulan əsas məqsəd kimi, azad edilmiş torpaqlarda bərpa işlərinə start verilib, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqlarımız qəbul olunub”. Bu fikirləri SİA-ya YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev mövzu ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki,qarşıya qoyulmuş bütün vəzifələr icra edilib və dövlətimizin başçısı xatırladıb ki, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edib və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər: “Belə ki, BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilib, Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir baş tutub. Cənab Prezident bu barədə danışarkən vurğulayıb ki, bu, çox əlamətdar hadisə idi və bu reallıq bir daha onu göstərdi ki, nüfuzlu beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və s. qurumlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər”.
“Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin müharibədən sonra daha intensiv xarakter aldığını da vurğulayıb”, deyən YAP Qazax rayon təşkilatının sədri fikirlərinə əlavə olaraq qeyd edib ki, Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edir: “Prezident İlham Əliyevin Brüssselə son səfəri zamanı imzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. Bu gün isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə çox ciddi şəkildə və qərəzsizliklə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilib”.
Anar Nəbiyev onu da bildirib ki, birinci rübün yekunları qiymətləndirərkən Prezident İlham Əliyev ölkəmizin iqtisadi göstəricilərinin də çox müsbət olduğunu vurğulayıb: “Dövlət başçımızın sözlərinə görə, ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar iqtisadiyyatımızın inkişafını göstərir. Habelə, ölkəmizin xarici ticarət dövriyyəsi 60%-dən çox artıb. İxrac təxminən iki dəfə artıb. Bütün bu nəticələr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş miqyaslı iqtisadi ilahatların nəticəsində əldə olunmuşdur”.
YAP Qazax rayon təşkilatının sədrinin sözlərinə görə, Prezident İlham Əliyev qeyd etmişdir ki, bütün bu nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub və heç kimdən bir manat dəstək almamayı: “Azad edilmiş torpaqlar da 100% daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra”
Anar Nəbiyev sonda onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və praqmatik rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, ölkəmizdə həyata keçirilən geniş miqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlar qazanılıb. “Söz yox ki, bundan sonra da Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq və bizi qarşıda daha böyük perspektivlər, uğurlu imkanlar və inkişaf mühiti gözləyir”, deyə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev fikirlərini sona çatdırarkən vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB