İnformasiya savaşının sərkərdəsi - ŞƏRH

İnformasiya savaşının sərkərdəsi - ŞƏRH

AZƏRBAYCAN PREZİDENTİNİN ERMƏNİ JURNALİSTƏ CAVABI: DİPLOMATİK, SİYASİ DƏRS...

Bəşər tarixinin son onillikləri müharibələrlə doludur, lakin heç bir dövlət başçısı bu müharibələr zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Ancaq bir faktı vurğulamaq lazımdır ki, qətiyyətli, nüfuzlu siyasi rəhbərə, dövlət başçısına beynəlxlaq marağın yüksək olması və bu marağın müharibə zamanı xüsusilə yüksək olması tam məntiqlidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, məhz ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir.

Həmçinin onu da vurğulamaq lazımdır ki, ölkəmizə fərqli münasibətdə olan dövlətlərin KİV-lərinə müsahibə vermək, qarşı tərəfin suallarını cavablandırmaq həm də ölkələr arasındakı əlaqələrə aydınlıq gətirir. Sualları cavablandırmaq üçün isə jurnalistin təmsil etdiyi dövlətin daxili və xarici siyasəti, iqtisadiyyatı, coğrafiyası, dünyanın siyasi müstəvisindəki mövqeyi, nüfuzu, bir sözlə, ən kiçik detallar barədə zəngin informasiyaya malik olmalısan. Ölkəmizə gəlişinin məqsəd və məramından asılı olmayaraq xarici jurnalistlərin suallarına təmkinlə, səbirlə, xalqımıza məxsus qonaqpərvərliklə Azərbaycan xalqının maraqları, dövlətçilik mövqeyi, ölkəmizin region üçün əhəmiyyəti, dünya siyasətinə təsiri baxımından münasibət bildirən Prezident İlham Əliyev informasiya müharibəsində də qalib olduğunu göstərdi. Elə bu günlərdə, yəni fevralın 23-də Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı İTAR TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə ölkəmizin həyata keçirdiyi xarici siyasət barədə dolğun məlumatlar verməklə yanaşı, həmçinin verilən sualları da məntiq və faktlarla cavablandırdı.

AZƏRBAYCAN PREZİDENTİNİN CAVABI GÜCLÜ VƏ XARİZMATİK DÖVLƏT BAŞÇISI VƏ QƏTİYYƏTLİ LİDER OLDUĞUNUN BİR DAHA GÖSTƏRDİ

Keçirilən görüşdə Rusiya mediasının erməni diasporuna mənsub olan əsas siması, Russia Today telekanalının, Rosiyya Seqodnya və Sputnik agentliklərinin baş redaktoru Marqarita Simonyan kimi erməni mövqeyinümayiş etdirənə həmişə olduğu kimi yenə də qətiyyətli və faktlara əsaslanan cavab verdi. etnik ermənilərin Azərbaycana girişinə guya qadağa qoyulması ilə bağlı qərəzli suallarına Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva məntiqli və faktlara əsaslanan cavab verdilər, onları Azərbaycanı və işğaldan azad edilmiş əraziləri öz gözləri ilı görmək üçün ölkəmizə dəvət etdilər. Bu çox məqsədyönlü addımdır. Çünki əgər səfər baş tutarsa, Rusiyanın aparıcı KİV rəhbərləri, o cümlədən erməni diasporunu və lobbisini təmsil edən şəxslər işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş ağlasığmaz dağıntılar və xarabalıqlar faktı ilə üzbəüz qalacaqlar.

«Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər», - deyən Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın “ermənilərin Azərbaycana girişinə qadağa qoyulması” barədə fikrinə münasibət bildirərkən söyləyib.M.Simonyanın dediklərində müəyyən qərəzlilik olduğunu bildirən dövlətimizin başçısı deyib: “Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycana müxtəlif tədbirlərə gələndə də eyni vəziyyət baş verir. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var”.

Azərbaycan Prezidenti qeyd edib ki, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. “Buna görə də sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç bir məhdudiyyət yoxdur”, - deyə Prezident İlham Əliyev əlavə edib.

"AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NECƏ CƏRƏYAN EDƏCƏYİ BARƏDƏ PROQNOZ VERMƏK ÇƏTİNDİR"

"Azərbaycan ilə Ermənistan arasında münasibətlərin necə cərəyan edəcəyi barədə proqnoz vermək mənim üçün çətindir. Çünki bütün bunlar təzədir. Bizim bəyanatlarımız və sülhün bərqərar olmasına hədəflənməyimiz hələ ki, erməni rəhbərliyi tərəfindən ən azı açıq şəkildə qəbul edilmir".

Bu fikri Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bildirib.“Buna görə də bu yaxınlarda baş verən hadisələr nəzərə alınmaqla, dünyada vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Fikrimcə, təkcə mənə deyil, bilavasitə bu prosesə cəlb edilənlərə də çox çətindir. Çünki hər şeyi və bütün əsas ölkələrin hərəkətini qabaqcadan görmək çox çətindir. Hətta İkinci Qarabağ müharibəsi başlananda, hətta o potensialla - həm siyasi, həm hərbi, həm iqtisadi potensialla biz hər şeyi qabaqcadan nəzərə ala bilmirdik”, - deyə dövlətimizin başçısı qeyd edib.Müharibəni qabaqcadan proqnozlaşdırmağın mümkün olmadığını vurğulayan Azərbaycan Prezidenti deyib: “Çünki təsdiqlənmiş planlar çərçivəsində gedirdik və yolumuzdan çıxmırdıq, lakin bu axında müxtəlif dolambaclar vardı. Rusiya ilə Ukrayna arasında vəziyyət barədə də bunu demək olar”.

AZƏRBAYCAN PREZİDENTİ ERMƏNİSTANIN KÜTLƏVİ MƏZARLIQLARIN YERİNİ GÖSTƏRMƏK İSTƏMƏMƏSİNİN SƏBƏBİNİ AÇIQLAYIB

"İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq",-deyən dövlət başçısı onu da bildirib ki, Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir: "Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir".

“İNDİ İNSANLARI QAYTARMAĞA MANE OLAN BAŞLICA PROBLEM MİNALARDIR”

Prezident İlham Əliyev bildirib ki, hələ ki, qayıtmağa yer yoxdur, çünki birincisi, hər şey dağıdılıb və ikincisi, hər yer minalanıb və müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur: "Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq. Sadəcə, müqayisə üçün deyim ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur, yəni, sözün əsl mənasında, hər şey dağıdılıb. Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub".

Dövlət başçısı qeyd edib ki, minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Bu, indi insanları qaytarmağa mane olan başlıca problemdir.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb. Qeyd edək ki, indiyə qədər Azərbaycan tərəfdən heç bir müsahibə, açıqlama, nitq, video, çıxış xarici mediada bu qədər izlənilməyib. İndi isə, artıq izlənilir. Cənab Prezidentin sayəsində. Yəni, məlum faktın özü yetərincə böyük göstəricidir və bu, Azərbaycana və onun Liderinə olan xoş münasibətin növbəti göstəricisidir.

Və dövlət başçısının həm müharibəni gedişində, həm də sonra beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi necə bacardığının hər kəs şahididir. Mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı ilə Azərbaycan Prezidenti aydın göstərir ki, Azərbaycan iqtidarı dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə konseptual yanaşır. Bu amil demək olar dünyanın bütün aparıcı media orqanları tərəfindən vurğulanır.

Xüsusilə də, Prezident İlham Əliyevin fevralın 23-də Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı İTAR TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü, bu müsahibə zamanı bir daha Ermənistana və onu silahlandıranlara növbəti xəbərdarlıq etməklə Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi.Bax, budur Liderlik!. Necə də qürur duymayasan. Güclü ölkənin güclü, qətiyyətli lideri olmaq budur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir". Bu uğurlar, əlbəttə ki, bu son 18 illik prezidentlik fəaliyyəti nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi.Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini özünə cəlb etdi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi.

Bir sözlə, həm hərb meydanının, həm də informasiya savaşının sərkərdəsi cənab Ali Baş Komandan ön cəbhədə döyüşən əsgər və zabitlərimizə öz əmrlərini verərək onlardan qələbə qazanmağı tələb etdiyi zamanda, eynilə dünyanın tanınmış KİV-lərinə müsahibə verərkən həm də yerli media nümayəndələrinə informasiya savaşında məğlub olmamaq tələbini göstərməklə bir daha bütün dünya İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfyyətlərinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu.

Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı siyasi dərs verdi və Ermənistanın, dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə