Putin və Ərdoğanın görüşü regionumuz üçün çox vacibdir - DEPUTAT AÇIQLADI
"Bildiyimiz kimi Rusiya-Ukrayna münasibətlərində gərginlik davam etməkdədir. Burada daha çox NATO-Rusiya gərginliyi fonunda bu proseslər baş verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Rusiya NATO-nun sərhədlərinə qədər böyüməsinin qarşısını almaq, Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi uğrunda mübarizəsi və digər dövlətlərin də Ukraynanı dəstəkləməsi bu münasibətləri daha da gərginləşdirir: "Ancaq göründüyü kimi Rusiyanın Türkiyə ilə münasibətləri çox yaxşıdır. Türkiyənin NATO-ya üzv olması, Ukrayna ilə münasibətlərinin yaxşı olması və Ukraynaya müəyyən dərəcədə dəstək göstərməsi bu vəziyyəti müəyyən dərəcədə gərginləşdirir. Türkiyə bu vəziyyətdən çıxış yolu axtarmaq və Rusiya-Ukrayna münasibətlərini stabilləşdirmək və problemi siyasi yollarla həll etməyə çalışır. Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşünün baş tutması Rusiya-Türkiyə iqtisadi münasibətlərinin yaxşılaşdırılması, gələcək perspektivlərinin müzakirəsi ilə yanaşı məhz Ukrayna-Rusiya gərginliyinin də aradan qaldırılmasının çıxış yolları axtarılması istiqamətində danışıqlar baş tutacaq.
Bundan əlavə bildiyimiz kimi Qarabağın işğaldan olunması məsələsində Türkiyə açıq-aşkar Azərbaycanın mövqeyini dəstəklədi. Bu gün də Azərbaycanın yanındadır. Hazırda türk və rus hərbçilərinin birlikdə monitorinq mərkəzi yaradılıb. Həmçinin regionda kommunikasiyaların açılması, “3+3” formatının real fəaliyyətə başladılması və əməkdaşlığın baş tutması həm Türkiyə üçün, həm də Rusiya üçün maraqlıdır. Region dövlətlərinin bir arada uzunmüddətli sülhə və əmin-amanlığa nail olması üçün hər iki dövlətin səyləri çox vacibdir. Düşünürəm ki, görüşdə Cənubi Qafqazda baş verən proseslər də əsas müzakirə obyektindən biri olacaq. Həmçinin Suriyada vəziyyətin tənzimlənməsi və gələcəkdə burada baş tuta biləcək siyasi proseslərlə əlaqədar müəyyən danışıqlar baş tutacaq. Bir sözlə bu görüşün gündəliyi çox zəngindir. Dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq bu görüş region üçün çox vacibdir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB