Fransa özünün beynəlxalq gücünü əldən vermək istəmir - DEPUTAT MÖVQE BİLDİRDİ
“İkinci dünya müharibəsindən sonra Avropanın ən böyük dövləti olan Almaniya xarici siyasətdən aralanmışdı. Ordu saxlamaq qadağan olunmuş, ümumiyyətlə fəallığı sıfıra enmişdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, son dövrlər Almaniya artıq müəyyən addımlar atır: “Amma Fransa kontinental Avropanın mühüm ölkəsi olaraq çıxış edib. Fransanın Almaniyadan fərqli olaraq çox böyük müstəmləkə sistemi olub. Asiya, Afrika, Cənubi Amerika kimi bir çox yerləri buna aid edə bilərik. Bu nöqteyi-nəzərdən Fransa özünün beynəlxalq gücünü əldən vermək istəmir. Həm Avropa İttifaqının tərkibində, həm Avropada, istərsə də beynəlxalq aləmdə vacib bir dövlət kimi özünü göstərməyə nail olur. Xüsusilə də Avropa İttifaqından Böyük Britaniya çıxdıqdan sonra demək olar ki, xarici siyasət sahəsində Fransa lider dövlətə çevrilib. Hazırda da Avropa İttifaqının müəyyən sturkturlarına məhz Fransa rəhbərlik edir. İkinci bir məsələ isə ondan ibarətdir ki, Fransada prezident seçkiləri keçiriləcək. Fransada müxtəlif qruplara aid vətəndaşlar var. 5 milyondan, hətta bildiyimə görə, burada 7 milyona yaxın əcnəbilər yaşayır. Bir xanım namizəd belə Qarabağa gizli səfər edib. Yəni öz seçicilərinin səsini toplamaq istəyir və lider mövqeyini ələ keçirməyə çalışır. Buna da nail olmuşdu və Emmanuel Makron xeyli dərəcədə geriyə düşmüşdü. Ancaq bu xarici siyasətdə son dövrdə həyata keçirdiyi fəallıq onu 3-cü yerdən 1-ci yerə qaldırdı. Yəni hazırda Emmanuel Makron namizədlər arasında sosial sorğuda birinci yeri tutur. Bu həm də seçki məsələsidir. Həm öz partiyasınında özünün liderliyini Fransada təmin etməsi və 7 il müddətində yenidən hakimiyyətdə olması üçün çalışmasının nəticəsidir. Bu çox ciddi bir mesajdır. Hesab edirəm ki, onun müəyyən qurulmuş münasibətləri var, buna görə də rahatlıqla siyasi fəallıq həyata keçirə bilir. Biz görürük ki, bu təkcə Qafqazla da bağlı deyil. Ukrayna məsələləri ilə bağlı Rusiya ilə birbaşa təmaslarını gördük. ABŞ ilə aktiv dialoq şəraitindədir. Eyni zamanda Türkiyə ilə çox ciddi toqquşmaları oldu. Bu Aralıq dənizi məsələsində də oldu. Yunanıstana açıq şəkildə dəstək olaraq, hətta silah-sursat belə verdi.
Göründüyü kimi bir növ əl-qol atır ki, özünün lider statusunu itirməsin. Buna görə də Fransa bu cür fəallıq içərisindədir. Amma mən güman edirəm ki, dünya dəyişir. Dünya dəyişdikcə isə Fransanın əhəmiyyəti əvvəlki kimi olmayacaq. Hesab edirəm ki, Fransanın fəallığı yavaş-yavaş azalacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB