Hal-hazırda bunkerdəyik - AZƏRBAYCANLI TƏLƏBƏLƏR DANIŞDI

Hal-hazırda bunkerdəyik - AZƏRBAYCANLI TƏLƏBƏLƏR DANIŞDI

“Dünən Azərbaycanın əksər saytları bizim Kiyevdən çıxarılmağımız barədə məlumat yaysalar da, əslində, elə deyi. Biz hələ də Kiyevdəyik”. Bunu dünən Kiyevdən çıxarıldıqları deyilən azərbaycanlı tələbələrdən biri - Rüstəm Muxtarov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, haqqında danışılan 8 tələbə hələ də Kiyevdədir: “Biz burda 8 tələbəyik. Kiyev Dövlət Ticarət və İqtisadiyyat Universitetinin tələbələriyik. Hal-hazırda bunkerdəyik”.

R.Muxtarov Azərbaycanın Ukraynadakı səfirliyinin onlara yardım etmədiyini vurğulayıb: “Bizim Ukraynada səfirliyimiz olsa da, bizimlə maraqlanan yoxdur. Ancaq Türkiyənin Ukraynadakı səfirliyi bizimlə çox güclü maraqlanır. Deyilənə görə, bu gün, ən geci sabaha bura Türkiyə tərəfindən xüsusi təyinatlı insanlar yollanacaq. Onlar bizi burdan çıxarmaq məqsədilə Ukraynadan kənar hər hansı ölkəyə, oradan da Bakıya çıxaracaq. Bu, hələ ki, sadəcə sözdür, amma inanırıq”.

R.Muxtarovun sözlərinə görə, hazırda olduqları ərazidən 8-10 km-lik məsafədə qızğın döyüşlər gedir, atışma səsləri eşidilir: “Hazırda burda 100 nəfərə yaxın insan var. Başqa binalarda da çox insan var. Deyilənə görə, vəziyyət gərgindir. Biz burda 8 azərbaycanlı tələbəyik. Aramızdan mən də daxil olmaqla bir neçə nəfər silah-sursatları götürüb döyüşə, ya da bunker yaxınlığında təhlükəsizlik məqsədilə döyüş sursatlarının istifadə qaydasını keçib burda insanları, mülki şəxsləri qorumaq üçün dayanmaq istəyirik. Bildiyimizə görə, bunun üçün hərbi bilet və şəxsiyyət vəsiqəsi istənilir. Hərbi biletimiz isə yoxdur, nə edəcəyimizə baxacağıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə