İlham Əliyevin Türkiyə səfəri – reallıqlar və perspektivlər nə vəd edir? SİYASİ RAKURS+AKTUAL
Həm Ankara, həm də Bakı koordinasiyalı şəkildə davamlı fəaliyyətlərini daha da gücləndirirlər
Beynəlxalq səviyyəyə yüksəlmiş siyasi hərarət və qlobal qeyri-sabitlik fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri ayrıca özəlliyi və əhəmiyyəti ilə seçilir. Qardaş ölkəyə səfərin bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakını rəsmi ziyarətindən sonra baş tutması isə ilk növbədə belə bir nəticə hasil edir ki, gündəmdə dayanan çoxsaylı məsələlərlə paralel olaraq, həm də hər iki dövlət arasında münbit proseslər öz uğurlu axarı ilə getməkdədir. Daha dəqiq desək, həm Ankara, həm də Bakı koordinasiyalı şəkildə davamlı fəaliyyətlərini daha da gücləndirirlər.
Regional təhlükəsizlik faktoru ən öndə dayanan məsələ kimi gündəmdə saxlanılır
Əsasən, ən öndə dayanan məsələ məhz təhlükəsizlik faktoru ilə bağlıdır. Xüsusilə, Ukraynada davam edən müharibədə həm Azərbaycanın, həm də Türkiyənin yeri və rolu fərqli müstəvidəki önəmliyi və ayrıca spesifikliyi ilə seçilməkdədir. Belə ki, hər iki ölkə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyaya qarşı sanksiyalara qoşulmur.
Azərbaycan və Türkiyə Ukraynaya davamlı humanitar yardımlar ayırır. Ankara və Bakı həm Moskva, həm də Kiyev arasında rabitə-ünsiyyəti kanalını təmin edə bilir, hər an vasitəçilik imkanlarını təklif edir.
Azərbaycanla Türkiyənin daha bir üstünlüyü nəqliyyat və enerji infrastrukturu sahəsində bütün tələbatlara cavab vermələri reallığı ilə bağlıdır. Və bu da son deyil...
Hərbi müttəfiqlik qlobal təhlükələrdən mühafizə olunmaq üçün ən doğru seçimdir!
Artıq hazırkı dövrə qədər qarşıya qoyulmuş məqsədlərin bir çoxu öz həllini tapıb və bununla kifayətlənməyən iki qardaş ölkənin yaxın perspektiv üçün növbəti realizə olunacaq mühüm qərar və planları mövcuddur. Biz burada hansı amilləri ehtimal edə bilərik? Misal üçün, ehtimal etmək mümkündür ki, müttəfiq ölkələr olaraq hərbi-müdafiə sahəsindəki əməkdaşlıq möhkəmləndirilir. Hətta yaxın vaxtlarda məhz 2020-ci ilin sentyabr ayının 27-nə qədər keçirilən irimiqyaslı hərbi təlimlər kimi yenidən bu kimi təlimlərin keçirilməsi, üstəlik, davamlı xarakter alması mümkün görünür. Həmin təlimlər isə yalnız hərbi gücün və qüdrətin göstəricisi kimi deyil, eyni zamanda, qlobal təhlükəsizlik təminatı baxımından çox mühümdür və hər iki müttəfiq ölkənin, eləcə də regionun mümkün təhlükələrdən mühafizə edilməsi üçün əhəmiyyət kəsb edir.
Regionun yaxın gələcəyi və uğurlu perspektivləri üçün Zəngəzur dəhlizinin realizəsi zəruri tələbata çevrilib
Ukraynadakı müharibə istər-istəməz dünyanın iqtisadi çevrəsinə də ciddi zərbələr vurmaqdadır və söz yox ki, Azərbaycan və Türkiyə liderlənin enerji daşıyıcıları ilə bağlı demək olar ki, daimi olaraq apardıqları müzakirələr bu dəfə də gündəm mövzusu olaraq qalmaqdadır. Bakı və Ankara bu kimi məsələlərdə hər zaman qarşılıqlı güzəştlərə, qiymət endirimlərinə gediblər və faktdır ki, belə bir əməkdaşlıq amili başqa müxtəlif müttəfiq ölkələr arasında elə də çox qeydə alınmır. Yəni bu faktın özü də digər ölkələrə olan nümunə sayıla bilər.
Mühüm məsələlərdən biri də kəmərlərin təhlükəsizliyinin təminatı, eləcə də Xəzər dənizini Qara dənizlə birləşdirən dəmir yolları və avtomobil yollarının Şərq-Qərb yükdaşınmaları kontekstindəki əhəmiyyəti daha çox görünməyə başlayır.
Lakin ən önəmli məsələ Zəngəzur dəhlizinin realizəsi ilə bağlıdır. Dəhlizin işə salınması isə belə bir çətin dövrdə zəruri tələbata çevrilib. Məhz bu baxımdan, iki qardaş ölkə liderlərinin əldə etdikləri və bundan sonra da əldə edəcəkləri qarşılıqlı razılaşmalarının regionun yaxın gələcəyi və uğurlu perspektivləri üçün nə qədər mühüm amillərə söykəndiyini indidən müəyyən etmək mümkündür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB