Azərbaycan dünyanın elit turizm mərkəzidir TƏHLİL

Azərbaycan dünyanın elit turizm mərkəzidir TƏHLİL

Dünya təcrübəsi göstərir ki, turizm sənayesinin səviyyəsi, istirahətin təşkili üçün mövcud şəraitin olması turistlərin seçimində əsas amillərdəndir. Əlbəttə ki, ölkəmizdə bu sahənin inkişafı üçün görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni və s. olması turistlərin öz istirahətlərinin təşkilində mühüm rol oynayır. Ölkəmizdə turizmin mövsümiliyinin aradan qaldırılması, il boyu turizm imkanlarının və xidmətlərinin təqdim olunması, eləcə də qeyd etdiyimiz bu və digər amillər müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricilərdəndir. Azərbaycan iqtisadiyyatının strateji istiqaməti sayılan turizm sektorunda aparılan islahatlar davamlı xarakter aldı. Ölkəmizdə turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyətdədir. Ənənəni, yenilikləri, müasir dəbdəbə və qədimlik çalarlarını özündə birləşdirən otellər dünya standartlarına uyğun qurulub. "Excelsior Hotel Baku", "Kempinski Hotel-Badamdar", "Hilton Baku", "JW Marriott Abşeron", "Four Seasons Hotel Baku" və başqaları Azərbaycanın böyük turizm potensialına malik olduğunu təsdiqləməklə yanaşı, respublikamızın dünyanın elit turizm mərkəzlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynadı.

Turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən biri olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır.

BEYNƏLXALQ TURİZM BAZARINA İNTEQRASİYANIN TƏMİN OLUNMASININ ƏSASI QOYULDU

Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u da ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri - Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, yerli Maçi-Piçku və ya Qubanın Xınalıq kəndi, Talış dağları və s. turistlərdə böyük maraq doğuracaq məkanlardır. Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir. Azərbaycan-zərdüştlüyün yaşayan mədəni mərkəzi, müasir və qədim arxitekturanın vəhdəti, xarakterik Xəzər dənizi, keçmiş və gələcəyi özündə birləşdirən ölkə kimi hər kəsdə maraq doğurur. Buna əminlik dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqların ifadə etdiyi fikirlərində də yaranıb. Azərbaycanın səfalı guşələrində, Qəbələdə, Qusarda, Naftalanda və neçə-neçə belə yerlərdə son dövrlər aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr bu əraziləri daha da füsunkar etməklə yanaşı, insanların güzəranlarını da xeyli yaxşılaşdırıb. Turizm məkanlarında turizm obyektlərinin sayı xeyli artıb. Eyni zamanda, turizm-istirahət mərkəzləri dağ, çay, meşə zolaqları ilə əhatə olunur. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstdə konki meydançası, alpinizm məşğələləri və s. hər bir turistin maraq dairəsindədir. Əlbəttə ki, bu və digər amilləri sadalayarkən, adət-ənənələrimizi, milli mətbəximizi də qeyd etməliyik ki, məzuniyyətini Azərbaycanda keçirmək istəyində olanlar əminliklə vurğulayaq ki, movcud olanların hamısından yüksək zövq alacaqlar.

Onu da qeyd etməliyik ki, turizmin inkişafına dair dövlət proqramları da ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişafını təmin etmiş oldu. Ölkəmizdə turizmin inkişafına münbit şərait yaradıldı, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyuldu. Əlbəttə ki, ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyindən Azərbaycan turistlər üçün cəlbedici məkan olaraq diqqətdədir.

AZƏRBAYCANA 167 ÖLKƏDƏN 791,8 MİN TURİST GƏLİB

Son dövrdə "SOVİD-19" pandemiyası dünya ölkələrində olduğu kimi, Azərbaycanda da turizmin inkişafına təsirsiz ötüşmədi. Xatırladaq ki, 2019-cu ildə ölkəmizə 3 milyon 170 min turist gəlmişdi. Bir il ərizində xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləmişdilər ki, bu da böyük bir göstəricidir. Növbəti illərdə daha çox sayda turistin gələcəyi gözlənilirdisə, pandemiyanın dünyanı ağuşuna alması nəticəsində ilkin mərhələlərdə sərhədlər bağlanıldı və turistlərin səyahətinə qadağalar qoyuldu. Sonrakı mərhələlərdə müəyyən qadağaların aradan qaldırılması və yumşalmalar turistlərin bir çox ölkələrə, eləcə də Azərbaycana səfərinə imkan verdi. Statistik rəqəmlərə diqqət etsək görərik ki, yola saldığımız 2021-ci ildə Azərbaycana 167 ölkədən 791,8 min turist gəlib. Turistlərin 12,3 faizi dekabr ayında ölkəmizə gəlib. Ən az turist sayı isə yanvar və fevral aylarında müşahidə edilib. Turistlərin 32,6 faizi Rusiyanın payına düşüb. Türkiyədən gələnlər 25, iranlı turistlər isə 15,8 faiz təşkil edib. 2021-ci ildə Gürcüstandan Azərbaycana gələnlərin sayı kəskin azalma müşahidə olunub. Bu 7,9 faiz təşkil edir. Bu və ya digər statistik rəqəmlərdən aydın görünür ki, pandemiya ilə əlqədar olaraq ölkəmizə gələn turistlərin sayında azalma diqqəti çəkir.

AZƏRBAYCANIN TURİZM MƏKANLARININ COĞRAFİYASI DAHA DA GENİŞLƏNİR

Əlbəttə ki, pandemiya başa çatdıqdan sonra dünya ölkələrindən Azərbaycana turist axını daha güclənəcəkdir. Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir və dövlətin turizmə diqqəti və qayğısı bu sahənin gələcəkdə daha da inkişafına zəmin yaradıb.

İşğaldan azad olunan ərazilərimiz də tezliklə Cənubi Qafqazın ən gözəl turizm məkanı olaraq diqqəti cəlb edəcək. Ölkə rəhbərinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. Heç şübhəsiz ki, Azərbaycanın turizm məkanlarının coğrafiyası yaxın zamanlarda daha da genişlənəcək.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə