Vladimir Putinin apardığı mənasız müharibə artıq minlərlə insanın həlak olması, ağır yaralanması və ya travma alması ilə nəticələnib. Bu, həm də Ukraynanın evlərinin və infrastrukturunun dağıdılmasına səbəb olub. Ukraynanı tərk edənlər evlərinə nə vaxt qayıda biləcəkləri və orada nə tapacaqları ilə maraqlanırlar. Sözsüz ki, qarşıda daha çox faciə görünür. Buna görə də atəşkəs istəyi durmadan artır, amma görək, prezident Putinin ən iddialı məqsədlərinə çatması üçün səy göstərdiyi, çalışdığı müddətdə bunun hansı formada olacağını təsəvvür etmək mümkündürmü?
Bu müharibənin necə bitəcəyini təbii ki, bir çox insanın qərarları müəyyən edəcək. Ukraynalı mülki əhali Rusiyanın onların ərazilərini amansızcasına bombalaması qarşısında möhkəm dayana biləcəkmi? Ukraynalıların yüksək əhval-ruhiyyəsi, vətənpərvərlik ruhu bu qədər dağıntılardan, itgilərdən, yaxud ola biləcək ciddi uğursuzluqdan sonra yenə də olacaqmı? Yaxud, Rusiyada insanlar müharibənin məqsədləri ilə bağlı aldandıqlarını anlayanda və gənclərinin nəticəsiz, mənasız şəkildə həlak olduğunu dərk edəndə, ya da qəbul edəndə Rusiya tərəfində nə baş verəcək? Bir çox əsgər, çağırışçı düşdüyü qorxulu və gözlənilməz vəziyyətə necə reaksiya verəcək? Bəs insan və texnika itkisindən, ehtiyatın azlığından təşvişə düşən, nə əmri yerinə yetirə, nə də geri çəkilə bilməyən zabitlər necə olacaqlar? Putinin ətrafı müharibənin pis getdiyini anlayaraq hazırkı strategiyanın dəhşətli nəticələrini öz liderinə necə izah edəcək? Putinin özü necə olacaq? Hansı məqamda o, karyerasının ən böyük oyununu uduzduğunu anlayacaq?
Nəzərə alaq və xatırladaq ki, Rusiya indiyədək fevralın 24-dən əvvəl Ukrayna ətrafında cəmlədiyi qüvvələrin 90%-dən çoxunu səfərbər edib, amma hələ də öz ilkin tapşırıqlarını yerinə yetirə bilmir. Təqdim olunan mövcud durum belə rusların üzləşdiyi çətin vəziyyəti tam şəkildə ifadə etmir. Vəziyyət heç də bir sıra qeyri-adi videolarda göründüyü kimi deyil və alındığı iddia edilən şəhərlər də əslində tam şəkildə rusların əlində deyil. Bunu hadisələrin gedişatı məntiqi şəkildə göstərir. Əhali, ukraynalılar qətiyyətlə Ukraynaya sadiq olaraq qalır ki, bu da nəinki onların Rusiya işğalından narazı olduqlarını göstərir, bu, həm də effektiv nəzarətin olmamasının üsyana çevriləcəyi təqdirdə Rusiya bölmələri üçün ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq deməkdir. Çernobıl yaxınlığındakı Pribirskdən Kiyev yaxınlığındakı Antonov hava limanına qədər uzanan 60 kilometrlik rus karvanı günlərdir ki, yerindən tərpənmir, heç yerə getmir və bu karvan xarab olmuş, tərk edilmiş və ya Ukrayna qüvvələrinin hücumuna məruz qalmış avtomobillərlə doludur. Üzdə olan real mənzərə Rusiyanın zəif planlamasını və məhdud avadanlıqlarla təchiz olunduğunu təsdiq edir.
Təbii ki, əgər ukraynalılar müharibənin ilkin mərhələlərindən irəliləyən rus ordusu ilə açıq meydanda vuruşmalı olsaydılar, ağır məğlubiyyətə uğrayardılar. Lakin göründüyü kimi, rusların hücumu bir neçə istiqamətdə və hətta bu istiqamətlərdə dağınıq şəkildə və parçalanmış şəkildə oldu. Bu da ukraynalılar üçün ayrı-ayrı bölmələri vurmaq baxımından yaxşı imkan demək idi. Nəticədə ruslar Kiyevi mühasirəyə almaq məqsədi ilə qoşun toplamaq üçün kifayət qədər mübarizə apardılar, insan və texnika baxımından böyük itkilər verdilər. Əməliyyat zamanı rus komandirləri cəbhəyə keçərkən və hücum qüvvələrini təşkil etməyə çalışarkən həlak oldular. Bu, təbii ki, Rusiyanın itgisi idi və bunu ruslar yaxşı bilirlər.
Ruslar, görünür, boşluqları doldurmaq, yəni, istər ehtiyat qüvvə çağırmaq, istərsə də daha çox muzdlu əsgər cəlb etmək və ya Rusiyanın digər bölgələrindən bölmələr toplamaq üçün əlavə qüvvələr tapmağın yollarını axtarırlar. Amma bu, Rusiya üçün risklər deməkdir. Əvvəla heç bir ölkə digər düşmənlərin istifadə edə biləcəyi həssas vəziyyətlər yaratmaq istəməz. Digər tərəfdən də, hazır olmayan qoşunların səfərbər olunması və cəbhəyə doğru irəliləməsi təchizat xətlərində daha da böyük “yük” yarada bilər.
Təbii ki, cənubda müharibə fərqli şəkildə müşahidə olunur. Ruslar eyni logistik problemlərlə üzləşmədilər və Qara dənizdəki Ukrayna limanlarına hücum edə bildilər. Onlar Donbassın separatçı rayonlarını Krımın ilhaq edilmiş ərazisinə birləşdirməyə yaxındırlar və hətta bəzi analitiklər Putinin onları məhdudlaşdırmaq qərarına gəldiyi təqdirdə bu əraziləri hər zaman mümkün hərbi əməliyyat hədəflərindən biri kimi hesab edirlər. Ruslar Xersonda azadedicilər, “xilaskar” kimi qarşılanmadılar və onlar da burada qanlı qırğınlar törətdilər, dinc əhalinin qaçmasına belə imkan vermədilər. Bütün bunlara baxmayaraq, ruslar hələ də Mariupolu da ələ keçirə bilməyiblər. Doğrudur, ruslar bu vəhşiliklərin ardınca onlara qarşı çıxanların daha itaətkar olacaqlarını gözləyirdilər və elə zənn edirdilər ki, bununla əraziləri daha tez ələ keçirə bilərlər, amma göründüyü kimi, yanılıblar. Göründüyü kimi, rus qoşunları bəzi şəhərlərə daxil olsalar da, onlardan heç biri hələ də təslim olmayıb.
Xüsusilə, Kiyev və Xarkov müqavimət göstərməyə davam edərsə, rus ordusunun bu şəkildə nə qədər dayana biləcəyi ilə bağlı müxtəlif təxminlər var. Ehtiyatları artırmaq üçün ciddi səylər olmadan, bunun 3 həftədən çox davam etməyəcəyi güman edilir. Ruslar uzunmüddətli müharibə planlaşdırmamışdılar və müharibənin uzun müddət davam edəcəyi hal üçün tədbirlər görməmişdilər. Təbii ki, müharibələr tez yekunlaşdırıla, qalibiyyət tez də əldə oluna bilər. Məsələn, 1967-ci ilin iyununda İsrail Misirdən Sinayı, İordaniyadan İordan çayının qərb sahilini, Suriyadan isə Qolan təpələrini altı gün ərzində aldı. Belə nümunələr yenə də var və buna Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan cəmi 44 gün ərzində azad etməsi savaş nümunəsini də əlavə etmək yerinə düşərdi. Lakin Azərbaycan işğalçı ölkə deyildi və məqsəd işğalçını öz torpaqlarından qovmaq, terrorun, terrorçuluğun, separatçılığın kökünü kəsmək idi ki, buna da öz gücü ilə, qüdrəti ilə, güclü, qüdrətli, uzaqgörən, qətiyyətli Ali Baş Komandanının rəhbərliyi ilə, xalqın həmrəyliyi, ordusunun şücaəti ilə nail oldu. Məsələ burasındadır ki, fərqli olaraq, Rusiya təcavüz etdi və istədiyinə nail ola bilmədi, əslində getdikcə uduzmaqda, daha böyük itgilərlə, daha acınacaqlı durumla qarşılaşmaqdadır.
Cəbhə xətti durğunlaşdıqdan və hücum dayandıqdan sonra problemlərin qabaracağı bəlli məsələdir. Müharibə nəticəsində ölkələrin iqtisadi və sənaye gücünün necə zəiflədiyi heç kim üçün qaranlıq məqam deyil. Buna görə də Kreml artıq narahat olmalıdır. Əslində, narahatdır da. Ona görə narahatdır ki, Rusiya Ukraynada qaldıqca, onun sanksiyalar altında olan iqtisadiyyatı daha böyük çətinliklərlə üzləşəcək. Müharibə aparmaq Rusiyaya baha başa gəlir. Bunun Rusiya vətəndaşları ilə yanaşı bütün dünya da bilir. Yayımlanan məlumatlara görə, gündəlik xərclə təxminləri 500 milyon dollardan 20 milyard dollara qədərdir. Bu rəqəmlər heç də kiçik rəqəmlər deyil və hərhansı ölkə üçün, onun iqtisadiyyatı üçün çox böyük zərbədir.
Tez bir zaman fasiləsində silahlı ukraynalıları alt-üst edəcək modernləşdirilmiş və bacarıqlı rus ordusu haqda müharibədən əvvəl dolaşan fərziyyələr, miflər artıq darmadağındır. Doğrudur, rusların bu müharibəni uduzacağına dair əks fərziyyəni də qəbul etmək çətindir. Burada iştirakçıların əhval-ruhiyyəsi, döyüş ruhu önəmli sayılır. Əgər Rusiyanın hələ də sadə ukraynalıların həyatını acınacaqlı vəziyyətə salmaq və bunkerlərə girməyənləri də oraya sürükləmək üçün öz atəş gücündən istifadə etmək imkanları olmasaydı, onun uğursuz olduğunu söyləmək olardı. Ordusunun patoloji çaşqınlıq göstərdiyi, ən azından cənubdan uzaqda maddi-texniki təchizatının, sözün həqiqi mənasında parçalandığı, idarəetmə sistemlərinin pisləşdiyi və qoşunların ruhdan düşdüyü bir reallıqdır. Müharibənin qeyri-müəyyən bir məsələ, bir məqam olduğunu da vurğulamalıyıq. Beləki, ukraynalılar daha çox əks-hücumlar təşkil edə bilsələr və Rusiya qüvvələrini sadəcə onları saxlamaq əvəzinə geri itələməyə başlasalar, o zaman vəziyyət daha kəskin şəkildə dəyişə bilər. Bu baxımdan Ukraynanın ən böyük ümidi mümkün qədər uzun müddət müdafiə olunaraq iqtisadi sanksiyaların həyata keçməsi, qarşı tərəfi zəiflətməzi, bir növ sıxışdırması üçün şərait yaratmaqdır.
Daha bir başqa məqam da diqqəti cəlb etməyə bilməz. Beləki, mövcud vəziyyət səbəbindən rus xalqının necə ruhdan düşdüyü, böyük bir güc olduqları barədə ümidlərinin puça çevrilməsi fonunda necə mənəvi sarsıntı keçirdiyi də bir reallıqdır. Təkcə bununla da bitmir və indi ruslar daha böyük məhrumiyyətlərlə, sanksiyalarla üz-üzədirlər. Rus xalqının itgisi az deyil. Sıravi Rusiya vətəndaşı məhrumiyyətlərlə üzləşib. Ruslar məhz bu müharibə səbəbindən sıxıntı keçirirlər və Rusiya iqtisadiyyatına dəyən ziyanı, zərəri nəzərə alsaq, onların bundan sonra da çıxıntı keçirəcəklərini təkzib etmək olmaz. Bəli, müharibə heç bir tərəfə itgisiz ötüşə bilməz. Ukraynanın dağılmış şəhərlərinin bərpası, itgilərinini yerinin doldurulması üçün nələrlə üzləşdiyi bəllidir. Ukraynalılar, ən yaxşı halda tərk etdikləri yurd-yuvalarına qayıdanda orada öz evlərini görməyə, yaxud dağılmış vəziyyətdə görə bilərlər, amma onlar dərk edirlər və edəcəklər ki, bura onların vətənidir və itirdikləri də vətənin müdafiəsi üçün olub. Bəs ruslar belə düşünə biləcəklərmi? İndi məhrumiyyətlərlə qarşılaşan ruslar təkcə indiki zaman üçün itirmədilər, onlar gələcək ümidlərini də itirdilər. Görəsən, bu vəziyyətlərini mövcud hakimiyyətə bağışlayacaqlarmı? Bu suala zaman özü cavab verəcək, amma hər bir halda vəziyyətlə barışmayacaqlar. Daha dəqiq desək, hər bir halda müharibə Rusiyaya baha başa gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB