Azərbaycan və yaratdığı reallıqlar qalib gəldi - TƏHLİL

Azərbaycan və yaratdığı reallıqlar qalib gəldi - TƏHLİL

Fevralın 4-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri arasında videoformatda keçirilən görüş bir sıra məsələlərə aydınlıq gətirir və bu baxımdan sözün həqiqi mənasında diqqətə layıqdir. Diqqəti çəkən ən vacib məqam isə ermənilərin hər zaman havadarı olan qüvvələrin reallıq qarşısında, məhz Azərbaycanın yaratdığı reallıq qarşısında təslim olmasıdır. Bir zamanlar erməni həyasızlığını müdafiə edən, separatçıların törətdikləri və törətməkdə olduqları “od-alovu” körükləyənlərin indi tamamilə fərqli mövqe sərgilədiyi görüş zamanı özünü dərhal biruzə verdi. Görüş zamanı qaldırılan mövzular və müzakirə edilən məsələlərin məzmununa baxanda açıq-aşkar görünür ki, videoformatda keçirilən görüş bu görüş, sanki 14 dekabr tarixində Brüssel danışıqlarında əldə olunan razılaşmalar üzrə işlərin gedişatının təftişi, eləcə də nəzarət xarakteri daşıyırdı.

Göründüyü kimi, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq bu dəfə də Minsk Qrupuna istinad yeri almayıb və Şarl Mişel, eləcə də Emmanuel Makronun birgə bəyanatı üzrə sənəddə də Minsk Qrupuna istinad yoxdur. Bu isə ondan xəbər verir ki, bir zamanlar mövcud olan Qarabağ məsələninin həllini, ən azından danışıqlarla nizama salınmasını üzərinə götürən, amma onillər boyu yuxuda olan bir qurum, Minsk Qrupu yada belə düşməyib. Əgər yada düşməyibsə, deməli, bu quruma, onun fəaliyyətinə ehtiyac belə duyulmur. Əslində, bu fakt özü bir sıra məqamları üzə çıxarır, lap dəqiq desək, məsələnin nə yerdə olduğunu da, necə yanaşıldığını da, Şarl Mişeli və Emannuel Makronun da nə mövqedə olduğunu ortaya qoyur.

Ələlxüsus, ermənipərəstliyi ilə seçilən Makron kimi birinin, erməni faktorunun təsirləri altında olan Fransa kimi dövlətin prezidentinin son mövqeyi, yəni görüş zamanı sərgilədiyi mövqe heç də əvvəlkilərlə üst-üstə düşmür və tamamilə fərqli olduğu görünür. Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı üzrə sənəddə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadənin belə olmaması bunu təsdiq edir. Məsələ burasındadır ki, görüş zamanı edilən müzakirələr, qaldırılan məsələlər Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxdığını, Minsk Qrupuna ehtiyac belə olmadığını göstərir və ən çox diqqəti çəkən də odur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa bu reallığı qəbul edir. Bəli, Azərbaycanın yaratdığı reallığı qəbul edir, bununla razılaşmaqdan başqa çıxış yolu görmür. Bir sözlə, Makron bir növ diz çökür və bu heç də təsadüfi deyil, Azərbaycanın yaratdığı reallığa görədir. Bu, Azərbaycanın, ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Diqqət çəkən daha bir, özü də ən həssas məqam isə Makronun, Fransa prezidentinin görüşə ümumiyyətlə, Minsk Qrupunun həmsədr ölkəsi kimi yox, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi qatılmasıdır. Yəni, Fransa məhz Makronun təmsilçiyi ilə bu görüşə əvvəlcədən elə bu məramda, sərgilədiyi mövqedə hazırlıqlı olub. Bir sözlə, bəlli olur ki, Fransa artıq çoxdandır ki, reallığı, ölkəmizin yaratdığı reallığı qəbul edib və görüşlərdə də bu reallığı qəbul edərək bundan sonra iştirak edəcək. Təbii ki, qeyd olunan erməni faktoruna, Fransada ermənilərin təsir dairəsinə, ən azından seçkilərə təsir etmək imkanına görə onların haqsız olan mövqeyini dəstəkləyən Makron kimi bir ölkə rəhbəri də bunun fərqindədir və indi diz çökməkdən başqa çıxış yolunun olmadığını görməkdədir.

Görəndə ki, bir zamanlar ermənilərin uydurduqları “status” deyilən həyasızlığa şərik olan Makron indi artıq münaqişə barədə danışmır, dərhal bir sual ortaya çıxdı ki, bu həmin o Makrondur, yoxsa yox? Şübhəsiz ki, Makron elə özüdür ki, var, həmin odur, amma vəziyyət həmin o vəziyyət deyil, onun ağlında, yaddaşında olan keçmişdə qalıb və yeni reallıqlar yaradılıb, özü də ölkəmiz tərəfindən. Bu halda da Makronun öz əvvəlki mövqeyində, erməni həyasızlığına şərik olmaq “məqamında” inad etməsi çox gülünc görünür, hansıki bunu Fransa prezidenti özü də yaxşıca anlayıb. Anlayıb ki, ermənilər bundan sonra nəyə isə nail ola bilməyəcəklər, buna Azərbaycan kimi qüdrətli dövlət imkan verməyəcək və onun özünün timsalında kimlərinsə həqiqəti, reallığı danması heç bir nəticə verən deyil. Nəticə uzaq başı haqsızları, həyasızlıqla yalanlar uyduranları dəstəkləyən biri kimi onun yadda qalmasını vəd edə bilər ki, bunu da Fransa prezidentinin arzulaya biləcəyi inandırıcı deyil. Döğrudur, Makron adı eşidilən kimi, erməni yalanlarının bir müdafiəçisi göz önünə gəlir, amma bu o demək deyil ki, istənilən halda Fransa prezidenti sinəsini qabağa verib çürük erməni ideologiyasını sona qədər dəstəkləyəcək. Görünən odur ki, Makron və onun timsalında bütün ermənipərəstlər yalançı, həyasız erməni oyunlarından beziblər və indi də bu oyunlardan kənarlaşmaqdadırlar. Amma ən çılpaq şəkildə görünən odur ki, Azərbaycan həqiqtələri qarşısında Makron kimi ermənipərəst diz çöküb, razılaşmaqdan başqa yolu qalmayıb. Bir sözlə Azərbaycanın yaratdığı reallıqlar ermənipərəstləri diz çökdürüb.

Ölkəmizin yaratdığı reallıqları dərk edənlər Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi ilə razılaşmalı olurlar və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri dəstəkləmək məcburiyyətindədirlər. Artıq sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması prosesinə kimsələrin maneçilik törədə bilməyəcəyini hər kəs, xüsusən də ermənipərəstlər belə dərk etməkdədirlər.

UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılığın ifadə olunması isə öz növbəsində illərdir erməni vandalizminin törətdiyi vəhşiliklərin nəticələrini beynəlxalq müstəviyə çıxarmaq və həllini tələb etmək üçün şəraitin yaranması deməkdir. Əslində, bu zamana qədər erməni vandallığını, vəhşiliyini görməməzlikdən gələnlərin, ermənilərin mədəni, tarixi abidələri dağıtmalarına göz yumanların artıq bundan sonra belə bir şansı da qalmır. Yəni, maddi-mədəniyyət abidələrinə vəhşi münasibət göstərən, bu abidələri dağıdan, yerlə yeksan edənlərin bu kimi əməllərini ört-basdır etmək bundan sonra ermənipərəstlərin özləri üçün də müşkülə çevrilir. UNESCO nümayəndələrinin Azərbaycana səfər edəcəyi və işğaldan azad olunmuş ərazilərdə erməni tərəfinin mədəniyyət abidələrinə vurduğu ziyanı müəyyənləşdirəcəyi təqdirdə, nə ermənilərin, nə də onların havadarlarının bunu təkzib etmək imkanları qalmayacaq. Hər şeydən öncə, ilk növbədə erməni vandalizmi beynəlxalq səviyyədə nümayiş etdiriləcək, tanınacaq. Bu zamana qədər özlərini “mədəni” göstərən ermənilərin əslində vəhşi bir toplum olduğu hamıya bəyan ediləcək. Heç şübhəsiz ki, bundan sonra da ermənilər özlərini mədəni göstərməyə çalışa bilərlər, buna həyasızlıqları şərait yarada bilər, amma buna kimsənin inanacağına artıq şərait yarana bilməz.

Göründüyü kimi, Cənubi Qafqazda sabitliyin tez bir zamanda təmin olunması Avropa üçün həyati əhəmiyyət kəsb etməyə başlayıb. Bunu videoformatda keçirilən görüşdə səsləndirilən fikirlər də təsdiqləyir və bu, Avropa İttifaqının prezidenti Şarl Mişel, eləcə də Fransa prezidenti Emmanuel Makronun dördlü görüşə dair bəyanatlarında da açıq şəkildə əksini tapıb. Məsələ burasındadır ki, Fransanın tutduğu hazırkı mövqe artıq ermənipərəstlik deyil, Avropa maraqlarının təmin olunmasına hesablanıb. Əks halda, Fransanın tənzimləmə prosesində fəal iştirakı ağlasığan deyildi. Bəli, reallıqlar göz önündədir və bunu biz gördüyümüz kimi Ermənistan tərəfi də görür, ermənilərin havadarları da. İndi bu reallıqları görməyənlər problemi öz baxışlarında axtarmalıdırlar, bilməlidirlər ki, Azərbaycan və yaratdığı reallıqlar qalib gəldi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə