Brüssel görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir ŞƏRH

Brüssel görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir ŞƏRH

Bildiyimiz kimi, 2022-ci ilin aprel ayının 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilən növbəti görüş dövlətimiz üçün uğurla nəticələndi .

Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində İlham Əliyev cənablarının həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasəti dövlətimizin növbəti uğurudur. Brüsseldə keçirilən görüşü iki ölkə arasında sülh sazişinin bağlanılması istiqamətində mühüm addım kimi qiymətləndirmək olar. Görüşdən əvvəl də məlum idi ki, rəsmi Bakının Ermənistanla sülh danışıqları üçün 5 mühüm maddədən ibarət təkliflərini dünya dövlətləri və beynəlxalq ictimaiyyət yüksək dəyərləndirir.

Ermənistanın Azərbaycanın regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul etməsindən baş­qa yolu qalmır. Bu baxımdan, Brüssel görü­şünün dövlətimizin başçısı İlham Əliyevin siyasi qələbəsinin növbəti mərhələsi kimi dəyərləndirilməsi təbiidir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü 5 mühüm maddədən ibarət sülh təklifi təkcə ölkəmiz üçün deyil, eləcə də bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün mühüm önəm daşıyır.

Hamımıza məlumdur ki, Ermənistanın son 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti Cənubi Qaf­qazda sabitlik, təhlükəsizlik və inkişafa əngəl olmuşdur. Bu illər ərzində Azərbaycanın sosial-iqtisadi tərəqqisinə böyük zərbə vurmuşdur. Respublika­mızın 20 faiz ərazisini – Qarabağ və Şərqi Zəngəzur regionunu tamamilə məhv etmişdir . Yal­nız sülh yolu ilə Cənubi Qafqaz regionuna dinclik, rifah gətirməklə dünya təhlükəsizlik sisteminin bir parçasına çevirmək olar. 4 saat davam edən görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqları ilə bağlı yaydığı bəyanat gələcəkdə imzalanacaq sülh sazişi ilə bağlı ümidləri daha da artırır. Bu bəyanatla Şarl Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vur­ğuladı.

Avropa İttifaqı Şurasının prezidenti­nin iki ölkə rəhbəri arasında Qarabağla əlaqədar ən həssas məsələlərdən olan delimitasiya ilə bağlı işçi qrup və birgə komissiya ilə bağlı razılığa gəlinməsi məlumatı isə işğaldan azad edilən ərazilərimizdə tezliklə sülhün bərqərar ola­cağı, bundan sonra erməni quldurlarının davamlı təxribatlarına son qoyulacığı, dinc insanlarımızın azad nəfəs alacaqları deməkdir.

Beləliklə, Qarabağla əlaqədar Avro­pa İttifaqının tutduğu qərəzsiz, ədalətli mövqe Azərbaycanın bu quruma etimad və inamını daha da artırdı.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə