Dövlət başçısının Sərəncamına əsasən, milli poeziyamızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illiyi qeyd olunacaq
Azərbaycan ədəbiyyatı çoxəsrlik yol keçərək zamanla cəmiyyət arasında olan reallıqları özündə cəmləşdirmiş, insanlıq, humanizm prinsiplərini real lövhələrlə təcəssüm etdirmişdir. Bu ədəbiyyatı yaradan, yaşadan və zaman, insanlıq meyarlarını, cəmiyyətdəki prossləri diqqətə çəkən nümayəndələri - görkəmli yazıçı və şairlərimiz olmuş, bədii nümunələri ilə Azərbaycan sərvətini, irsini bədiiləşdirərək dünya klassikasında yerini qazandıra bilmişlər. Kimlərin həyat səhifəsi vərəqlənmir bu yaşanılan tarixdə. Nizamilər, füzulilər, qətran təbrizilər, nəsimilər, xaqanilər yetişdirən bu torpağın hər bir qələm sahibi vətənin gələcəyi, onun insanlarının firavan həyatı naminə söz səltənətində imzaların atmışlar. Azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən, şairə qadınlar yetişdirmişdir, onların sırasında Məhsəti Gəncəvi, Fatma xanım Kəminə, Aşıq Pəri və başqalarının adı və yeri var.
Belə nurlu insanlara qarşı hər zaman xalq məhəbbəti olmuş və əsərləri əldən-ələ keçərək diqqətlə mütaliə edilib, tədqiq belə olunmuşdur. Müasir dövrümüzdə Azərbaycan ədəbiyyatı tarixinin yaradıcıları olan simalara diqqət xüsusilə artmışdır.
Bildiyimiz kimi, bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev milli poeziyamızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin keçirilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Parlaq bədii istedada malik söz sənətkarı kimi ədəbiyyat tarixində özünəməxsus layiqli yer tutan Xurşidbanu Natəvan klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə tanınır.
Onunla bağlı olan tərcümeyi-halında qeyd olunur ki, Azərbaycanın görkəmli şairi Xurşudbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırırmışlar.
Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşudbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dili, onun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır. Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmamışdır. Qasım bəy Zakir, Mirzə Cavan, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirmişlər.
İKİ BÖYÜK NƏSLİN DAVAMÇISI
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay bəy Usmubəylə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib toy etmiş və Xurşudbanunu Dağıstana öz doğma kəndinə, oradan da Tiflisə aparmışdır.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir. Onlardan Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar. Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılır. Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar. Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Xanbikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub.
ŞUŞANIN TƏKRAREDİLMƏZ YARADICI AB-HAVASI
Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin başqa bir səbəbi, şübhəsiz, Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühiti də olmuşdur. Bəylər Məmmədov "Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır". Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır. Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış. Və dövrdən bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.
Natəvan poeziyası professional Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansıdır. Onu da deyək ki, bəstəkar "Xan qızı Natəvan" operasını da bəstələmişdir. Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından olan Xurşidbanu Natəvan incəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olmuş, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir.
XEYİRXAHLIĞI VƏ MESENATLIĞI İLƏ SEVİLƏN ŞAİRƏ
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir. Mənbələrdə göstərilir ki, Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin, məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" - yəni, dostluq, ülfət məclisi yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə "Məclisi-fəramuşan" adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi.
"Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı, məşhur xanəndə və sazandələr də iştirak etmişlər. Bunlardan Hacı Hüsü, Məşədi İsi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın adlarını çəkə bilərik. Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şeir, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi İsi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı". Füzuli adına Respublika Əlyazmalar İnstiututun fondunda saxlanılan Mir-Həsən Ağamirovun "Natəvan haqqında xatirələrdə" qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu. Gənc şairə Şuşada "Məclisi üns" ədəbi məclisini təşkil etmişdir.
MÖHTƏŞƏM ZƏFƏRİMİZİN TƏNTƏNƏSİ
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmışdır. Rəsmi Sənəddə də qeyd olunduğu kimi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB