“Ermənistanda bəlli siyasi dairələr Putin iqtidarından narazıdırlar” - AÇIQLAMA
“Rusiyanın Ukrayna ilə hərbi qarşıdurması və bu zaman Qərbin Zelenski iqtidarının yanında yer alması ilə bir çox nüfuzlu siyasətçilər, siyasi şərhçi və tədqiqat mərkəzləri bu qarşıdurmaya görə Rusiyanın MDB məkanında, o cümlədən Cənubi Qafqazda təsir imkanlarının zəifləyə biləcəyi ilə bağlı fikirlər irəli sürürlər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Ukraynadakı məlum hadisələr Rusiyaya böyük maliyyə məsrəfləri, hərbi, təhlükəsizlik resurslarının müəyyən hissəsinin xərclənməsi diplomatik, kəşfiyyat fəaliyyətinin əhəmiyyətli dərəcədə bu istiqamətə yönəltməsi hesabına başa gəlir: “Azərbaycanın 44 günlük Vətən müharibəsilə Cənubi Qafqazda Qərbin maraqlarına cavab verməyən yeni geosiyasi reallıqların çıxdaş edilməsi, dəyişdirilməsi cəhdləri mümkündür. Rusiyanın moderatorluğu ilə imzalanmış “Moskva müqaviləsi”nin şərtlərinin Ermənistanı əsla qane etməməsi bəllidir, hərçənd məhz bu müqavilə və Rusiyanın son və həlledici anda münaqişəyə müdaxiləsi rəsmi İrəvan iflas olmaq, öz dövlətçiliyini itirmək təhlükəsindən qurtarmışdır. Lakin Ermənistanda bəlli siyasi dairələr bu gün də müəyyən mənada Putin iqtidarından narazıdırlar, onlar belə düşünürlər ki, Rusiya KTMT üzrə müttəfiqi olan Ermənistanı tək buraxmasaydı, ona hərbi, siyasi və maliyyə dəstəyi verməkdə davam etsəydi, vəziyyət başqa cur də ola bilərdi. Putinin Paşinyandan Moskva razılaşmalarının şərtlərinin nəhayət ki, yerinə yetirilməsi ilə bağlı təklifləri şübhəsiz ki, Ermənistanı qane etmir. Digər tərəfdən bölgə dövlətlərindən Türkiyə və İranın 3+3 formatında əməkdaşlığa hazır olmaları və bununla bağlı Ermənistana ünvanlanmış tələb və təklifləri Paşinyan iqtidarını pis vəziyyətdə qoyur. Türkiyənin məlum şərtlər müqabilində Ermənistanla münasibətləri normal axara salmağa hazır olması ilə bağlı təklifləri də Ermənistandan öz həqiqi simasını gizlətmək, bölgədə sülh və dayanıqlı sabitliyə təhlükənin məhz onun tərəfindən gəlməməsi amilini qabartmaq üçün yollar aramağa vadar edir”.
Politoloq onu da bildirib ki, son vaxtlar Qarabağın enerji, qaz təminatı ilə bağlı məsələlərdə yaşanan hadisələrlə bağlı Azərbaycan hakimiyyətinə ünvanlanmış xahiş və təklifləri, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olmaları ilə bağlı müraciətləri şübhəsiz ki, Ermənistan hakimiyyətini əməlli başlı narahat etməyə başlayıb: “Hadisələrin bu istiqamətdə davam etməsi Ermənistan millətçilərinin illərdən bəri Qarabağla bağlı dünya ictimaiyyətinə sıramaq istədikləri mif və əsatirlərin yox olmasına səbəb ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Şərqi Zəngəzur” dəhlizinin açıla biləcəyi ilə bağlı verdiyi bəyanatlar, onun həmişə olduğu kimi nümayiş etdirdiyi siyasi iradə və qətiyyət də rəsmi İrəvanı yetərincə düşünməyə məcbur edir. Azərbaycan sülh danışıqlarına qədər bölgədə nəqliyyat kommunikasiya dəhlizlərinin açılması, sərhədlərin demarkasiya olunması, nəhayət dövlətimizin ərazisindən Ermənistana məxsus silahlı birləşmələrin çıxarılması tələbini qəti və birmənalı qoyur. Məhz bu amillər bütövlükdə götürüldükdə Ermənistanı sülh danışıqlarına qısa zamanda başlamağa sövq edir. Lakin erməni tərəfi danışıqları ATƏT Minsk Qrupunun vasitəçiliyi ilə aparmaq niyyətində olduğunu bildirir, bu zaman Ermənistan Qərbdəki havadarlarının köməyinə ümid edir. Zira erməni tərəfi bölgədə yeni geosiyasi reallıqların ABŞ və Fransanı müəyyən mənada təmin etməməsinin mahiyyətinə varır. Digər tərəfdən Rusiya və Azərbaycan arasında müttəfiqlik barədə müqavilənin bağlanmasını da Ermənistanı Rusiyaya tərəf ehtiyatla baxmağa sövq edir, hərçənd, rəsmi Moskvanın Qarabağ məsələsinə münasibəti fərqlidir. MDB-dəki digər münaqişələrlə müqayisədə, Rusiyanın siyasi elitasında, Dövlət Dumasında, hərbi sənaye kompleksində Ermənistanla münasibətlərə əvvəlki dövrlərdə olan kimi baxanlar da var. Bölgədə Rusiya sülhməramlılarının hərəkətlərində müşahidə olunan ikili standartlar, ayrı-ayrı siyasətçilərin rəsmi Bakını guya ki, Moskva razılaşmalarının şərtlərinə əməl etməməkdə günahlandırmaları da Ermənistanın Rusiyadakı bəlli dairələrlə işgüzar münasibətlərindən irəli gəlir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB