“Müharibə tərəflərin heç birinə sərf etmir” – Politoloqlaırn şərhi

“Müharibə tərəflərin heç birinə sərf etmir” – Politoloqlaırn şərhi

Rusiya və Ukrayna arasında gərginliyin müharibəyə çevriləcəyi ilə bağlı gözləntilər var. Bir aydan çoxdur ki, Qərb ölkələrinin siyasətçiləri, həmçinin onların nüfuz agentləri Rusiya və Ukrayna arasında müharibənin bu gün ya sabah başlayacağı haqda ictimai rəy formalaşdırırlar. Rusiyalı politoloqlar Moskvanın belə bir müharbədə maraqlı olmadığını və buna hazırlaşmadığını bldirirlər. Bəs Ukrayna politoloqları vəziyyəti necə qiymətləndirir?

Ukrayna Gələcək İnstitutunun analitiki İlya Kusa hesab edir ki, Qərb regionda sabitliyi təmin edəcək yeni mexanizmlərdən danışarkən iki şeyi nəzərdə tutur: “Birincisi, Rusiya ilə kompromis tapmaq üçün Ukraynanı Donbassla bağlı Minsk razılaşmalarına əməl etməyə məcbur etməyə çalışacaqlar. İkincisi, Makron eyham vurdu ki, Ukrayna siyasi cəhətdən neytral ölkə olsa, “Ukrayna məsələsi” həll oluna bilər”.

Ukraynalı politoloq genişmiqyaslı total müharibəyə inanmadığını da bildirib: “Bu, Rusiya üçün də baha başa gələr, üstəlik, ona heç bir strateji fayda gətirməyəcək. Düşünürəm ki, Qərblə danışıqlar uğursuz olarsa, Rusiyanın məhdud hərbi güc tətbiq etməsi riski var”.

Ukrayna Analitik Mərkəzinin direktoru Oleksandr Oxrimenko isə qeyd edir ki, əslində, indi Rusiya, Ukrayna, Fransa və daha çox ABŞ sadəcə olaraq “müharibə” mövzusunda özlərini təbliğ edirlər: “Bu mövzu koronavirus mövzusundan daha çox populyarlaşıb. Nəticədə siyasətçilər müharibə mövzusundan maksimum PR faydası almağa tələsirlər. 2014 və 2015-ci illərdə həqiqətən də Ukrayna ilə Rusiya arasında real müharibə təhlükəsi var idi. O vaxt Rusiyanın Yanukoviçi xilas etmək adı altında Ukraynaya hücum etmək üçün ondan “Ukraynanın qanuni prezidenti” kimi istifadə etmək imkanı var idi. Amma Krım Moskva üçün kifayət idi”.

Politoloqun fikrincə, ABŞ, Fransa, Aİ, Ukrayna və Rusiya hakimiyyətləri üçün “hücum etmək istəyirlər” mövzusunda danışmaq faydalıdır: “Bu, Qərb ölkələrinə öz güclərini artırmağa, ən əsası isə ölkələrinin bütün iqtisadi problemlərini arxa plana keçirməyə imkan verir. Və oradakı problemlər həqiqətən də ciddidir. ABŞ-da superinflyasiya, bitib-tükənməyən tətillər və Fransada iqtisadi artımla bağlı problemlər, Rusiyada iqtisadiyyat neftin qiymətinin qalxmasına baxmayaraq aşağı düşür, Ukraynada qiymətlər və tariflər sürətlənmiş templə yüksəlir. Belə şəraitdə hərbi isteriya və kimin günahkar olması barədə daimi söhbətlər çox sərfəli informasiya sahəsidir. Nə müharibə, nə də Donbass probleminin həlli heç bir hakimiyyətə sərfəli deyil”.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə