Hərdən özümə sual verirəm, Avropa İttifaqına daxil olan ölkələrdə bir ağıllı, daha doğrusu əqli cəhətdən normal bir dövlət başçısı, yaxud deputat varmı? Yox, elə bilməyin ki, mən bütün əndazələri aşıb, kimsəni təhqir edirəm, yaxud hansısa fərdin əməllərinə qərəzlə yanaşıram, əsla. Məsələ burasındadır ki, hər birimiz Avropa İttifaqı deyilən qurumun parlamentində təmsil olunan avropalıların yetişmiş, savadlı, dünya siyasətindən baş çıxaran birisi kimi qəbul edirik. Asan məsələ deyil, bu parlamentarilər həm öz ölkələrini, həm də bütöv bir qitəni - Avropanı təmsil edirlər. Belə olan təqdirdə Avropa Parlamentində təsadüfi şəxslərin təmsil olunmasını ağlımızın ucundan da keçirmirik. Amma böyük səhv edirik. Bu qurumun son dövrlər verdiyi qərarlardan da görünür ki, burada nəinki təsadüfi, həm də ağıldan dayaz, bisavad, dünya siyasətindən tamamilə uzaq və qərəzli insanlar toplaşıb. Əgər bu ikiayaqlılarda bircə qram qeyrət olsa məni məhkəməyə verər, ağıllı olduqlarını sübuta yetirər və mənə bu dünyanı dar edərlər. Amma arxayınam, onlarda bu cəsarət heç vaxt olmayıb və xüsusən də əlahəzrət faktın qabağında boyunları qıldan nazikdir.
Məsələ belədir, Azərbaycan torpaqları 30 il erməni işğalında, tapdağında qaldı, keçmiş "Dağlıq Qarabağ" və onun ətrafındakı 7 rayon tamamilə məhv edildi, nəinki dini, mədəni abidələr, qəbristanlıqlar, hətta yaşayış evləri dağıdıldı, məktəblər, bağçalar, xəstəxanalar, muzeylər, məscidlər yerlə yeksan edildi, viran qoyuldu. Amma ağıllı Avropa susdu, sanki dağılan milli, dini, mədəni abidələr, yaşayış evləri deyilmiş. 30 il Avropaya, onun institutlarına, insan haqları barədə boğazdan yuxarı danışan qurumlara, elə Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına (AŞPA), NATO-nun və ATƏT-in parlamentlərinə çoxsaylı müraciətlər etdik, lakin hamısı qulaqlarına pambıq tıxadı, baş verənləri görməzdən gəldilər. Qarabağdan və Şərqi Zəngəzurdan, Ermənistandan qovulan milyondan çox azərbaycanlının hüquqlarını tanımadılar, səslərini eşitmədilər, mədəni abidələrimizin dağıdılması barədə faktlar göstərdik, baxıb bir kənara tulladılar. Budur Avropa və bu ittifaqı təmsil edən parlamentarilərin iç üzü. Yenə də onlardan soruşmaq istəyirəm, bu 30 ildə haralarda idiniz, harada itmişdiniz, məgər məscid dini abidə deyil? Nə olsun ki, xristian kilsəsi deyil? Dini, mədəniyyət abidəsi deyəndə siz təkcə xristian abidələrinimi nəzərdə tutrsunuz? Bəs sizin obyektivliyiniz harada qaldı?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qətnaməsinə dair bəyanat verib. Bəyanatdan qısa bir fikri sizin diqqətinizə çatdırıram: "Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanan, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən bu qətnamə eyni zamanda özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır. Beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdən bu qətnaməni birmənalı şəkildə “Avropa demokratiyasının növbəti qürubu” adlandırmaq olar".
Avropa demokratiyasını qürubu bu gün başlamayıb, 30 il bundan əvvəl, Ermənistandan azərbaycanlılar zorla qovulanda, Qarabağ və ətraf rayonların dinc əhalisi öz doğma yurd-yuvasından perik salınanda avropalıların heç nə olmamış kimi hadisələri sakitcə seyr etdiyi gün bu qitə əsl xristian sifətini, erməni təssübkeşi olduğunu açıq şəkildə göstərdi. Amma biz yenə Avropadan mədət umduq, düşündük ki, bəlkə keçmiş sovet respublikaları arasında baş verənlərdən xəbərləri yoxdur, informasiya qıtlığı çəkirlər. İllər ötdü, lakin Avropanın ermənipərəstliyi bitmədi, münaqişənin nizamlanmasına daha çox əngəl olmağa çalışdı, həqiqəti, ədaləti maraqlarına qurban verdi. Budur Avropanın sifəti, xisləti, iç üzü. İndi də Qarabağda erməni izi axtarır, guya erməni abidələrinin Azərbaycan tərəfindən məhv edildiyi barədə yalanlar tirajlayır. Mən hələ də inanmaq istəmirəm ki, Avropa bir dılğır Ermənistana görə Azərbaycanla düşmən olmağı gözə alsın, saxta millətin qondarma ittihamlarına şərik olsun.
"Geylər" ölkəsini - Hollandiyanı təmsil edən deputat, həm də Avropa Parlamentində “Dağlıq Qarabağın mədəni irsinin məhv edilməsi” adlı qətnamə layihəsinin həmmüəllifi, o cümlədən Avropa Xalq Partiyasının üzvü Piter van Dalen adlı ikiayaqlı bildirib ki, "Azərbaycan Dağlıq Qarabağın yerli sakinlərinin həyatını dözülməz edir, onlar təhlükə qarşısındadır". Onun sözlərinə görə, "Qarabağda hələ də çoxlu itkin düşmüş insanlar var, onlar haqqında heç nə məlum deyil. Dağlıq Qarabağın mədəni irsi dağıdılır, sistemli şəkildə məhv edilir. Kilsələr, tarixi binalar, abidələr, meydanlar dağıdılıb. Beləliklə, Dağlıq Qarabağın mədəni irsi tamamilə məhv edilə bilər. Avropa Parlamenti bu məsələdə yekdildir. Biz hamımız razıyıq, açıq şəkildə deyirik ki, Azərbaycandakı zorakılığı pisləyirik, Bakı hökumətinin ermənilərə qarşı nifrətini də pisləyirik”, - deyən Peter van Dalen YUNESKO-nu vəziyyətin ciddiliyini yoxlamaq üçün Dağlıq Qarabağa missiya göndərməyə çağırıb.
Bəli, Qarabağın harada yerləşməsindən bixəbər olan Van Dalen ermənilərə qahmar çıxır. Bütünlüklə qərəzə bürünüb bu subyekt. Avropa belə deputatlarla hara qədər gedə biləcək, bunu söyləmək çox çətindir. Avropa Parlamentinin qətnaməsi Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. İşğal dövrü Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunub. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Coxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Yalnız İslam dininə aid abidələrə qarşı vəhşilik edilməyib. Alban və xristian kilsələri də dağıdılıb, onların üzərində arxitektur dəyişikliklər aparılmaqla erməniləşdirilməsinə cəhd göstərilib.
Bir tərəfdən Avropa İttifaqı Cənubi Qafqazda sülhyaratma prosesində yaxından iştirak etmək istəyir, digər tərəfdən isə bu birliyin parlamentariləri başqa havalar çalır, fərqli mövqe sərgiləyirlər. Belə görünür ki, "Qoca Avropa" artıq tənəzzülə uğrayıb və başını itirib. Başı itənlərin, ağlı qaçanların isə yanımızda, regionumuzda , ölkəmizdə yeri yoxdur. Avropalılar tarixi, coğrafiyanı və ən əsası siyasəti öyrənməlidirlər. Onu da bilməmiş deyillər ki, avropalıların qəbul etdiyi qətnamələrin bizim üçün heç bir hüquqi əsası yoxdur, bu sənəd adi kağız parçasından başqa bir şey deyil.
V.VƏLİYEV








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB