44 günlük müharibədə də təhlükəsizlik orqanlarımızın xidməti danılmazdır - MİLLƏT VƏKİLİ DANIŞDI

44 günlük müharibədə də təhlükəsizlik orqanlarımızın xidməti danılmazdır - MİLLƏT VƏKİLİ DANIŞDI

“Dövlət təhlükəsizliyinin qorunmasında xüsusi qurumların, o cümlədən də Dövlət Təhlükəsizlik Xidmətinin çox böyk rolu var. Bildiyimiz kimi “Azərbaycan Respublikasının Təhlükəsizliyi haqqında qanun”, eyni zamanda “Azərbaycan Respublikasının Təhlükəsizliyi Konsepsiyası” mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, bütün bunlar cənab Prezident tərəfindən təsdiq olunub: “Həm qanunda, həm də konsepsiyada Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin təhlükəsizliyinin qorunması xüsusi bir tapşırıq olaraq xüsusi dövlət orqanlarının qarşısında qoyulub. Hesab edirəm ki, 44 günlük müharibə ərzində də bizim xüsusi təhlükəsizlik orqanlarımızın xidməti olduqca böyük olub. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasında onların təbii ki, xüsusi xidmətlərinin olduğu danılmazdır.

Hazırda dünyada cərəyan edən hadisələr belədir ki, bir çox dövlətlərin təhlükəsizliyi ilə bağlı təhdidlər mövcuddur. Azərbaycan dövləti də nə qədər çox inkişaf edirsə, irəliyə gedirsə, bir o qədər də gözü götürməyənlər çoxalır. Onlar həm daxildən, həm də Azərbaycanın xaricindən çalışırlar ki, ölkəmizə qarşı müxtəlif təhdidlərə səbəb olsunlar. Belə bir vəziyyətdə Dövlət Təhlükəsizlik orqanı dövlətimizin iqtisadi, ekoloji cəhətdən də müdafiəsində əllərindən gələni edirlər.

Bildiyimiz kimi, biz Ermənistan kimi bir dövlətlə qonşuyuq və 30 ilə yaxın idi ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayırdı. Qeyd etdiyim kimi, torpaqlarımız işğaldan azad olunduqdan sonra da Ermənistanın Azərbaycana qarşı təhdidləri hələ də davam edir. Dövlət sərhəddində təxribatlar törədirlər. Eyni zamanda Qarabağda erməni separatçılarının tör-töküntüləri hələ də fəaliyyət göstərir. Baxmayaraq ki, 2020-ci ildə imzalanmış bəyannaməyə görə qanunsuz erməni silahlı dəstələri Qarabağ ərazisini tərk edib, getməli idilər.

Bu günkü gün münasibətlə xüsusi xidmət orqanlarının şəxsi heyətlərini ürəkdən təbrik edirəm. Həqiqətən də onlar Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunmasında böyük əziyyət çəkirlər”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə