Sanksiyalar Rusiyanı çökdürə bilir? - POLİTOLOQ ŞƏRH ETDİ

Sanksiyalar Rusiyanı çökdürə bilir? - POLİTOLOQ ŞƏRH ETDİ

“Ukraynaya qarşı müharibə səbəbi ilə Rusiyaya tətbiq olunan sanksiyalar indiyə qədər hər hansı ölkəyə qarşı tətbiq olunan sanksiyalardan qat-qat ağır sanksiyalardır və Rusiya iqtisadiyatının ən vacib elementlərinə dağıdıcı təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqına üzv dövlətlərin fevralın 24-dən bəri tətbiq etdiyi sanksiyaların sayına görə Rusiya İran, Suriya və Şimali Koreyanı ötərək bu siyahıda lider olub: “Hərbi sənaye, texnologiya sahəsi, bank sistemi, dollar və avronun Rusiyaya girişinə qadağalar, SWIFT sistemindən çıxarılma, demək olar ki, bütün iri xarici şirkətlərin Rusiyadan çıxması, Rusiyanın xaricdəki bütün aktivlərinin döndurulması, sanksiyalar tətbiq olunan ayrı-ayrı oliqarxların ABŞ və Avropadakı bank hesabları və əmlaklarına qoyulan həbslər, yeni neft və qaz müqavilələrinin bağlanılmasından imtina və s. çoxlu sayda sanksiyalar Rusiya iqtisadiyyatını faktiki olaraq iflic vəziyyətə salıb. Təkcə Avropa İttifaqı keçən bir ay ərzində 4 sanksiya paketi qəbul edib və yaxın günlərdə beşinci sanksiya paketi elan olunacaq. Bu paketdə də yeni adların sanksiyalar altına düşəcəyi və yeni-yeni sahələrə sanksiyalar tətbiq olunacağı şübhə doğurmur.

ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi “ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı hər gün daha sərt sanksiyalar üzərində işləyir”. Rusiyanın bu sanksiyalara nə qədər tab gətirəcəyini söyləmək çətindir, amma sanksiyaların hələ yeni-yeni tətbiq olunduğunu nəzərə alsaq deyə bilərik ki, Rusiya sanksiyaların təsirini yaxın iki aydan sonra daha şiddətli şəkildə hiss edəcək. Təkcə bir ay ərzində Rusiyanın neft satışının 70% aşağı düşdüyünü, qaz satışında 21%-dən artıq geriləmə olduğunu nəzərə alsaq deyə bilərik ki, Rusiya üçün ağır günlər hələ qabaqdadır. Tətbiq olunan sanksiyalar fonunda problemlər hələ yeni başlayır. Təkcə istehsal sahəsini götürsək deyə bilərik ki, xaricdən gətirilən komplektləşdirici məhsullarla işləyən bütün müəssisələr zərər çəkəcək. Hələ ki, bütün fabrik, zavodların ehtiyatı var idi və onlar az da olsa istehsalı davam edirdilər. Lakin bu ehtiyatlar may ayına kimi tükənəcək və bunu Rusiya özü də etiraf edir. Sonra isə məcburi şəkildə kütləvi işsizlik meydana çıxıcaq. Bütün sadalananlar onu deməyə əsas verir ki, 2022-ci il Rusiya üçün çöküş ili olacaq və sanksiyaların təsirini kompensasiya etmək üçün yeni iqtisadi münasibətlərin yaradılmasının qısa vaxt ərzində mümkünsüzlüyü bu ölkəni defolt həddinə gətirib çıxaracaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə