YAP Binəqədi rayon təşkilatının 29-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 29-cu ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binasının önündə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov rayon təşkilatının fəaliyyəti barədə ətraflı danışıb. Bildirib ki, YAP-ın təsis olunmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi rayon təşkilatıdır. Sıralarında 16 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. Rayon təşkilatı öz fəaliyyətini bu müddət ərzində uğurla davam etdirib. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyir. V.İsmayılov çıxışında, eyni zamanda Azərbaycan qadınlarının ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsində öz töhfələrini vermələrindən bəhs edib. Bütün partiya üzvlərini və qadınları təbrik edib, onlara uğurlar arzulayıb.
Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında tarixi, siyasi hadisələrə nəzər salaraq, YAP-ın yaradılmasından bəhs edib. Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən YAP-ın ilk iclaslarından, rayon təşkilatlarının çox çətin şəraitdə yaradılmasından bəhs edib. Ümummilli Lider Heyər Əliyevin siyasi strategiyası və Prezident Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında YAP-ın da əvəzsiz rolu olduğunu söyləyib. Dünyada böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq, ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı Cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.
Tədbirdə yekun nitq söyləyən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sözlərinə görə, dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun davam etdirilməsi ölkəmizi daha da parlaq gələcəyə aparacaq və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək. Həmçinin, ölkəmizin qazandığı uğurların iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi olduğunu söyləyib.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib. YAP Binəqədi rayon təşkilatının yaradılmasının 29-ci ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayon təşkilatının və Binəqədi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə, bir qrup şəxs təşkilatın və Binəqədi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı və çay süfrəsi təşkil edilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB