“Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir” AÇIQLAMA
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində dəhşətli qırğın törətdilər. Bu vəhşilik nəticəsində son yüz ilin ən dəhşətli soyqırımlarından biri törədildi, 613 nəfər dinc insan-uşaqlar, qadınlar, qocalar vəhşicəsinə öldürüldülər. Lakin onların qanı yerdə qalmadı”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan ikinci Qarabağ müharibəsində qətlə yetirilən günahsız insanların intiqamı qəhrəman ordumuz tərəfindən alındı: “Erməni faşist ordusu darmadağın edildi, döyüş meydanında minlərlə ölü hərbçi buraxan düşmənlərimiz tarixlərinin ən dəhşətli məğlubiyyətini yaşadılar. Azərbaycan bu soyqırımın dünyada tanıdılması istiqamətində məqsədyönlü iş aparır. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Məhz bu fəaliyyətin nəticəsində Xocalı qırğınını tam səviyyədə soyqırım kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Ancaq bu nəticələr bizi arxayınlaşdırmamalıdır. Fəaliyyətimizi daha da gücləndirməli və digər dünya dövlətlərinin bu soyqırımı tanıması üçün əlimizdən gələni etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB