Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda fəaliyyəti ilə tanınan və nüfuz qazanan Heydər Əliyev Fondu zəmanəmizin qabaqcıl və humanizm prinsiplərinə əsaslanan fəaliyyəti ilə beynəlxalq miqyasda böyük nüfuz qazanıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və məqsədyönlü fəalliyyəti nəticəsində Fond fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş, Bakıda bir sıra dövlətlərin iştirakı ilə möhtəşəm konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Mehriban xanım Əliyevanın peşəkarcasına fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmiz sözün əsl mənasında fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilir. Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Fondun fəaliyyəti dövründə həyata keçirilən genişmiqyaslı layihələr ictimai-mədəni, sosial həyatının yüksəldilməsi və inkişafı baxımından birmənalı olaraq çoxsaylı insanların həyat tərzində dönüş yaradıb. Bunların hər biri Fondun qısa zamanda məqsəd tək qarşıya qoyduğu amalın reallaşması nəticəsində baş tutub. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək, müasir dövrün tələblərinə və gələcəyin təminatı olan təhsilə, elmə böyük diqqət ayırmaq Fondun məqsədi olaraq özünü büruzə verir. Bu sırada məktəb binalarının tikintisi, bərpa və yenidən qurulması, dərsliklərlə təchizatı Fondun ana xətt kimi fəaliyyətində davamlı olaraq həyata keçirilir.
Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə 30-dan artıq uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Eyni zamanda, uşaq evləri və internat məktəblərində kitabxanalar yaradılmış, müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, bu müəssisələrin əksəriyyətində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Mehriban xanım Əliyeva öz qüvvəsini və fondun əməkdaşlarının səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə yönəltmişdir. Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllinə də məhz Mehriban Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur. Paytaxtdan başlayan və ilk növbədə qayğıya daha çox ehtiyacı olan, valideyn himayəsindən məhrum qız uşaqlarının mənzillə təmin olunmasını nəzərdə tutan layihənin icrası ölkəmizdə Mehriban Əliyevanın bu nəcib missiyanın nə qədər ali və müqəddəs olduğunu təsdiq etmişdir. Azərbaycanın Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
Fondun uğurla icra olunan layihələrindən biri "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı həm paytaxtımızda, həm bölgələrdə həyata keçirilir. Bu yeniləşmə təhsil sistemində özünü göstərir. Azərbaycanın gənc nəslini biliyə, müasir texnologiyalara, elmə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiya olunması prosesini gücləndirir.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində minlərlə şagirdin müasir standartlara cavab verən məktəblərdə təhsili almasına imkan yaradılmışdır.
Heydər Əliyev Fondunun layihəsi olan "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Fond bu layihə çərçivəsində Azərbaycanın bütün birinci sinif şagirdlərinə və Gürcüstandakı soydaşlarımızın təhsil aldığı məktəblərin birinci sinif şagirdlərinə yeni dərslik və tədris ləvazimatları hədiyyə edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni elmi-tədris mərkəzinin binası tikilmiş, əyani vəsaitlərlə təmin edilərək soydaşlarımızın istifadəsinə verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq son illər Azərbaycanda inşa olunan və təmir etdirilən ümumtəhsil məktəblərin sayı artmışdır. Bu layihə Azərbaycanın elə bir məkanı yoxdur ki, orada reallaşmasın. Ümumtəhsil məktəbləri üçün yeni binaların inşası və əsaslı təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi davam etməkdədir.
Reallaşan layihələrin davamı olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar insanların ümid və pənah yeri olan Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Müraciətlər araşdırılıb və 2020-2021-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub. Artıq belə müasir bir müəssisənin açılışı çətinlikləri arxada qoymuş oldu. Burada kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Kompleksin ərazisində 292 saylı tam orta məktəb tikilmişdir.
Binə qəsəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib. Burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə istifadəyə verilən bu məktəb gənc nəslin təlim-tərbiyəsində, yüksək elmi biliklər əldə etməsinə öz təsirin göstərəcəkdir.
Heydər Əliyev Fond tərəfindən reallaşan proqram və layihələrin nəticəsində Azərbaycanın təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilir. Bu yeniləşmə və nailiyyətlər Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın böyük xidmətlərinin təcəssümüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB