Təhsilin bütün pillələrində yeni layihələr reallaşdırılır - MÜNASİBƏT BİLDİRİLDİ

Təhsilin bütün pillələrində yeni layihələr reallaşdırılır - MÜNASİBƏT BİLDİRİLDİ

"Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar, ilk növbədə, məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Onun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib: "Azərbaycanda təhsilin inkişafı üçün lazımi hüquqi və maddi-texniki baza yaradılıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində milli təhsilimizi ən yüksək dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə uğurlu islahatlar həyata keçirilib. Bu gün Azərbaycanda təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi uğurlu nəticələr göstərdi. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ikili diplom proqramlarının həyata keçirilməsinə geniş imkanlar yaratdı.

Eyni zamanda proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni mərhələnin əsasını qoydu, ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini və xaricdə doktorantura təhsili vasitəsilə universitetlərin akademik potensialının gücləndirilməsi üçün zəmin yaratdı. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Prezident İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli sərəncamı ictimaiyyət tərəfindən məmnunluqla qarşılanmışdır. 28 fevral 2022-ci il tarixdə Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Dövlət Proqramının məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabət qabiliyyətli və yüksək ixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. İcra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir".

Millət vəkili həmçinin qeyd edib ki, bu gün təhsilin bütün pillələrində - məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır: "Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Dövlət başçısı tərəfindən mütəmadi olaraq tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, təqaüd sisteminin təkmilləşdirilməsi və dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının artırılması istiqamətində mühüm qərarlar qəbul olunur. Həmçinin xüsusi imtiyaz qrupuna daxil olan tələbələrin təhsil haqqı xərcləri birbaşa büdcə vəsaitləri hesabına ödənilir. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı da bu istiqamətdə atılmış vacib addımlardandır. Aztəminatlı təbəqələrdən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək istiqamətində olduqca əhəmiyyətli sənəddir. Təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Son illərdə Azərbaycanda 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. 2016-cı ildən başlayaraq 300-ə yaxın modul tipli məktəb Azərbaycanda inşa edilib. Bu, innovativ layihədir, çünki bu layihələr Azərbaycanın ən ucqar yerlərində belə məktəb infrastrukturunun yaxşılaşmasını birbaşa nümayiş etdirir. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində davamlı islahatlar həyata keçirilir. Müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələri, milli-mənəvi və ümumbəşəri dəyərləri ilə beynəlxalq təcrübə üzərində daha da inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində ölkəmizdə elm, təhsil, innovasiyaların tətbiqi sahəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadi nailiyyətlərinə, geniş maliyyə imkanlarına əsaslanır. Qəbul olunmuş Dövlət Proqramları, onlara uyğun aparılan islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Bu da “Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun möhtəşəm uğurudur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə