Rusiya Ukrayna müharibəsi nə ilə nəticələnəcək? - MÜSAHİBƏ

Rusiya Ukrayna müharibəsi nə ilə nəticələnəcək? - MÜSAHİBƏ

Hərbi ekspert Ramil Məmmədlinin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Rusiya Ukrayna müharibəsi neçə gündür davam edir. Bu müharibənin qalibi kim olacaq? Müharibənin sonu necə nəticələnəcək?

- Rusiya Ukrayna müharibəsinə bir neçə aspektdən baxmaq lazımdır. Bu müharibə digər müharibələrdən, həmçinin bizim müharibədən fərqlənir. Azərbaycan əraziləri işğal altında idi və Azərbaycan ordusu ərazilərini işğaldan azad etmək üçün bəlli istiqamətdə, məlum səbəblərdən hərbi əməliyyatlara başladı. Torpaqları işğaldan azad etdi. Ukraynada gedən müharibənin isə formatı tamamilə fərqlidir. Bu müharibə Rusiya Ukrayna müharibəsi deyil, bu Ukrayna ərazisində Rusiya-Amerika və onun müttəfiqləri arasında gedən müharibədir. Biz bunu hərbi əməliyyatlar başlayandan sonra hiss etdik. Bir müddət sonra isə faktlarla bunun şahidi olduq. Ona görə bu müharibəni Ukraynada gedən müharibə kimi qeyd edirəm. Bir mənalı olaraq deyə bilərik ki, Ukrayna ərazisində Rusiya ordusunun əsgəri ilə yanaşı amerikan əsgəri də döyüşür, bəzi Qərb ölkələrinin əsgərləri də döyüşür. Ukraynadakı müharibəni idarə edən birmənalı olaraq Qərbdir. Amerika, Böyük Britaniya, Almaniya və digər tərəf Fransadır. Digər tərəfdə isə Rusiya və onun müttəfiqləri dayanır. Onun müttəfiqləri İrandır, Çindir.

- Bəs NATO niyə bu müharibəyə qoşulmur?

- Amerika və digər üzvlər NATO üzvləridir, onlar ayrı-ayrılıqda bu müharibədə iştirak edirlər. NATO-nun bir qurum olaraq bu müharibədə iştirak etməsi 3-cü dünya müharibəsinin miqyasının genişlənməsinə gətirib çıxara bilər. NATO açıq şəkildə Rusiya ilə qarşı-qarşı gəlməkdən çəkindi. Əlbəttə bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, müharibənin daha geniş miqyas almamasını istəyir. İkinci səbəb odur ki, Ukraynanın poliqona çevrilməsini istəmir. Üçüncü səbəb isə odur ki, müharibə bitdikdən sonra münasibətlərin normallaşması üçün cığır yolu qalsın. Düşünürəm ki, bu müharibə dünyada yeni dövrün başlanğıcıdır, yeni xəritələrin cızılmasıdır. Hesab edirəm ki, müharibədən sonra bir çox şey fərqli formada olacaq.

Bu müharibə Qərbin təbliğat vasitəsidir. Bu təbliğat Rusiyaya da sərf edir, Polşanın və Baltikyanı ölkələri qorxu altında saxlamaq üçün Rusiyanın xeyrinə işləyən dezinformasiyadır. Amma unutmayaq ki, bu ərazilərdə də NATO üzvləridir. Bu ərazilərdə baş verən hərbi əməliyyatlar xüsusilə də Rusiyanın ora müdaxiləsi məsələlərə başqa format qata bilər.

- Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar dayana bilərmi?

- Ukrayna Donetsk, Luqansk və Krımın öz əraziləri olmadığını bəyan etməlidir. Krımın Rusiyaya aid olduğunu, həmçinin Donetsk və Luqanskı isə müstəqil dövlət olmasını tanımalıdır. Belə olarsa Rusiya müharibəni dayandırmaq üçün razılığa gələ bilər. Əks təqdirdə isə hərbi əməliyyatların miqyası bu şəkildə davam edəcək. İndi format biraz dəyişib. Əvvəl Rusiya sürətli hücum əməliyyatlarını həyata keçirirdisə indi daha çox müdafiəyə üstünlük verir. Məqam gəldikdə isə əks hücüm əməliyyatları həyata keçirir.

- Belə bir məlumatlar var ki, dünya nüvə müharibəsinə hazırlaşır. Bu haqda nə düşünürsünüz?

- Nüvə müharibəsi ilə bağlı məsələlər inandırıcı deyil. Ola bilər ki, müəyyən hədələr olsun. Amma düşünmürəm ki, bu proses baş versin. Çünki bunun fəsadları çox ağır olacaq. Həm də Ukraynanın bəzi ərazilərində ruslar yaşayır. Bu proseslərin Azərbaycana həm müsbət, həm də mənfi təsiri var. Mənfi təsiri odur ki, Azərbaycan kütləvi şəkildə soydaşlarını qəbul etmək məcburiyyətində qaldı. Bu isə iqtisadi xərclər hesabına meydana çıxır. Həmçinin bir sıra iqtisadi məsələlər, hərbi layihələr təxirə salındı. Müsbət tərəfi isə odur ki, Azərbaycan keçmiş SSRİ məkanında, həmçinin regionda öz əhəmiyyətini sübut edə bildi. Regionun yeni quruluşunda öz mövqeyini və öz yolunu göstərdi. Sübut etdi ki, keçmiş SSRİ məkanında azsaylı müstəqil dövlətlərdən biridir.

- Qarabağda vəziyyət yenidən gərginləşir. Sizcə bu gərginlik hansı həddə kimi çatacaq və nə ilə nəticələnə bilər?

- Bu gün Ermənistanda daxili ictimai-siyasi vəziyyət o qədər də qənaətbəxş deyil. Bundan əlavə Ermənistan Silahlı Qüvvələri ordusunda problemlər var. Çünki itkilər tam bərpa olunmayıb. Azərbaycan ordusu ilə müharibə apara biləcək texnikaya malik deyillər. Həmçinin hərbi qulluqçuların döyüş hazırlığı yüksək səviyyədə deyil. Ən əsası isə Ermənistanın psixoloji vəziyyəti yerində deyil. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatların başlamayacağına bir nümunədir. Azərbaycanda isə tamam fərqli vəziyyətdir. Ordu davamlı olaraq işğaldan azad edilmiş ərazilərin təmizlənməsi, təhlükəsizlik zolaqlarının qorunması ilə məşğuldur. Bu baxımdan ermənilər Qarabağda təxribatlar törədərək beynəlxalq ictimaiyyətin diqqətini regiona yönəltmək istəyir.

Ermənistanın siyasi həyasızlıqları həqiqəti əks etdirmir. Əgər Azərbaycan hərbi əməliyyatlara başlasa idi məhz elə Fərrux istiqamətində Fərrux zirvəsini nəzarətə götürəndən sonra şimal istiqamətində Xocalının Ballıca qəsəbəsinə qədər əraziləri, cənub istiqamətindən isə Şuşaya qədər olan bütün istiqamətləri təmizləyərdi.

Fərrux zirvəsi Əsgəran şəhərinin cənub istiqamətində yerləşir. Fərrux zirvəsi strateji xarakter daşıyır. Həmçinin Xocavəndə qədər olan əraziyə nəzarət etmək imkanı yaranır. Biz bu yüksəkliyin 1-ci Qarabağ müharibəsində hansı itkilər hesabına nəzarət etdiyimizi yaxşı bilirik. Yüzlərlə hərbi qulluqçu bu istiqamətdə şəhid olub. Düşünürəm ki, Azərbaycan həmin ərazidə nəzarəti gücləndirməklə Ermənistanın Qarabağdakı layihələrinin üzərindən bir xətt çəkmiş oldu. Çünki biz Qarabağın dağlıq hissəsinin yalnız keçmiş Ağdərə rayonu istiqamətindən, yəni Talış kəndi, Suqovuşan kəndi və Suqovuşan bölgəsi ərazisindən daxil olmuşuq. Həmçinin Hadrut və Xocavənd istiqamətindən daxil olmuşuq. Lakin Qarabağın mərkəz hissəsini, yəni Xocalı rayonunun dərinliyinə doğru hər hansı mövqeyə irəliləməmişdik. Bu bir ilkdir. Bu hadisə ermənilər üçün ciddi narahatlıq yaradan bir məsələdir. Bu ərazilər olduqca strateji əhəmiyyətə malikdir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə