Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir - DEPUTAT ŞƏRH ETDİ
"Bu gün Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyə bilərik. Artıq İran da 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı yeni geopolitik reallığı qəbul edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, İranın keçmiş prezidenti Həsən Ruhanidən fərqli olaraq İbrahim Rəisi ölkənin xeyrini və ziyanını daha düzgün qiymətləndirir: "Onun bu cür praqmatik düşüncəsi və reallığı görməsi Azərbaycan ilə münasibətləri yeni səviyyəyə çıxarmağa da səbəb oldu. Azərbaycan və İran arasında əhəmiyyətli müqavilələr bağlanılır. Hər iki dövlət bir-birinin maraqlarını ciddi şəkildə nəzərə alır. İki qonşu ölkə arasında Türkmənistan qazının Azərbaycana ötürülməsi ilə bağlı müqavilə bağlanıb. Bu da Azərbaycanın müəyyən ehtiyaclarının ödənməsinə səbəb olacaq. Azərbaycan da bunun əvəzində İranın müəyyən ərazilərini enerji ilə təmin edəcək.
Bundan əlavə İran ilə Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı yeni bir müqavilə imzalanıb. Bununla da Azərbaycan İran ərazisindən Naxçıvana alternativ çıxış əldə edir. Həmçinin yeni körpülərin salınması, avtomobil dəmiryollarının hazırlanması baş tutacaq. Bu nəqliyyat dəhlizinin yaradılması, Azərbaycan və İranın regionda iqtisadi imkanlarının artırılmasına səbəb olmaqla yanaşı, həm də onların dünya miqyasında nüfuzunu artıracaq. Bu dəhliz İran məhsullarının daha asan və qısa yolla dünya bazarına çıxarılmasında əhəmiyyətli rol oynayır. İki dövlət arasındakı münasibətlərin bu şəkildə inkişaf etməsi Ermənistanın İranla bağlı düşüncələrinin dəyişməsinə gətirib çıxarır. Eyni zamanda bu, Ermənistanın reallığı görərək Azərbaycan ilə daha tez sülh müqaviləsi bağlamağına səbəb ola bilər".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB