Elmar Əhmədov: “Azərbaycan savaş meydanında olduğu kimi, diplomatiya meydanında da öz zəfər sözünü deyir”
“Moskva Bəyannaməsinin imzalanması Azərbaycan və Rusiya münasibətləri baxımından bu ölkələrin tarixi köklərə malik olduğunun göstəricisidir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Salyan rayon təşkilatının sədri Elmar Əhmədov mövzu ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, iki qonşu ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında, həmçinin, dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyətli rol oynayır: “Prezident İlham Əliyev cənabları daim bu reallığı önə çəkir və qeyd edir ki, hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması çox vacib amildir. Bu baxımdan, Azərbaycan həm də o ölkələrdəndir ki, konstruktiv, müstəqil, qətiyyətli və düşünülmüş siyasət apararaq öz milli maraqlarının müdafiəsinin təminatı üçün əhəmiyyətli addımlarını atır”.
“Əbəs deyil ki, Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır”, deyə qeyd edən YAP Salyan rayon təşkilatının sədri onu da vurğulayıb ki, bu eyni zamanda regional təhlükəsizliyin təmin olunmasında mühümlüyü ilə seçilir. “Bəyannaməyə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarının reallaşmasına öz müsbət təsirini göstərəcək”, deyə qeyd edən Elmar Əhmədova görə, Azərbaycan dövləti tarixi Qarabağ Zəfərimizin reallıqları qarşısında Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini dəfələrlə çatdırıb və məqsəd təbii ki, bölgəmizdə etibarlı, dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasından ibarətdir: “Mövcud uğurlar eyni zamanda növbəti yeni əməkdaşlıq formatlarının yaradılması prosesininə də öz töhfələrini verəcək. Hesab edirəm ki, Moskva Bəyannaməsinin bütün müddəaları və bəndləri Azərbaycanın milli maraqlarına uyğundur. O cümlədən, hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər”.
“Bu, həm də Azərbaycanın xarici siyasət diplomatiyasının uğurudur, qalibiyyətidir” deyən ElmarƏhmədov əlavə edib ki, imzalanan Bəyannamə Ermənistana vurulan böyük zərbədir. Belə ki, hazırkı zamana qədər dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhrələnən işğalçı Ermənistan artıq dünya güclərinin Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləmələrinin şahidi olması ilə yanaşı, həm də həmin reallığı dərk edir. “Ermənistanın sülh müqaviləsini imzalayıb yeni reallıqların diktə etdiyi gerçəklikləri qəbul etməkdən başqa yolu yoxdur, əks halda bu ölkənin hakimiyyəti, siyasi dairələri qarşılaşacaqları daha acınacaqlı vəziyyətlərini artıq indidən təsəvvürlərində canlandıra bilərlər. Bu baxımdan da qeyd edə bilərik ki, Azərbaycan savaş meydanında olduğu kimi, diplomatiya meydanında da öz zəfər sözünü deyir. Moskva Bəyannaməsinin imzalanması da bu gerçəkliyin sübutudur”, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov sonda vurğulayıb.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB