Anar Nəbiyev: “Bəyannamə faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək” ŞƏRH

Anar Nəbiyev: “Bəyannamə faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək” ŞƏRH

“2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzamaları regionumuzda yeni siyasi-iqtisadi eranın başlanması anonsunu verdi”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev cənablarının bilavasitə rəhbərliyi ilə aparılan xarici siyasət diplomatiyasına nəzər saldıqda görərik ki, müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması heç də asan proses deyil və bu mühüm sənəd 2008-ci ildə imzalanan Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin uğurlu davamı kimi də qiymətləndirilə bilər: “Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə iki dövlət arasındakı etimadlı münasibətlərin danılmaz sübutudur. Belə ki, Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi və hərbi tərəfdaşlıq müstəvisindəki inkişafına böyük töhfələrini verəcək”.

YAP-ın Qazax rayon təşkilatının sədri xatırladıb ki, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzaladılar və bu sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olundu: “Artıq Moskva Bəyannaməsinin də imzalanması Cənubi Qafqaz regionunda yeni konfiqurasiyanın əsas oyunçularını müəyyən etdi. Azərbaycan, Türkiyə və Rusiya birlikdə regionumuzun təhlükəsizliyini, iqtisadi inkişafını təmin edəcəklər. Qarşıda bu üçlüyün daha çox uğurlu platformalarda bir araya gələcəklərini, birləşəcəklərini əminliklə proqnozlaşdıra bilərik. O cümlədən, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Yəəni qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, dost və qonşumuz Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Ümumilikdə Bəyannamədə 40-dan çox bəndin, müddəaların yer alması da belə qənaətə gəlməyə əsas yaradır”.

“Eyni zamanda, hesab edirəm ki, Qoşulmama Hərəkatının yaradıcısı və rəhbərliyində olan Azərbaycanın bütün ölkələrlə, xüsusilə qonşu ölkələrlə tərəfdaş, qarşılıqlı və strateji müttəfiqlik səviyyəsində əlaqələrini qurması bəzi qüvvələrdə qısqanclıq yaratsa da, ümumilikdə ölkəmizin və regionun təhlükəsizliyi baxımından önəmli əhəmiyyət kəsb edir”, deyən Anar Nəbiyev onu da bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü son dərəcə uğurlu siyasət ölkəmizin müstəqil siyasətinə, təhlükəsizliyinə, suverenliyinə zəmanət qazandırır. Bütün bunları qətiyyətli mövqenin, güc və bacarığın, məharətli diplomatiyanın nəticəsi kimi qiymətləndirmək lazımdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə