Dövrün çağırışları yeni qanunların qəbulunu zəruri edib ŞƏRH

Dövrün çağırışları yeni qanunların qəbulunu zəruri edib ŞƏRH

Müasir dövrün çağırışlarına cavab olaraq əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Bu islahatların daha da dərinləşməsi və sürətlənməsi Milli Məclisin tərkibinin də yenidən formalaşması zərurəti yaratmışdır. Belə ki, Prezident İlham Əliyevin apardığı islahatlar yeni parlament institutunun formalaşmasını zərurətə çevirmişdir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkəmizin dinamik inkişafına nail olunub. Mühüm qlobal enerji və kommunikasiya layihələri reallaşdırılıb, sosial problemlərin həlli - işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib. Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkəyə çevrilib.

Fevralın 9-da demokratik şəraitdə keçirilən azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açmışdır. Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı. Parlament seçkilərinin təyin olunması ölkəmizdə aparılan çoxşaxəli və sistemli islahatların məntiqi davamı idi. Ali qanunvericilik orqanının rəhbərliyində, spiker və onun müavinlərinin, o cümlədən komitə sədrlərinin seçilməsində həm bitərəf, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunublar. Mövcud parlament dövlət başçısı tərəfindən aparılan sistemli və çoxşaxəli islahatların dərinləşməsinə önəmli töhfələr verir.

Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. Dövlət başçısının parlamentdə dərin məzmunlu, proqram xarakterli çıxışı və qaldırdığı məsələlər önəmlidir. Dövlət başçısı çıxışında "Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır."- deyə bildirmişdir.

Cənab İlham Əliyev çıxışında ölkədə başlanmış yeni islahatlar kursunun davam etdiriləcəyi ilə bağlı verdiyi anons bu gün tam təsdiqini tapıb. "Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır", – deyən Prezident İlham Əliyevin Milli Məclis qarşısında müəyyənləşdirdiyi prioritetlər uğurla həllini tapır.

Altıncı çağırış Milli Məclis dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verir. Milli Məclis özünün bütün fəaliyyəti ilə möhtərəm Prezidentimizin rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləyir. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etdiyindən bu məsələlər daim diqqətdə saxlanılır.

Dövlət başçısı çıxışında deputatlara olduqca vacib tövsiyələr verdi. Qeyd etdi ki, iqtisadi inkişafın dərinləşməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial və gənclər siyasəti kimi istiqamətlər yeni formalaşmış parlamentin diqqət mərkəzində dayanmalıdır. Bu istiqamətlərin prioritet seçilməsi bir daha onu göstərir ki, islahatların davamlı və ardıcıl xarakter alması üçün parlamentin yeni tərkibdə formalaşmasına həqiqətən böyük ehtiyac var idi.

Demokratiyanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılıq prinsipi mövcud parlamentin formalaşmasında özünü göstərdi. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Bu, əlbəttə ki, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Cənab Prezidentin çıxışında irəli sürdüyü dəyərli tövsiyələr Milli Məclisin fəaliyyətində əsas cəhətləri və hədəfləri müəyyənləşdirdi.

Azər SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə