Rəsulzadə həyata gözlərini yumarkən son sözü Azərbaycan olmuşdur - MÜNASİBƏT BİLDİRİLDİ
"23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixində şərəfli bir zirvədir. Təsəvvür edin ki, 23 ay fəaliyyət göstərən bu dövlət 350 ilkə imza atıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov bildirib.
Onun sözlərinə görə, müsəlman şərqində ilk cümhuriyyət, ilk parlament, ilk ordu, dil haqqında qanun, seçkilərdə qadın və kişi bərabərliyi, Bakı şəhərinin Azərbaycanın tarixində ilk dəfə olaraq paytaxta çevirilməsi, 1918-ci ildə türk müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı öyrənmək üçün Fövqəladə Tədqiqat Komissiyasının yaradılması, Osmanlı dövləti ilə müqavilə, Gürsüstanla müqavilə, İranla müqavilə, Avropa dövlətləri ilə danışıqlar və ən əsası Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycanın de-fakto tanınması, Azərbaycanın öz tarixində ilk dəfə olaraq beynəlxalq münasibətlər sistemində yer alması kimi ilklərə imza atmışdır: "Yəni kifayət qədər uğurlardan söhbət açmaq olar. Təbii ki, bu dövlətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə də müstəsna xidməti olan bir insan idi. Maraqlı bir nüansı qeyd etmək istərdim ki, 1918-ci ilin mayın 26-da gürcü nümayəndə heyəti Zaqafqaziya seyminin tərkibindən çıxıb Gürcüstanı müstəqil dövlət elan etdikdən sonra Azərbaycan və Ermənistan nümayəndə heyəti də seym dağılandan sonra may ayının 27-dən sonra müvəqqəti Milli Şura yaradıldı, yəni seymdə olan müsəlman fraksiyasının üzvləri Məhəmməd Əmin Rəsulzadə (O zaman Batumda danışıqlar aparırdı) Milli Şuranın işində iştirak edə bilməsə də qiyabi olaraq Şuranın sədri seçildi. Qafqazıstan ordusunun Azərbaycana gəlişində, Azərbaycanın Osmanlı dövləti tərəfindən müdafiə olunmasında, Batum sülh konfransında, Azərbaycanın haqq və hüquqlarının qorunmasında, bir sözlə bütün məsələrdə Məhəmməd Əmin Rəsulzadənin əvəzsiz xidməti olmuşdur. Təbii ki, 23 ay sonra Cümhuriyyət süqut etdikdən sonra da M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycanın milli demokratik ziyalıları istiqlal savaşını Azərbaycandan kənarda davam etdirdilər. İlk olaraq bu mübarizə Türkiyə Cümhuriyyətində sonra Polşada, Almaniyada davam etdirildi. Bütün bu illər ərzində M.Ə.Rəsulzadə nəyin bahasına olursa-olsun Azərbaycanın istiqlalı üçün son nəfəsinə qədər mübarizə apardı.
Rəsulzadə həyata gözlərini yumarkən son sözü Azərbaycan olmuşdur. Ümumiyyətlə 20-ci əsrin əvvəllərinin milli demokratik ziyalıları müsəlman şərqində ilk cümhuriyyəti yaratmaqla Azərbaycan xalqını dünya xalqlarının ön sıralarına çıxarda bildilər. Parlamentli respublika qurmaqla parlament Azərbaycan tarixinə nələri gətirə bildi? Ən nəhayət Azərbaycanda hakimiyyət bölgüsü yaradıldı - Qanunverici, icraedici və məhkəmə hakimiyyəti. Bu da təbii ki, 1918-1920-ci illərdə mövcud olan dövlətin xidməti idi və bu dövlətin idarə olunmasında da parlament fraksiyasının rəhbəri kimi Məhəmməd Əmin Rəsulzadənin də əvəzsiz xidmətləri olmuşdur.
138 il bundan əvvəl yanvar ayının 31-də dünyaya gələn bu şəxs Azərbaycanın istiqlalı üçün, Azərbaycanın xoş günləri üçün əlindən gələni etmişdir. Azərbaycan xalqı da, Azərbaycan hakimiyyəti də yəni Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra M.Ə.Rəsulzadənin ildönümü, yubileyləri ilə bağlı dövlət başçısı sərəncamlar imzalamış və Rəsulzadənin həyat və fəaliyyəti, mübarizəsi ilə bağlı kifayət qədər tədqiqat əsərləri var. Bu istiqamətdə işlər uğurla davam edir. Əminəm ki, vaxtı ilə Qarabağ üçün mübarizə aparan və 114 min kv.km-i Azərbaycanın tarixi torpağı kimi qoruyan cümhuriyyət hökumətinin ideaları bu gün də reallaşır. Çünki 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərkən özünü 1918-20-ci illərdə mövcud olan dövlətin siyasi varisi sayır və bu mənada da bu gün də Azərbaycan öz haqq işi uğrunda mübarizə aparır. Bu mübarizənin də ən bariz nümunəsi 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi idi. Bu müharibənin nəticəsində 30 ildən artıq düşmən işğalı altında qalmış torpaqlarımız işğaldan azad olundu. Bu gün bir tərəfdən Qafqaz evi “3+3” prinsipi, digər tərəfdən isə Zəngəzurun tarixi Azərbaycan olması və Azərbaycanın tarixi torpaqları ilə Naxçıvanın birləşdirilməsi son nəticədə bölgə dövlətlərinin inkişafı üçün bu ideyanın həyata keçirilməsi onu göstərir ki, müstəqil Azərbaycan 1918-1920-ci illərdə mövcud olan Azərbaycanın tarixi ənənələrini və tarixi arzularını gercəkləşdirmək üçün əlindən gələni edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB