Seyfəddin Əliyev: "YAP-ın ölkəmizin hər bir uğurunda öz payı və rolu vardır” RƏY
“Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən bir il ərzində ölkəmizin həyatında baş verən yeniliklər, həyata keçirilən islahatlar prosesi daha da dərinləşib və bütün bunlar eyni zamanda tarixi Qarabağ Zəfərimizin yaratdığı gerçəkliklərin sübutudur”. Bu fikirləri SİA-ya YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib.
Onun sözlərinə görə, 1992-ci il 21 noyabr tarixində xalqın, zamanın tələbi və zərurəti ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəaliyyəti Azərbaycanda siyasi sabitliyin təmin olunmasına xidmət edib və bu gün də etməkdədir.
“91 nəfər Azərbaycan ziyalısının ölkənin, xalqın xilaskarı kimi məhz Ümummilli Lider Heydər Əliyevə tarixi müraciəti, eləcə də Ulu Öndərimizin onlara tarixi cavabı dövlətçilik tariximizin səhifəsində yeni səhifə açmış oldu. Ümummilli Liderimiz Heydər Əliyev sınmaz iradəsi və qətiyyəti ilə Vətəninə, xalqına bağlılığı ilə siyasi təməllərə imza atdı, Azərbaycanın parçalanmasına, məhv olmasına qarşı müdrik siyasəti ilə çıxdı”, deyən Seyfəddin Əliyev bildirib ki, ölkə Prezidenti, YAP-nın Sədri cənab İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bir daha yarandığı gündən tutduğu yola, prinsiplərinə sadiqliyinə, sözlə əməl birliyinə görə xalqın sevgisini və etimadını qazanan Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurnda öz payının, rolunun olduğunu önə çəkdi, Heydər Əliyev ideologiyası əsasında uğurların qazandığını vurğuladı: “Ölkə rəhbərimiz əminliklə vurğulamışdır ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Azərbaycanın müstəqilliyinin yenidən bərpasının 30 ilinə şahidlik edən partiyanın əsas hədəflərindən biri müstəqilliyimizi əbədi və sarsılmaz etmək olub. O cümlədən, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza tarixi Zəfərin sevincini yaşatdı, adını tarixə torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi yazdı”.
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarların partiyanın fəaliyyətində keyfiyyət etibarilə əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu önə çəkən Seyfəddin Əliyev əlavə edib ki, YAP dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə qoruyur və cəmiyyətin avanqard qüvvəsi kimi yeri və rolunu möhkəmləndirir: “VII Qurultayda ən əlamətdar hadisələrdən biri məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi oldu. Mehriban xanım Əliyevanın uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətindən Yeni Azərbaycan Partiyasının bəhrələnməsi partiyanın gələcək inkişafına mühüm töhfələr verəcəkdir. Bu isə ilk növbədə Yeni Azərbaycan Partiyasının yeni idarəetmə modelini özündə ehtiva etməsindən xəbər verir. Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını doğruldaraq ümumxalq partiyası adını qazanmış partiyadır. Məhz bu səbəbdən də bir sıra partiyalar VII Qurultayda Yeni Azərbaycan partiyasına qoşulmaq qərarına gəldilər. Bu hal isə təbii ki, siyasi dialoqun və milli həmrəyliyin təzahürü hesab edilməlidir”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB