"Bu, ordumuza dayaq, mənəvi ruh yüksəkliyi idi" -SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Bu, ordumuza dayaq, mənəvi ruh yüksəkliyi idi" -SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Gəncə Memorial Kompleksinin yaradılması barədə qərar çox böyük mənəvi, siyasi əhəmiyyət daşıyır". Bunu SİA-ya açıqlamasında Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, ilkin olaraq biz ermənilərin dinc vətəndaşları hədəf götürməsini Azərbaycan ictimaiyyətinə və beynəlxalq aləmə hər zaman bəyan etməliyik. Bu məsələ unudulmamalıdır. Çünki bu, bizim qonşuların hansı niyyətdə olduğunu açıq ortaya qoydu.

Mütəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Bu hadisənin tarixi yaddaşımıza köçürülməsi üçün hesab edirəm ki, bu memorial abidənin böyük əhəmiyyəti var. Prezident tərəfindən bu abidənin təməlinin atılması da bu məsələyə dövlətin diqqətinin göstəricisidir. Biz gələcək nəsillərə həmin bugünkü tariximizi daşıyırıq. Eyni zamanda, gələcək nəsillərə bir xəbərdarlıq missiyası da veririk. Bu, ondan ibarətdir ki, unutqanlıq olmaz. Biz mütləq qonşularımızı tanımalıyıq. Onların niyyəti heç də saf deyil. Fürsət olduğu təqdirdə, bizi arxamızdan vurmağa hazırdılar. Mənəvi tərəf ondan ibarətdir ki, biz soydaşlarımızın ölümünə heç vaxt biganə qala bilmərik. 44 günlük müharibədə həlak olan hər bir şəxs istər ön, istərsə də arxa cəbhədə olsun bizim üçün dəyərlidir. Məsələ bundan ibarətdir ki, Gəncə 44 günlük müharibədə daimi olaraq raket və top atəşinə məruz qalıb. Amma gəncəlilər öz şəhərini, evlərini tərk etməyib. Bu, özü də qəhrəmanlıqdır. Bu, ordumuza dayaq, mənəvi ruh yüksəkliyi idi. Ona görə də, biz orada həlak olan soydaşlarımızı bir qəhrəman kimi xatırlamalıyıq. Hərə öz əlindən gələn qədər müharibədə qələbəmizə töhfə verib. Bu töhfə də hər kəs tərəfindən qiymətləndirilməlidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə