Prezidentin işğaldan azad olunan torpaqlara hər səfəri yeni uğurların təməli və müjdəsidir ŞƏRH

Prezidentin işğaldan azad olunan torpaqlara hər səfəri yeni uğurların təməli və müjdəsidir ŞƏRH

Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb etdir.

Müharibədən sonra 3-cü dəfə, fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağın giriş qapısı adlandırılan Ağdama səfəri zamanı bildirib ki, hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur: "Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər”.

Ötən il dövlət başçısı İlham Əliyevin Ağdam rayonunun Baş planının təsdiq edilməsi mərasimində bildirmişdir ki, “Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”. Bu gün dövlət başçısının səsləndirdiyi bu fikirlər Ağdama 3-cü səfəri çərçivəsində atdığı addımların fonunda özünü bir daha təsdiqlədi.

Prezident İlham Əliyev Ağdam Cümə məscidinin qarşısından etdiyi çağırışı bir daha görülən işlərin yüksək keyfiyyətlə aparıldığını təsdiqləyir: "Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq".

İlham Əliyev işğaldan azad olunan Ağdama 3-cü səfəri çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarını, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək 2 müəssisənin, Ağdam Rayon Mərkəzi Xəstəxanasının, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi və Prezidentin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olub, Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Dövlət başçısı səfər zamanı sahibkarları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Çünki bu gün dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. “Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar”,-deyən dövlət başçısı vurğulayıb ki, azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq.

Bir sözlə, Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti onu deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. Həmçinin, erməni vandallarının 30 il ərzində darmadağın edərək daşını daş üstündə qoymadığı, Qarabağın giriş qapısı adlandırılan Ağdam isə yeni siması, möhtəşəmliyi ilə düşmənə gözdağı olacaq.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə