Mənalı ömrünü xalqına həsr edən yazıçı, ictimai-siyasi xadim - Həriman Nərimanov ŞƏRH

Mənalı ömrünü xalqına həsr edən yazıçı, ictimai-siyasi xadim - Həriman Nərimanov ŞƏRH

14 aprel böyük yazıçı, həqiqətpərəst, insanpərvər və inqilabçı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 152-ci ili tamam olur. Bəşəriyyət tarixində qəlbi xalq üçün döyünən elə bir görkəmli şəxsiyyət yoxdur ki, o, başqa fəaliyyət sahəsilə yanaşı, öz xalqının dilinin qeydinə qalmasın, xalq dilinin gələcək taleyi onu düşündürüb narahat etməsin. Xalqımızın ləyaqətli oğlu Nəriman Nərimanov da doğma dilinə dair xüsusi əsərlər yazmış, mənalı ömrünün bir hissəsini ona sərf etmişdir. Bakı gimnaziyasında Azərbaycan dili müəllimi işləyərkən gənc N.Nərimanov ana dilinin gözəlliyi, zənginliyi haqqında və onu tədris etmək üçün kitablar yazmışdır. Azərbaycan dili, onun tədrisi və inkişafı N.Nərimanovu ən çox məşğul edən, onu həyatı boyu düşündürən məsələlərdən biri olmuşdur. Ana dili məsələsi N.Nərimanovun demokratik fikirli müasirlərinin əsərlərində maarif cəbhəsindən, realizm cəbhəsindən işıqlandırıldığı halda, o özü bunu milli məsələnin maariflə, ədəbiyyatla əlaqədar cəhətini göstərir və eyni zamanda, onun siyasi tərəfinə xüsusi əhəmiyyət verirdi. Çünki N.Nərimanovun ana dili uğrunda mübarizəsi həm də çarizmin milli-müstəmləkə zülmünə qarşı bir mübarizə idi. N.Nərimanov özünün siyasi görüşlərini, inqilabi baxışlarını geniş xalq kütləsinə çatdırmaq üçün yaradıcılığın bütün sahələrindən bir vasitə kimi istifadə etməyə çalışırdı. O fikirləşirdi ki, nəcib arzu və məqsədlərini həyata keçirmək üçün hansı fəaliyyət sahəsini seçsin: inqilabi fəaliyyətəmi başlasın, bədii yaradıcılıqla məşğul olub dramamı, romanmı yazsın, ana dilinə aid dərslikmi düzəltsin, onun tədrisi iləmi məşğul olsun, milli qiraətxanamı təşkil etsin, milli teatrımızın inkişafınamı çalışsın, mətbuat səhifələrində xalqın ah və fəryadlarındanmı yazsın, həkimlik edib xəstələrə şəfamı versin... Gənc Nəriman Nərimanovun xalq üçün döyünən böyük ürəyi keçmiş Bakının qaranlıqlarında gecə-gündüz məşəl kimi yanırdı.

O, bütün çətinliklərə baxmayaraq bunların hamısının öhdəsindən layiqincə gələ bilmişdir. Tədqiqatçılarımızdan M.Cəlal, M.Arif, M.İbrahimov, M.Rəfili, H.Şahgəldiyev, M.Qazıyev, F.Köçərli, K.Talıbzadə, C.Quliyev, V.Məmmədov, T.Əhmədov, S.Məmmədov, H.Əhmədov, C.Əhmədov, M.Məmmədov və başqaları N.Nərimanovun çoxcəhətli fəaliyyəti haqqında bir sıra maraqlı monoqrafik əsərlər və məqalələr yazmışlar. İnsan dühasının qiymətli kəşflərindən biri sözdür. Sözdə kəsmək, yandırmaq keyfiyyəti var.
Söz bənna olub tikər, çiçək olub ətir verər, məşəl olub işıq saçar. Bədii söz yanan təndirdən çıxarılan köz kimi ətrafa qığılcım səpələyir, işıq verir, yaxıb yandırır. Nəriman Nərimanovun publisist yazılarını, bədii əsərlərini oxuyanlara məlumdur ki, onun bədii sözü, dərin ictimai mənası, əhatəli və güclü realizmi, yüksək estetik keyfiyyətləri ilə adamı valeh edir.

Mir Calal Paşayev: "N.Nərimanov həm bədii əsərləri, həm də məqalə və çıxışları ilə Azərbaycan dilinin inkişafı, tərəqqisi, təmizliyi, saflığı uğrunda ən fəal mübarizə aparan ədiblərdəndir”

N.Nərimanov xalq yaradıcılığına, ümumxalq dilinə şüurlu yanaşaraq, dilimizin zəngin xəzinəsindən incə, mənalı sözləri, gözəl və ahəngdar kəlmələri diqqətlə seçib ədəbi dilimizə gətirməyə çalışmışdır. Bu haqda professor Mir Calal Paşayev belə demişdir: "N.Nərimanov həm bədii əsərləri, həm də məqalə və çıxışları ilə Azərbaycan dilinin inkişafı, tərəqqisi, təmizliyi, saflığı uğrunda ən fəal mübarizə aparan ədiblərdəndir. Onun dili təmiz, sadə, aydın xalq dilidir. O da mollanəsrəddinçilər kimi bədii dildə danışıq dilinin təbiətini, canlılığını, əlvanlığını saxlamaq tərəfdarı idi, xalqdan gələn bir çox sözləri cürətlə öz əsərlərində işlədirdi".
Nəriman Nərimanov xeyirlə şərin, yaxşı ilə yamanın mübarizəsinə seyrçi kimi baxan laqeydlərdən olmayıb, inamsız əsər yazmayıb.
Nərimanovun əsərlərindəki fikirlər, inam və hissiyyat o qədər səmimidir ki, insanın azadlığı, ləyaqəti, səadəti uğrunda tufanlara sinə gərməyə təhrik edir, ruhlandırırdı. Nərimanov kimi və nə üçün sevdiyini, kimin əsl insan adına, insan şərəfinə, insan ləyaqətinə layiq olduğunu bilirdi. Nərimanovun sözlərindəki sönməz alov bu eşqin, bu sevginin alovu idi. Bu sevgi onun ürəyindən odlu sözlər çıxarırdı: "Yandırmaq atəşin xüsusiyyətidir, azadlıq insanın!". Bu sözləri Nərimanov deyib və yazıb. Elə zamanda deyib ki, azadlıq sözünü dilinə gətirənlər şuluqçu və xain kimi təqib olunurdu.

Nərimanov Mirzə Fətəli Axundov realist məktəbini sevirdi

Nərimanov Şərq xalqlarının tarixini, mədəniyyətini, həyatını, psixoloji aləmini yaxşı bilirdi. Nərimanov Mirzə Fətəli Axundov realist məktəbini sevir və yüksək qiymətləndirirdi. Nərimanovun ədəbi-bədii fəaliyyəti çoxcəhətli olub, ədəbi irsi zəngindir. O, demək olar ki, bütün janrlarda əsərlər yazmışdır. Dramaturgiya, nəsr və publisistka sahəsində bizə gözəl nümunələr verib, çoxlu ədəbi-tənqidi məqalələri və felyetonları müntəzəm olaraq mətbuatın səhifələrini bəzəmişdir. Nərimanov düşünən və hər şeyi görən realist idi, xalqın həyatına açıq gözlə baxırdı, insanın ağrılarını və dərdlərini duyurdu.

Dünya ədəbiyyatı tarixi göstərir ki, zəmanəsinin canlı və kəskin məsələləri ilə yaşayan, ilhamını, istedadını, qələmini həyati mübarizələrə həsr edən böyük mütərəqqi yazıçılar çox zaman əsərlərinin mövzusunu müasir həyatla yanaşı, tarixi keçmişdən də almışlar.
Böyük vətəndaşlıq duyğuları ilə yaşayan sənətkarlar həmişə aydın və parlaq estetik ideala malik olmuş, cəmiyyətdə mütərəqqi və qabaqcıl meyillərə xidmət etmiş, geridə qalmış adamların ittihamlarından heç vaxt qorxmamışlar. Misal üçün biz fəxrlə Nəriman Nərimanovu yada sala bilərik.
Nərimanovun əsərlərindəki fikirlər, inam və hissiyyat o qədər səmimidir ki, ürəyin elə dərin guşələrindən qalxıb bədii sözə çevrilir ki, bu söz təbii proseslər nəticəsində uca və əzəmətli dağların altından, yerin təkindən qaynayıb çıxan qranit parçasını xatırladır.1894-cü ildə Bakıda tamamladığı "Nadanlıq" pyesində o məhv etmək, kökündən yandırmaq istədiyi hədəfi açıq göstərmişdir: Nadanlıq! O zaman yazıçı bütün bəlaları,
bütün bədbəxtliyi elmsizlikdə, savadsızlıqda, cəhalətdə, nadanlıqda görürdü.
Nərimanovun qaladığı ocağın alovu nadanları yandırırdı, yoxsul, avam, lakin öz əməyi ilə yaşayan zəhmətkeş kəndlilərin daxmasına işıq salırdı. Bu işıq gücsüz və zəif idi, çoxlarının qapısında ilişib qalır, daxmanın içinə girə bilmirdi. Onu söndürmək də mümkün deyildi!
Ali müqəddəs ideallar yolunda insanlığın mübarizə tarixi çox uzun olmuşdur. Min illər ərzində bəşəriyyət istismarçı, zülmkar təbəqələrdən olmazın əzab-əziyyətlər görmüşdür. Xüsusi mülkiyyət əsiri olan, varlandıqca varlanmaq istəyən, sərvət ehtirası günü-gündən artaraq bütün insaniyyət duyğularına güc gələn varlıların tarixdə törətdiyi cinayətlər saysız- hesabsızdır.

Nərimanovun yandırdığı ocaq həmişə ürəklərə ümid, gözlərə işıq verib

Nərimanov islam dininin spesifik xüsusiyyətlərini qeyd edib göstərmişdir ki, Şərq xalqlarının həyatında din əsrlər uzunu mülki qanunları əvəz edib. Qərbdə xristian dininin mövqeyini mexaniki olaraq Şərqdə islamiyyətin rolu ilə eyniləşdirmək olmaz. Çünki qərbdə uzun zaman kilsə ilə dövlət arasında mübarizə getmişdir. Şərq ölkələrində isə vəziyyət başqa cür olub, dinin və "Quran"ın ictimai həyata, dövlət işlərinə təsirinin məhdudlaşdırmaq, mülki qanunlar yaratmaq cəhdləri Qərbdəki nəticəni verməyib. Nərimanov "Məhəmməddən sonra onun xəlifələri həm ruhani, həm də dünyəvi hakim oldular" deyib.
Yazıçının qaranlıq mühiti, cəmiyyətdəki dəhşətli geriliyi, nadan insanları təsvir edən realizmində qəribə bir işıq da görünür. Orada insana, insanın yaradıcı qüvvələrinə, insaniyyət duyğusunun gücünə və şüuruna hörmət və inam var.
Nəriman Nərimanovun ictimai-siyasi görüşləri və inqilabi fəaliyyəti ilə ədəbi-bədii yaradıcılığı üzvi surətdə bir-birinə bağlı olub. İstər ayrı-ayrı dövrlərdə, istərsə bütünlüklə onun dediklərini və yazdıqlarını əməli fəaliyyəti ilə tutuşdurduqda xəyalımıza müstəsna dərəcədə bütöv bir şəxsiyyət canlanır. O, qələmini də, əməli fəaliyyətini də dünyagörüşü əsasında həyatı dəyişdirməyə həsr etmişdir. Dərin nəzəri hazırlığı qızğın inqilabi fəaliyyətlə birləşdirmişdi.
Nərimanov düşünən və hər şeyi görən realist idi. Xalqın həyatına açıq gözlə baxırdı, insanların ağrılarını və dərdlərini duyurdu. Zəmanənin, tərəqqinin, inkişafın tələblərindən millətinin nə qədər geri qaldığını görürdü.
N.Nərimanovun görkəmli bir inqilabçı və dövlət xadimi, yazıçı və teatrşünas, jurnalist və həkim, pedaqoq, psixoloq və bir dilçi kimi bütün İttifaq miqyasında tanınmışdır. Onun ictimai, siyasi və elmi fəaliyyəti, xüsusilə, dilçilik sahəsindəki xidmətləri, qramatika kitabları, ana dili haqqında məqalə və məruzələri, ərəb əlifbasının dəyişdirilməsi sahəsindəki təşəbbüsü və fəaliyyəti, Moskva və Leninqrad ali məktəbləri ilə əlaqəsi bu şəhərlərin görkəmli dilçilərinin də nəzər-diqqətini cəlb etmişdir. Bədii sözün qüdrətilə Nərimanovun yandırdığı ocaq həmişə ürəklərə ümid, gözlərə işıq verib, əsərləri insanları əqidəli olmağa, düzlüyə öyrədib, ürəklərdə xalqa, vətənə işıqlı gələcək ideallarına məhəbbət tərbiyə edib və edir.

Hacı Hacıyev,
Azərbaycan Kommunist Partiyası MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə