Ermənilərin təxribatı niyə Sumqayıtda törədildi? - MÜNASİBƏT BİLDİRİLDİ

Ermənilərin təxribatı niyə Sumqayıtda törədildi? - MÜNASİBƏT BİLDİRİLDİ

"1988-ci il fevralın 26-28-də Sumqayıtda iğtişaş baş verdi. Məlumatlara görə, iğtişaş nəticəsində 32 nəfər öldü. Onların 26 nəfəri erməni, 6 nəfəri azərbaycanlı idi. Bədən xəsarəti alan 198 nəfərin 87 nəfəri xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi. 14 avtomaşın yandırıldı. 8 maşın zədələndi. 16 ticarət obyektinin şüşələri sındırıldı. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsinə və tarixi torpaqlarında yaşayan azərbaycanlıları tarixi torpaqlarından qovmasına baxmayaraq, Sumqayıt hadisələrində bir çox azərbaycanlı ailələri erməniləri öz mənzillərində gizlədərək ölümdən xilas etdilər: "Hadisənin icraçıları ermənilərin qətli və erməni qadınlarının zorlanmasında bilavasitə iştirak edən 1959-cu ildə doğulmuş, bu iğtişaşa qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmış Eduard Robertoviç Qriqoryan və digər bir erməni idi. Azərbaycan SSR Ali Məhkəməsi sonralar, 1989-cu il 22 dekabr tarixli qərarı ilə E.Qriqoryanın iğtişaş və qırğınların təşkilatçılarından biri olması barədə hökm çıxararaq, onu 12 il həbs cəzasına məhkum etdi. Şahidlərin və hadisə qurbanlarının məhkəməyə verdikləri ifadələrindən E.Qriqoryanda ermənilərin yaşadıqları mənzillərin siyahısının olduğu və intiqam aktlarına çağırdığı aydın olur. Onun qurbanlarının hamısı ermənilər idi. Əsasən erməni millətindən olan şahidlər məhkəmə prosesində E.Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanıdılar.
Sumqayıtda iğtişaş ağrılı bir hadisə idi. Amma soruşulur: hadisə nə üçün Azərbaycanın digər bir şəhərində deyil, məhz Sumqayıtda törədildi? Niyə məhz Sumqayıt seçilmişdi?
Sumqayıtın iğtişaş törədilməsinin yeri kimi seçilməsi ciddi düşünülmüşdü və bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başladığı ilk günlərdən bu respublika ərazisində yaşayan azərbaycanlılar tarixən yaşadıqları dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdular. Dövlət qurumalarından Azərbaycan KP MK-ya göndərilən məlumatlara görə, iğtişaşa qədər Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Onların içərisində 4 rus ailəsi də var idi. Qaçqınların şəhər gəlməsi davam edirdi. Ermənistanda hər cür şəraiti olan ev-eşiklərini qoyub gələn qaçqınlar küçələrdə acınacaqlı bir halda qalmışdılar. Azərbaycandakı ermənilər isə rahat bir şəkildə yaşayır və işləyirdilər.

İkincisi, Ağdam-Əsgəran yolunda 1988-ci ilin yanvar ayında iki azərbaycanlı gəncin-Əli və Bəxtiyarın öldürülməsi də azərbaycanlılara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi.

Üçüncüsü, Sumqayıt sosial-iqtisadi baxımdan respublikanın digər şəhərlərinə nisbətən çətin və mürəkkəb bir yer idi.

Dördüncüsü, müxtəlif illərdə cinayətlər törətmiş bir çox məhkumlar cəzalarını çəkdikdən sonra şəhərdə məskunlaşmışdılar. Hadisədən sonra 1988-ci il fevralın 28-də keçirilən Sov.İKP MK Siyasi Bürosunun iclasında SSRİ daxili işlər naziri A.Vlasovun söylədikləri də bunu sübut edirdi. Deməli, bəzi cinayətkar elementlərin hadisələrdə iştirak etməsi onu göstərir ki, Sumqayıt şəhəri iğtişaşın törədilməsi üçün təsadüfü seçilməmişdi. Bütün bunlar hadisənin təşkilatçılarının iğtişaşın gerçək izinin itirilməsi barədə dərindən düşündüklərini söyləməyə imkan verir.

Bəs iğtişaşın əsl səbəbləri nə idi?

Baş verən iğtişaşın bəzi səbəbləri var idi. Birincisi, iğtişaş Ermənistanın təxribatının nəticəsi idi. Hadisə ilə əlaqədar olaraq başladılmış cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər artıq əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçmişdilər. Hələ XIX əsrin sonlarında və XX əsrdə erməni təşkilatlarının fəaliyyətinə dair arxiv materialları təkzibedilməz şəkildə sübut edir ki, onlar “ümumi erməni işi” üçün pul toplamaq üçün kassa dəftərləri hazırlamış, vəsait ödəməyən ermənilərə qarşı daim amansız olmuş və onları qəddarlıqla qətlə yetirmişlər. Bununla bağlı olaraq yüzlərlə ən mötəbər mənbəni misal göstərmək olar. Sumqayıtda da E.Qriqoryanın dəstəsinin öldürdükləri ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. İğtişaşın təşkilatçılarına məlum olan həmin şəxslərin adları, soyadları və ünvanları əvvəlcədən icraçılara verilmişdi.
Təşkilatçıların əvvəlcədən videokameraları hazırlamaları, gizli çəkilişlər aparmaları və montaj edərək lentləri müxtəlif ölkələrə yaymaları iğtişaşı Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ DTK-nın hazırladığı qənaətinə gətirir. Şəhərin erməni əhalisinin iğtişaşa qədər əmanət banklarından pullarını çıxarması da hadisənin əvvəlcədən planlaşdırıldığı və onların bundan xəbəri olduğunu söyləməyə imkan verir. Sumqayıt hadisəsi zamanı öldürülən ermənilərə Stepanakertdə tələm-tələsik abidə qoyulması da təxribatın ermənilər və Mərkəzdə müəyyən qüvvələr tərəfindən düşünülmüş şəkildə planlaşdırıldığını və həyata keçirildiyini deməyə əsas yaradır. İğtişaşı törətməklə

Ermənistan və Mərkəz hansı məqsədləri güdürdülər?

Ermənistanın əsassız ərazi iddialarına cavab olaraq Azərbaycanda hadisələrin necə cərəyan edəcəyindən narahat olan Mərkəzi hakimiyyət bu iğtişaş ilə respublikanı təzyiq altında saxlamaq, istədiyini hökm edərək qəbul etdirmək və onu nüfuzdan salmaq məqsədi güdürdü.
İğtişaş Ermənistan rəhbərliyinə daha geniş antiazərbaycan kampaniyasına başlamaq, Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazanmaq və saxtakarlıqla azərbaycanlıların “vəhşi” obrazını yaratmaq, azərbaycanlılarla ermənilərin guya bir yerdə yaşaya bilmədiklərini göstərmək, nəticədə Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq üçün bir təbliğat vasitəsi kimi lazım idi. Hadisə Sov. İKP MK Siyasi Bürosunda müzakirə edilir.

Sumqayıt hadisəsi və Ermənistan ilə Azərbaycan arasında yaranmış vəziyyətə dair məsələlər Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il 29 fevral tarixli iclasında müzakirə edildi. Baş katib M.S.Qorbaçov Sumqayıtda 14 nəfərin öldürüldüyü, SSRİ DTK sədri Viktor Çebrikov isə 110 nəfərin yaralı olaraq xəstəxanaya yerləşdirildiyi barədə məlumat verdi. M.Qorbaçov Sumqayıt hadisəsini ermənilərə cavab kimi qiymətləndirdi. SSRİ daxili işlər naziri A.Vlasovun məlumatına görə, Sumqayıtda 14 nəfər, o cümlədən 3 qadın öldürülmüşdü. Onlardan 3-ü azərbaycanlı, 6-sı erməni idi. 71 nəfər isə bədən xəsarəti almışdı. Onların 48 nəfəri erməni idi. 47 nəfər hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı. Daxili işlər naziri Sumqayıtda hər beş adamdan biri barədə əvvəllər cinayət işi olduğunu söylədi.

İclasda 1986-cı ildə Alma-Atada olduğu kimi, şəhərin qeyri-yerli əhalisinin təşkil edilərməsi təklifi səsləndirilsə də, uyğun görülmədi. Sumqayıt hadisəsəinə görə Azərbaycan rəhbərliyi təqsirləndirildi. MK katibi A.Yakovlev Sumqayıta ordu yeritməyin, hakimiyyətin gücünü göstərməyin lazım olduğunu söylədi. Şəhərdə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul olundu.
Sumqayıt hadisəsi bir neçə ay sonra, 1988-ci il mayın 7-də Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun sədrliyi ilə MK Bürosunun iclasında geniş müzakirə edildi. Müzakirə nəticəsində iki qərar qəbul edildi: Birinicisi, ”Sumqayıt şəhərində vəziyyətin normallaşdırılması üzrə hökumət komissiyasının hesabatı haqqında”, ikincisi isə “1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində faciəvi hadisələrə gətirən səbəblər haqqında”. Büro iclasında şəhərdə vəziyyəti normallaşdırmaq və milli münasibətləri sabitləşdirmək üçün konkret tədbirlər müəyyənləşdirildi.
Qərarların qəbul edilməsinə və Azərbaycanın səylərinə baxmayaraq, baxmayaraq, Ermənistanın kobud müdaxilələri dayanmır, Ermənistandan azərbaycanlıların qovulması davam edir, gələn qaçqınların sayı artırdı.

Sumqayıt hadisəsinə 1988-ci il martın 9-da Sov.İKP MK-da keçirilən müşavirədə də toxunuldu. Qeyd edildi ki, hadisə ilə bağlı olaraq istintaq işinin davam etdirilir.

Azərbaycan KP qarşısında duran vəzifələr 1988-ci il martın 13-də Azərbaycan KP MK Bürosunun iclasında müzakirə edildi. Qəbul edilən geniş qərarda Sov.İKP MK-nın 9 mart tarixli müşavirəsinin nəticələri bəyənilir, erməni və Azərbaycan xalqı arasında dostluğu möhkəmləndirmək xəttinə dönmədən əməl etmək yerli partiya, sovet və təsərrüfat orqanlarından tələb edilirdi. Dağlıq Qarabağ regionunun sosial-iqtisadi inkişafı layihəsini hazırlamaq üçün Vilayət Partiya Komitəsinə iki həftə vaxt verilirdi. Vilayətdə vəziyyəti normallaşdırmağa dair təşkilati-siyasi tədbirlər planı təsdiq edildi. Eyni zamanda Sumqayıtda da vəziyyəti normallaşdırmaq üçün əlavə tədbirlər müəyyənləşdirildi. Həmin qərar geniş məsələləri-sosial-iqtisadi, ideya-siyasi və mənəvi və s. sahələri əhatə edirdi.
Sumqayıt hadisəsinə Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il martın 21-də keçirilən iclasında toxunuldu. MK katibi Y.Liqaçov Sumqayıt hadisəsinin istintaqı barədə prokurorluğun məlumat verməsini vacib hesab etdi".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə