“44 günlük Vətən müharibəsində göstərdiyimiz birlik, həmrəylik müharibə zamanı dünyada necə dillər əzbəri oldusa, bütün məkirli qüvvələrin qarşısında tək bir fərd kimi sinəmizi qabağa verdiksə, bu gün də Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə əsas amalımızın torpaqlarımızı qısa müddət ərzində dirçəldərək doğma yurd-yuvalarımıza geri dönməkdən ibarət olduğunu sübut edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, sübut edilən bir digər fakt ondan ibarətdir ki, bu da dünyada cərəyan edən kompleks proseslər fonunda Zəfərimizin bütövlükdə Rusiya, Türkiyə, Ermənistan, İran, İsrail, Mərkəzi Asiya, Çin, ABŞ, Avropa İttifaqı və s. olmaqla demək olar ki, beynəlxalq münasibətlər sisteminin bütün aktorlarının qərar və addımlarında əsaslı dəyişikliyə səbəb olmasıdır: “Belə ki, Qarabağ məsələsi sanki düyün nöqtəsi idi. Bu düyünün açılması ilə əsaslı dəyişikliklərin şahidi oluruq. Ən əsası isə atdığımız addımlarla, cərəyan edən proseslərə verdiyimiz reaksiyalarla aydın nümayiş etdiririk ki, dünya xalqları arasında düşmənçiliyin əməkdaşlıq platformalarına çevrilməsi mümkündür. Dünya tarixində baş verən müharibələrin yekunlaşmasının müsbət amillərlə müşaiyət olunmadığı tendensiyasını tarix bir neçə dəfə sübut edib. Obrazlı şəkildə ifadə etsək qızğın müharibələr növbəsini soyuq müharibələrə ötürüb. Deməli, Azərbaycan xalqı yaratdığı reallıqla qurucu xalq olduğunu sadəcə öz ərazisində qurub-yaratmaqla göstərmir, həm də dünya diplomatiya tarixində də qurucu addımlar atan dövlət və xalq kimi xarakterizə olunur. Düşünürəm ki, 44 günlük Vətən müharibəsinin Azərbaycana qazandırmış olduğu ən önəmli məsələlərdən biri, bəlkə də birincisi məhz bu amildir ki, Azərbaycan proseslərin forma və məzmununa istiqamət vermək əzminə və reallığına sahibdir”.
Şəbnəm Həsənova vurğulayıb ki, qeyrətli Azərbaycan oğulları Qarabağda elə bir dastan yazdılar ki, bu, sadəcə Azərbaycan tarixinə düşmədi, bu gün dünya hərb tarixi dərsliklərində Şanlı Azərbaycan Ordusunun döyüş texnikasının öyrənilməsi bir reallıq və faktdır: “Diplomatiya dostları daha da yaxınlaşdırmaq, düşmənləri isə ən azından neytrallaşdırmaq sənətidir. Düşünürəm ki, hal-hazırda beynəlxalq münasibətlər sistemində mövcud olan bütün kompleks hadisələr fonunda dövlət başçımızın Azərbaycanın xarici siyasətində ardıcıl uğurlara imza atmasının ana sütununda məhz bu işi riyazi dəqiqliklə, təmkin və məharətlə yerinə yetirməsi dayanır. "Məğlubedilməz erməni ordusu'' mifini döyüş meydanında dağıtdıqsa, müharibə dövrü və bu günə qədər olan zaman çərçivəsində biz erməniçilik ideologiyasını, dənizdən-dənizə “Böyük Ermənistan” xülyasını, erməni diasporasının əsassız iddialarına həsr olunan cəhdlərini boşa çıxarırıq. Azərbaycanın qonşu dövlətlərlə apardığı konstruktiv siyasət, açar məsələlərin həllində göstərmiş olduğu qətiyyət bir daha hər bir tərəfi əmin etdi ki, yaradılmış reallıqdan kənar bir reallıq mövcud deyil. Bunun əksinə cəhd göstərilməsi bütövlükdə region üçün arzu olunmayan nəticələrlə yekunlaşa bilər, lakin qəbul edilərək gələcəyə doğru müsbət davam etdirilməsi bütün regiona sülh və fayda gətirəcək. Çünki Azərbaycanın yaratdığı reallıqlarda mənfi tendensiya yoxdur. Bu baxımdan da Azərbaycan ən ali səviyyədə hər zaman diqqətə çatdırır ki, biz müharibə istəmirik. Bəli, Dağlıq Qarabağın statusu məsələsi deyə bir şey birmənalı olaraq mövcud deyil. Bölgədə qalan erməniləri isə öz vətəndaşlarımız hesab edir, onların reinteqrasiyasında maraqlıyıq”.
O, həmçinin bildirib ki, Siyasət zərgər dəqiqliyi tələb edən, həm də mümkünsüz kimi görünən qərarları vaxtında və yerində qəbul etməyi sevən bir sənət növüdür: “Üzərimizdən məğlub xalq adını götürən cənab Prezident İlham Əliyevin zamanın nəbzini vaxtında tutması, dünənin işini bu gün və vaxtında həll etməsi ilə gələcək nəsillərə yarımçıq iş qoymadı. Müzəffər Ali Baş Komandan indiki gənc və gələcək nəsillərə elə bir missiya ötürdü ki, bu missiya boşluq yox, əsaslı sütunlar üzərində qurulmuş bir missiyadır. Bu missiya Müzəffər Ali Baş Komandan, dünya səviyyəli, nəhəng siyasətçi cənab İlham Əliyev tərəfindən yaradılmış Azərbaycanın mövcud müsbət imicinin regional və beynəlxalq kontekstdə daha da artırılmasıdır. Zəfərdən dərhal sonra onun dünya siyasi arenasında leqallaşdırılması, vaxt itirmədən bərpa-quruculuq işlərinin həyata keçirilməsi, şəhidlərin əziz xatirəsini uca tutmaq, onların ailəsinin daimi dövlət qayğısı ilə əhatə olunması, qazilərimizin sağlamlıqlarına qovuşması istiqamətində dövlətimizin bütün resurslarını səfərbər etməsi dövlət başçımızın hər bir azərbaycanlının Prezidenti olması reallığından xəbər verir. Yalnız dərin dövlətçilik ənənələrinə malik olan bir xalq tarixi missiyaları nəsildən-nəsilə ötürməyi bacarır. Bu baxımdan da Şuşanın işğaldan azad olunması xəbərini xalqa çatdırmadan öncə dövlət başçımızın Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməsi və "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!” tarixi sözləri dilə gətirməsi bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də sonda Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin arzularını dilə gətirmək, hər bir azərbaycanlıya iftixar hissi yaşadan o sözləri bir daha xatırlatmaq, düşünürəm ki, bir xalqın Vətən sevgisini, böyüklüyünü və əzmini dəqiq ifadə etmək baxımından ən düzgün sözlərdir: "Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB