Birinci Qarabağ müharibəsində ŞƏHİDLİK zirvəsinə ucalan oğullardan biri - Yarməmmədov Muğan İsa oğlunun bu gün 50 yaşı tamam olur. Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının və Alpout kənd 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Muğan Yarməmmədovun doğum günü qeyd edilmişdir. Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, bir qrup şəhid atalarının, Ucar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Mədinə Əhmədova, rayon Gənclər və İdman İdarəsinin, rayon İncəsənət məktəbinin kollektivlərinin nümayəndələrinin iştirakı ilə əvvəlcə rayonun Alpout kənd qəbiristanlığında Muğan Yarməmmədovun məzarı ziyarət olundu, məzarın önünə əklil və tər-çiçəklər qoyuldu, ruhuna dualar oxundu. Həmçinin, Muğan Yarməmmədovla eyni məzarlıqda uyuyan Şirvan Həsənovun, Kərim Əliyevin və Ayaz Xəlilovun məzarları da ziyarət olundu.
Daha sonra tədbir Muğan Yarməmmədovun təhsil aldığı Alpout kənd 1 saylı tam orta məktəbdə davam etdi. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Çıxış edənlər - şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, şəhid gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, şəhid Ayaz Xəlilovun atası Qnyaz Xəlilov, Birinci Qarabağ müharibəsi şəhidi Şirvan Həsənovun qardaşı Nəriman Həsənov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın keçdiyi şərəfli yol bugünkü və gələcək nəslə ən böyük vətənpərvərlik nümunəsi olduğunu bildirmişlər. Şəhidin anası İmmi Nuriyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirmişdir.
Yarməmmədov Muğan İsa oğlu 01 aprel 1972-ci ildə rayonun Alpout kəndində anadan olub. Ailədə 8 uşaq - 5 qardaş 3 bacı arasında 7-ci uşaq, 4 oğul övladı idi. Alpout kənd 1 saylı orta məktəbi bitirdikdən sonra 1989-cu ildə Bakı Maliyyə Kredit Texnikumuna qəbul olunub. 19 iyun 1990-cı ildən 19 aprel 1992-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra texnikumda təhsilini davam etdirib. 05 noyabr 1993-cü il tarixdə Ucar Hərbi Komissarlığından səfərbərliyə alınaraq 702 saylı hərbi hissədə xidmətə başlamışdır. Yefreytor rütbəsində 4 ay 17 gün Qarabağ müharibəsində iştirak edib, 22 yaşının tamamına 1 həftə qalmış 22 mart 1994-cü il tarixdə Füzuli rayonunun Şükürbəyli kəndində şəhid olmuş, 23 mart tarixində Alpout kənd qəbiristanlığında dəfn olunmuşdur.
Muğan Yarməmmədov subay idi. Özündən kiçik və illər öncə dünyasını dəyişən qardaşı Uğurun 01 sentyabr 2009-cu il təvəllüdlü oğlunun adında Muğan Yarməmmədov yaşayır.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB